29.03.2024

Bakını təşviş bürüyüb, qurumlar isə yatır…

Azerbaijan

Çox qəribə, hətta gülməli vəziyyətdir: dövlət qurumlarına göndərdiyimiz sorğulara cavabları bir gündən sonra agentliklərdə tapırıq. Təhsil Nazirliyinə göndərdiyimiz yazılı suala cavabı bir, Dövlət Sərhəd Xidmətinə göndərdiyimiz sorğuya cavabı isə başqa agentlikdə oxuyuruq.

Dövlət qurumları, mətbuat xidmətlərinin rəhbərləri, bu necə işləməkdir? Xırda bir tənqidə təhəmmülünüz yoxdur. Haqqınızda iynənin ucu boyda tənqid yazılanda telefonlarımız susmur, yüz yerdən zəng etdirirsiniz, indi nə baş verir? Sualı biz vermişiksə, cavab niyə başqa media orqanına göndərilir?

Əməkdaşlarımız zəng edir, yazılı sual istəyirsiniz, sorğu göndərilməsini tələb edirsiniz. Bunun özü də absurddur: hansı əsrdə yaşayırıq? İnformasiyanın bu qədər sürətlə yayıldığı dönəmdə düşünmürsünüzmü ki, sizin rəsmi cavabınız gələnə qədər “yalan” ayaq açıb bütün sosial şəbəkələri və medianı bürüyür? Onlayn mediada saniyələrin belə rolu var, nəinki saatın. Siz isə cavab üçün sovetdənqalma “yazılı sorğu” və “bir neçə iş günü” müddəti təyin edirsiniz.

Rabitə Nazirliyinə sorğu vermişik ki, erməni radiosu Bakıda dinlənilir, azərbaycanca verilişləri və sosial şəbəkə hesabı sürətlə böyüyür. “Sorğu verin, 5 gün müddətində dəqiq və konkret cavab veriləcək”, — deyiblər.

5 gün sonra zəng edirik, məlum olur ki, “araşdırma davam edir…”

Dövlət qurumlarından informasiya almaq, informasiyanı təsdiq və ya inkar etdirmək, əlaqə qurmaq cəhənnəm əzabıdır. Sonra deməyin ki, filan xəbərdə aidiyyəti qurumun mövqeyi niyə yoxdur! Çünki bəzi mətbuat xidmətlərinin rəhbərləri özünə və peşəsinə hörmət etməyən şəxslərdir.

İrandan Azərbaycan vasitəsilə Gürcüstana gedən şəxsdə koronavirusun aşkarlanması ilə bağlı xəbərə Səhiyyə Nazirliyindən açıqlama almaq üçün səhər saat 9-dan etdiyimiz cəhdlər sadəcə, vaxt itkisidir. Sosial şəbəkələrdə artıq “qərar” verilib: Azərbaycan koronavirusla mübarizə aparmır, aparatlar yoxlamır, işləmir, batırıq, qırılırıq…

İnsanlar aləmi bir-birinə qatıb ki, niyə koronavirusa yoluxma Azərbaycanda aşkarlanmayıb. Digər ölkələrin mütəxəssislərinin cavablarını izləyirik, məsələ budur ki, virusun gizli dövrü var, yoluxandan dərhal sonra aşkarlanmaya bilər, özünü büruzə verməsi 6 saatdan 14 günədək sürə bilər. Bu xəbəri Səhiyyə Nazirliyinə təsdiqlədə bilmirik ki, təşvişin qarşısına rəsmi xəbərlə çıxaq!

Astarada virusla bağlı yoxlamaya götürülən vətəndaşlarımız xəstəxanadan video paylaşır: görüntülərdə xəstəxananın sanitar qovşağının işləmədiyi, qırılıb-töküldüyü, yataqların örtüksüz, çirkli olduğu var.

Bu görüntülərə baxış sayı yüzminləri aşır, amma rəsmi münasibəti öyrənə bilmirik dünəndən.

Aradan saatlar keçir və… Nə yaxşı İbadulla Ağayevi “Yeni Müsavat” efirinə çağırıbmış və heç olmasa, sualımızı ora yaza bilirik. Onun da qeyri-rəsmi cavabı gəlir.

Amma bu, cavab deyil – rəsmi cavab verilməlidir o xəstəxana haqda!

Gürcüstanla sərhəd məsələsinə rəsmi qurumlarımız gecədən bir cavab vermir, ancaq Gürcüstanın Bakıdakı səfirliyi dərhal sualımızı cavablandırır.

Buna nə ad vermək olar?/Axar.az/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: