19.03.2024

Mingəçevirdə publik hüquqi şəxs — veteran qarşıdurmasi davam edir…

Azərbaycan dövləti öz yükünü azaltmaq məqsədiylə publik hüquqi şəxslər yaratdı. Lakin Mingəçevir şəhər xəstəxanası publik hüquqi şəxsinin yaranandan təmasda olduğumuz üçün deyə bilərəm ki, bu islahat özünü doğrultmadyıb. Çünki qısa vaxtda publik hüquqi şəxs, daha çox özünü MMC kimi aparmağa başladı və müharibə əlili Teymur Qədirovun reseptini cırıb əlilinin başına vurmağa belə cəsarət etdi. Anladıq ki, publik hüquqi şəxs deyəsən ona verilən Nizamnamə öhdəliyini anlamayıb. Çünki orada bir mənalı şəkildə yazılıb: «1.2. Qurum öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, həmin Qurumun Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Qurum öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə (!!!), digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir».

Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları «Publik hüquqi şəxslər haqqında» Azərbaycan Respublikasının Qanunu (Qanun) ilə tənzimlənir. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Və bir də yazdıq ki, normal ağlı olan şəxs, nə jurnalistlərlə, nə də müharibə iştirakçıları ilə mübarizə aparmaz.

Və bu gün də yazmaqdayıq ki, ölkəni qanunlar idarə edir və bunun qarantı Ali Baş Komandan cənab İlham Əliyevdir, hər bir veteran, müharibə əlili onun əsgəridir.

AVMVİB Mingəçevir şəhər şöbəsi və onun üzvləri veteran təşkilatının ən fəal üzvləridir və təşkilatımızın onların hüquqlarını qoruması istiqamətində daim fədakarcasına çalışmaqdadır. Birinci dəfə müharibə əlili T. Qədirovun reseptinin cırılması ilə başlanan narazılığı biz unutsaq da, deyəsən Mingəçevir şəhər xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov heç unuda bilməyib. Öz vəzifə səlahiyyətlərindən istifadə edərək illərcə həmin xəstəxanada çalışan zərər çəkmiş müharibə əlilinin bacısını işindən uzaqlaşdırmış, qardaşı AVMVİB üzvü, müharibə veteranı, təcili yardımda sürücü işləyən Rəşid Qədirova da ögey münasibət sərgiləməkdədir. AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Natiq Həsənova qarşı apardığı qaralama kompaniyasını da unutduq. Lakin cənab direktorun hər vəchlə müharibə iştirakçılarına, onların müayinə edilməsinə, onların xəstəlik kağızlarına qarşı etinasızlıq etməsinə və onların vaxtlı -vaxtında müalicəsi üçün heç bir iş görməməsiylə bağlı faktlara 64 minlik bir təşklat olaraq göz yuma bilmərik. Bu məqsədlə AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovla əlaqə saxladıq. Sədr faktları təsdiqlədi və Könül Ələkbərovun bu xəstəxanaya təyinatından sonra veteranlara qarşı bir antipatiya ilə qarşıdurma yaratmağa çalışmasını anlaya bilmədiyini dedi. Bizimlə söhbətdə N. Həsənov bildirdi: «Rəşid Qədirov şöbənin fəal üzvlərindən biri kimi AVMVİB-nin təsis etdiyi xatirə medallarıyla təltif edilib. Şöbəmizdə ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. Xatırladım ki, xəstəxanaya yeni təcili yardım maşınları gətiriləndə imtiyazlı şəxslər olan müharibə veteranlasrına yeni maşınlar verilmədi. Məncə bu fakt onun biz veteranlara olan münasibətini xarakterizə etmək üçün yetərlidir. Bizimlə bu cür münasibətin olmasını H.Əliyev Fondunun əməkdaşarı da, Agentliyin də nümayəndələri də araşdırdılar və bizim haqlı olduğumuzu gördülər. Bu gün də müharibə veteranı Rəşid Qədirovun xəstəlik kağızının (bolniçniy) qəbul edilməməsinə görə xəstəxana rəhbərliyi ilə görüşmək üçün xəstəxanaya getdik. Bizi qəbul edən kadrlar şöbəsinin müdiri Bəhruz Kərimov, əsil oğru jestiylə, «biz o veteranın xəstəlik kağızına pul ödəməyəcəyik»-deyib bizi kabinetdən qovdu. Etiraz etdikdə isə bizi çıxarmaq üçün xəstəxananın mühafizəsini çağırdı. Mühafizənin rəisi Rəsul Məmmədov isə özünü qoçu kimi aparırdı. Hətta veteranları təhqir etməkdən belə çəkinmədi. Maraqlı odur ki, xəstəxanadan 40 peşəkar həkimi müxtəlif şantajlarla yola salan Könül Ələkbərov, 40-dan çox mühafizəçi saxlayır. Doğrusu bunun nədənini öyrənmək vacibdir. Sanki bu adam hansı dövlətləsə müharibəyə hazırlaşır. Bu gün hansısa yollarla kənar bölgədən gətirilərək bizim şəhərdə rəhbər vəzifə tapşırılan bu şəxs, hörmətli prezidentimizin xoş məramlı islahat cəhdinə ciddi kölgə salmaqla məşğuldur. Bu publik hüquqi şəxs statusunu «ailə podratı»na çevirib. Olayla bağlı aidiyyatlı orqanlara bu gün teleqramlar vurmuşuq. İnanırıq ki, Vətən uğrunda döyüşmüş insanlara qarşı allergiyası olan bu şəxsin əməlləri ciddi surətdə araşdırılmalıdır. Bu qədər də olmaz».

MİNGƏÇEVİRDƏ PUBLİK HÜQUQİ ŞƏXS - VETERAN QARŞIDURMASI DAVAM EDİR...

Müəssisə rəhbərliyinə bir veteran saytı kimi bəzi qanunları xatırladırıq və onlara bu qanunları tapıb oxumağı və ölkə rəhbərinin göstərişlərini dinləməyi tövsiyyə edirik. 1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsaslarını təsbit edən “Veteranlar haqqında” qanun qəbul edilib. Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirirdi. Ölkəmizdə Ulu Öndər H. Əliyev tərəfindən imzalanmış «Veteranlar haqqında» Respublika qanunu mövcuddur. Təkcə bu qanunun mövcudluğu veteranların imtiyazlı sosial təbəqə olduqlarını sübut üçün yetərlidir. Qanunla tanışlıq üçün bəzi maddələri sizlərin nəzərinə çatdırmağı, hələ ki, özümüzə borc bilirik (Veteranın əmək fəaliyyəti): «M a d d ə 9. Əmək fəaliyyətinin davam etdirilməsi Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər.

Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.

Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər».

Üzümüzü kadrlar şöbəsinin müdürü olan Bəhruz Kərimova tuturuq: «Bu qanunu yaxşı-yaxşı oxu. O veteranın pulunu verməyə borclusunuz! Sizləri ölkə başçısı bu işləri görmək üçün ora təyin edib».

Mövzuyla bağlı aidiyyatlı yuxarı orqanların mövqelərini dərc edəcəyik. 

Əsas vəzifəsi icbari tibbi sığorta sisteminin həyata keçirildiyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət etməkdən ibarət olan K.Ələkbərovun təyinatından sonra xəstəxanada əməlli-başlı özbaşınalıq baş alıb gedir. Bunun necə keçirilməsi isə daha geniş bir mövzudur.

Mövzuya isə qayıdacağıq…


Müəlliflər:

Azər Bayramov,
Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: