19.04.2024

Borçalı Qarapapaq Türk Cümhuriyyəti

Emin Ağa Acalov- Borçalı Qarapapaq Türk Cümhuriyyətinin Başçısı 1918, Cənub-Qərbi Qafqaz Türk Respublikasının Dövlət başçısı (1919).

Emin ağa Borçalı (Hacallı)

Ulu Türk yurdu olan Borçalının ən dahi şəxsiyyətlərindən biri olan Emin ağa Borçalı 1868-ci ildə Borçalının Kəpənəkçi kəndində Hacallı nəslində Ağa ailəsində anadan olmuşdur.Həmin illər Borçalı mahalı Rusiya İmperiyası işğalında idi və Qəza (Borchalinskiy uezd) statusunu almışdı.

Uşaqlığı və təhsili

Emin Ağanın uşaqlığı Kəpənəkçi kəndində şən və firavan keçib.Uşaqlıqda dini təhsil almış (4 il), «Qurani Kərim» və ərəb əlifbasını mükəmməl öyrənmişdir.Yeniyetmə çağlarında gimnaziya təhsili alaraq Rus dilini mükəmməl öyrənir.Sonra Ağbulaqda meşə Akademiyasını bitirir.Atasını erkən itirən Emin ağa gənc yaşlarından (17 yaşından) atasından qalan təsərrüfatı idarə edir. Rus ordusunun məşhur zabiti, rus türk savaşı zamanı çoxsaylı şücayət göstərən Səməd ağa Qasımov ( o sonralar rus ordusunda xidmət etməkdən imtina edib bir müddət qaçaqılıq edir və Türk ordusuna qoşulur ) Emin ağanı 7 yaşı olarkən at üzərində ayaqüstü at çapdığını görüb: «Bu uşqadan çox ağıllı adam çılxacaq» — sözünü işlədir.

Gənçliyi

Emin ağa çox mərd, namuslu və daima haqq ədalət tərəfdarı olduğundan el obada və kəndlilər arasında çox sevilirdi.Emin ağa Borçalıda Novruz bayramı zamanı gənclər arasında keçrilən at yarışı zamanı birinci yerə çıxdığına görə gənc Emin ağanı Zaqafqaziya Qubernatorunun yanına gətirirlər.Emin ağanın ağlına valeh olan Qubernator onu Telavi qəzasına –Xüsusi Tapşırıqlar üzrə məmur təyin edir.Emin ağa burada 1 il işlədikdən sonra öz istəyilə işindən ayrılaraq öz doğma obasına Borçalıya qayıdır. Emin ağanın bölgədə günü gündən artan nüfuzu bəzi paxıl insanlara rahatçılıq vermirdi.Onlar hər vəhlə Emin ağanı aradan götürmək istəyirdilər. Emin ağanı gözləri götürməyən 3 qardaş onu aradan götürmək üçün çox planlar cızırlar və ona tək olduğu vaxt hücum edirlər.Aldığı güllə yarasından özünü itirməyən Emin ağa qardaşların ikisini yaralayaraq üçüncüsünü öldürür.

Qaçaqlıq illəri

Çar hökuməti tərəfindən təqib olunan Emin ağa günahsız olduğunu başa sala bilməyəcəyini anlayıb istintaqdan qaçır və özündən asılı olmayan bir şəraitdə qaçaqılığa başlayır. Emin ağanın qaçaqılğa başladığını eşidən haqqı tapdalanan, Çar Rusiyası məmurlarının özbaşnalığına dözməyən Borçalı gəncləri dəstə dəstə Emin ağanın yanına gəlib onun dəstəsinə qoşulmaq arzusunda olduqlarını bildirirlər .Emin ağa onlardan yalnız 7 nəfərini seçərək qaçaqçılığa başlayır.Onlar Borçalı, Ahıska-Meshetia (Ahalkalaki, Bakuryani, Borjomi,) ,İrəvan quberniyası,Gürcüstan, Azərbaycan (Gəncəbasar), Türkiyə (Qars, İğdır, Ardahan, Ərzrum) və İran (Mərənd,Xoy) ərazilərində qaçaqçılıq edir, zalımlara qarşı amansız olur, məzlumların arxasında olurlar. Epizod: Günlərin bir günü Qars-Tiflis yolunda Emin ağanın dəstəsi bir furqon saxlayır.Furqonun içində yaşlı qadınla iki azyaşlı uşaq olduğu məlum olur.Aydın olur ki, qadın Rus İmperiyası məmurlarından mərhum Nijeqarodskayanın arvadı və uşaqlarıdır.Aydınlaşır ki, Nijeqarodskaya öldükdən sonra onun ailəsi çox müflüzləşmiş indi onun arvadı atasız qalmış uşaqlarını gimnaziyaya – internata düzəltmək üçün Tiflisə gedir.Qaçaqlar düşünür ki, Emin ağa düşməninin arvadının bütün pullarını əlindən alacaq.Lakin qadının göz yaşlarına dayana bilməyən Emin ağa cibindəki son 70 manatını çıxararaq furqondakı qadına verir.

Bir neçə il qaçaqlıq edən Emin ağa ədalətliliyi ilə ad çıxaran Knyaz Tarxanovun Borçalı mahalına pristav təyin olunmasından sonra zamin müqabilində məhkəmə qərarı ilə əfv olunur.
Sonrakı həyatı

Emin ağa yenicə firavan həyat yaşamağa başlamışdı ki, öz nişanlısını qaçırdığına görə şikayət edilir və 1898-ci il aprelin 18-də Tiflis məhkəmə palatası tərəfindən bütün hüquq və imtiyazları əlindən alınmaq şərti ilə Həştərxana sürgünə göndərilməsi qərara alınır. Emin ağa günahsız olduğunu, nişanlısının öz xoşluğu ilə qaçırdığını pristava bildirsə də bunun xeyri olmur. Hökmün icrası vaxtı yaxınlaşdıqda Emin ağa ailəsi ilə birgə Türkiyəyə qaçmağı planlaşdırdığı bir vaxtda Borçalıda çox mühüm bir hadisə baş verdi. Çar Rusiyasının Borçalı gənclərindən ibarət ikinci müsəlman alay komandanı , Rus-Yapon müharibəsi zamanı böyük şücayətlər göstərib Georgi medalı alan Astan ağa yaxın dostu Borçalının məşhur insanlarından olan Halay bəylə birgə Borçalıda Rus ipmerialistlərinin öz başnalığından bezərək onlara qarşı çıxır.Onlar çoxsaylı Rus qoşunlarına qalib gəlməyin mümkünsüz olduğunu anlayaraq öz dayaqlarını möhkəmlətmək üçün öz dəstələri ilə Türkiyəyə keçməyi qərara alırlar .Yolüstü onlar Çar dövlətinin Knyazı Orbeliyaninin mülkünü talayaraq dövlət ordusuna məxsus olan 40 seçmə döyüş atını özlərilə aparırlar.Bu hadisədən şoka düşən Qubernator Qolitsin nəyin bahasına olursa-olsun ordu atlarının geri qaytarılmasını tələb edir və bu işi Qafqazın idarə edilməsində yenicə təyin olunan Alixan Avarskiyə həvalə edir. Alixan Avarski bu işin öhdəsindən gələ biləcək adam axtarışına çıxır və atları geri gətirənə çoxlu mükafat vəd edir.Lakin heç kəs Astan ağa və Halay bəyin apardığı atları geri gətirməyə boyun olmur. Bu hadisədən xəbər tutan Emin ağa Avarskiyə yaxınlaşaraq atları geri gətirə biləcəyini lakin bu işin müqabilində tam azadlığını istədiyini bildirir. Avarski Emin ağanın ismarıcnı Qubernatora çatdırır və Qubernator atlar müqabilində Emin ağanı əfv edəcəyinə söz verir. İki nökərlə yola düşən Emin ağa səfərinin 25-ci günündə Astan ağa və Halay bəyi Ərzrum ətrafında tapır. Astan ağa və Halay bəy köhnə dostlarını görüncə çox sevinir, onun gəlişinə bir öküzü qurban kəsirlər. Məclisin qızğın yerində Emin ağa onlara başına gələnləri anladır və atları aparmalı olduğunu deyir. Ağalar arasında kiçik mübahisə düşür.

Halay bəy: «Emin ağa səni güllələyib sənin başını Qolitsinə göndərəcəm ki, anlasın mənim apardığım atları necə geri qaytarmaq olar!»
Emin ağa: «Mən Tiflisə ya atları, ya da sizin başlarınızı aparacağam!»
Emin ağanın bu mərdliyini və qorxmazlığını görən ağalar atları Emin ağaya təhvil verib onu yola salırlar. Atlarla yola düzələn Emin ağa min bir əziyyətlə, yollarda qaçaq-quldurlarla vuruşa-vuruşa atları sağ salamat Tiflisə çatdırır. Atları Qubernatora təhvil verib azad olacağını güman etsə də onu bir ay həbs cəzasına məhkum edirlər.Həbsdən azad olduqdan sonra doğma kəndi Kəpənəkçiyə qayıdan Emin ağa 1905-ci ilə kimi burada yaşayır.

Siyası fəaliyyəti

1905-1907-ci illər inqilabı zamanı Azərbaycanda olduğu kimi Borçalıda da ermənilərlə-Azərbaycan Türkləri arasında milli münqaişə baş verir.Tiflisin Hallovar , Meydan məhəllələrində və Şulaverdə savaşlar daha gərgin vəziyyət alır. İlk öncə Emin ağanın məqsədi münaqişəni sakitləşdirmək olur. Lakin ermənilərin get-gedə azğınlaşdığını görən Emin ağa silaha sarılaraq Borçalı igidləri Abdallı kor İsmayıl, İsrafil ağa, Astan ağa, Darvazlı Mehralı, Çöyrə oğlu Qara və s. igidlərlə birlikdə Tiflisdə, Yekatrinfilddə, Xaçında və Şulaverdə xeyli sayda erməni quldurlarını qətlə yetirir. 1907-ci ildə Ruslar Borçalıya ordu yeridib burada hərbi vəziyyət yaradırlar.Bu rejim 1912-ci ilə kimi davam edir. Bu vəziətdə Emin ağanın yaxın dostu Borçalının digər məşhur qaçağı Abdallı kor İsmayıl onunla birgə qaçaqçılığa başlamağa , digər dostu keçmiş qaçaq sonra isə Osmanlı ordusunun minbaşısı Darvazlı Mehralı Paşa isə onu Osmanlı ordusunda xidmətə çağırır.Emin ağa hər iki təklidfən imtina edərək Borçalıda qalacağını bildirir.

1912-1917-ci illər arasında Rusiyada vətəndaş müharibəsi getdiyindən rus höküməti Borçalını xüsusi nəzarət altında saxlayır və Borçalıda çoxsaylı ordu saxlayırdı.

17 dekabr 1917-ci ildə ermənilər qəfildən Borçalıya hücum edirlər. Sadaxlı, Ləmbəli, Dəmyə Gorarxlı, Saral, Ağammədli və s. kəndlərdə savaş daha şiddətli idi.Emin ağanın da iştirak etdiyi savaşda Borçalılar ermənilərə böyük itki verdirib geri oturtdular.Həmin ilin 30 dekabrında Borçalının dağ Borçalı adlanan hissəsi Loru, Pəmbək və Cəlaloğlu Rus hakimiyyəti tərəfindən neytral zonaya çevrilir və bir il sonra Ermenistana verilir. 1916-1917 ci illər arasında Emin ağa Yekatrinfilddə (indiki Bolnisi) məskunlaşmış Almanlarla üç dəfə vuruşması olur və hər dəfədə onları darmadağın edir. 1917-ci ildə Nəriman Nərimanovu (əsərlərində Borçalı bəylərini tənqid etdiyinə görə), 1918-ci ildə isə Tiflisdə Fətəli xan Xoyskini ölümdən xilas edir.

Borçalı Qarapapaq Türk Cumhuriyyəti, Qars İslam Cumhuriyyəti ( Cənub-Qərbi Qafqaz Türk Cumhuriyyəti )

1917-ci ilin sonları 1918-ci ilin əvvəlləri bir çox xalqlar Rus İmperiyası əsarətindən canını qurtarıb öz müstəqilliklərini elan etməyə çalışırdılar.

İlk olaraq 1917-ci ildə Krım Tatarları öz müstəqilliklərini elan edirlər.Ardınca isə Ahıska (Mesheti) Türkləri öz muxtariyyətlərini qurduqlarını elan edirlər.Azərbaycan, Gürcüstan və ermənənistan (əslində ermenilər tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığının yerində Rusların köməyi ilə öz dövlətlərini qurdular) öz milli müstəqilliklərini elan etməyə hazırlaşdıqları bir varxtda Borçalılar da azadlığa çıxmaq istədiklərini açıq aydın dilə gətirirlər. 1917-ci ilin dekabrında Emin ağa, Borçalı Xeyriyyə cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə, Borçalının həm sünnü (Yusif əfəndi Allahyarzadə), həm şiə (Şeyx Məhəmməd Əli) qazıları ilə birgə Borçalı Qarapapaq Türk Cumhuriyyətinin yarandığını rəsmən imzalayırlar. XX yüzilliyin əvvəllərində sahəsi 6057 kv.km olan Borçalının ərazisi 4360 kv.km olur.

1918-ci ildə Alman hərbi hissələri Gürcüstana yerləşdirir.
1918-ci il mayın 26-sı Gürcüstan, 28-i isə Azərbaycan öz müstəqillliyini elan edirlər.1918-ci il mayın əvvəlində Azərbaycana yardıma gələn Osmanlı ordusunun paşaları Nuru və Ənvər Paşaları Cəlaloğlunda qarşılayıb onları Qazağa qədər ötürən Emin ağa onlar vasitəsilə Osmanlı sultanı Abdüləzizə, daha sonra isə Azərbaycan dövlətinə müraciət ünvanlayaraq onlardan yardım istəyir.Təəssüf ki, Borçalılar istədikləri yardımı ala bilmirlər. Bir müddət sonra Osmanlı paşası 9-cu Ordu Komandanı Yaqub Şevqi Paşa 5 Noyabr 1918’də Qarsda Emin ağa ilə görüşür və ona hər cür dəstək verəcəyinə söz verir.

Beləliklə erməni və gürcülərin, Alman və İngilislərin köməyi ilə gücləndiyini görən Emin ağa Borçalı Qarapapaq Türk Cumhuriyyəti adından 30 noyabr 1918-ci ildə Qarsda Ahıska Hökümətinin (paytaxtı Ahılkələk) başçısı Osman Sərvər Atabəy və Araz Cumhuriyyətinin (paytaxtı İğdır) başçısı Əmir bəy ilə görüşərek birləşmək qərarına gəlirlər. Dövlət federasiya şəklində olub “ Qars İslam Cümhuriyyəti ” adlanmağa başlayır. Dövlətin sədri (Prezidenti) Emin ağa Borçalı seçilir ( O həmdə Maarif Naziri idi).Onun yardımçısı Sarıqamışlı Piroğlu Fəxrəddin bəy seçildi. Onlar ilk öncə Batumdan Naxçıvanadək uzanan sahədə şöbələrini açırlar. Xalqı silahlandıraraq, erməni və gürcü hücumlarına qarşı qorumağa çalışırlar.
Qars Milli Şurası ikinci kongresi 30 Noyabr 1918-ci ildə toplanır. Kongres Ordubad, Naxçıvan, Qəmərli, Sürməli, Sərdarabad, Şurəgəl, Ahılkələk, Ahısqa və Əlviyyə-i Səlasə’dən gələn 60 nümayəndənin iştirakıyla açılır. Kongresin 2-ci və 3-cü günlərində 10 nümayəndənin də əlavə iştirakıyla bu say 70-ə çıxır. «Milli İslam Şurası Mərkəz-i Ümumiyyəsi» adıyla yerli bir hökümət (Nazirlər Kabineti) də Kəpənəkçi Emin Ağa başqanlığında qurulur.Beləliklə

Baş Nazir – İbrahim bəy Cahangir,
Ərzaq Naziri — Yusif Yusifoğlu,
Ədliyyə Naziri — Abbasəli Alibey,
Maliyyə Naziri — Məmməd bəy Soltanov,
Daxili İşlər Naziri — Rza bəy,
Xarici işlər Naziri — Fahreddin bəy.
Emin Ağa Qarsda ilk Türk Müdafiə-i Hüquq Təşəkkülünün rəisi olaraq təmsilçilərin seçimlərində imza səlahiyyətinə sahib idi. Hal-hazırda Osmanlı arxivində Emin Ağanın imzası sənədlər, bəlgələr qorunmaqdadır.

Emin ağa dövlətin xarici dövlətlər tərəfindən tanınması üçün əlindən gələni əsirgəmirdi.Onlar qonşu dövlətlərə teleqramlar göndərib onlardan kömək və rəsmən tanınmalarını istəyirdilər.

8 Dekabr 1918 tarixində “ Qars İslam Cumhuriyyəti ” adından Qars-İstanbul-Tokyo (Yaponiya) xətti ilə vurulan (Fransızca) teleqramlardan birinin surəti belədir :

Hörmətli Yaponiya İmperatoru Həzrətlərinə !
Asiya Asiyalılarındır davasının ələmdarı sifəti ilə Sizə müraciət edirik ki, Kars İslam Hökumətinin mövcudiyyəti siyasətini tanınmasında müzahirətinizə mazhariyyəti bir Asiyalı olaraq rica edirik ! 18 Dekabr 1918 miladi.

“ Qars İslam Cumhuriyyəti ” Sədri Emin Borçalı.
1918-ci il dekabrın 7-də Borçalıda və Ahılkelek-Ahıska da ermeni-gürcü dəstələri azğınlaşaraq türklərə (azərbaycanlılarla ahıskalılara) hücum edir. Qanlı savaşların gücləndiyi bir vaxtda Emin ağa Şövkət Paşa və İzzət Əfəndi ilə Borçalıya dönür.
Emin ağa, Borçalı sakinləri həm Rus əsgərləri həm Borçalıda məskunlaşan almanlarla həmdə erməni gürcü dəstələrilə münaqişə apardığını görüb tez bir zamanda Borçalı gənclərindən ibarət Milli Şura yaradaraq düşmənlərlə ölüm dirim savaşına başlayır.Borçalının bütün say seçmə oğulları bu cihad müharibəsində iştirak edirlər.Borçalılar çoxlu şəhid verir.Bu döyüşlər zamanı yaşı 50-ni keçməsinə baxmayaraq Emin ağa döyüşlərdə böyük şücayətlə vuruşurdu.Belə savaşların birndə Emin ağanın yaxın dostu Astan ağa qəhrəmancasına şəhid olur, digər bir dostu Abdallı kor İsmayıl isə ağır yaralanır.Bundan bərk qəzəblənən Emin ağa gecə 40 igid döyüşçü ilə ermənilərin düşərgəsinə hücum edərək onların 200 döyüşçüsünü qətlə yetirir.Borçalı Milli Şurasının döyüşçüləri Yekatrinfilddə (İndiki Bolnisi) almanları darmadağın edir, ermənləri isə böyük itkilər verdirərək geri otuzdurur. 1919-cu il yanvarında dövlətin növbəti qurultayında dövlətin adı dəyişilərək “ Cənubi-Qərbi Türk Respublikası “ olur.Dövlətin ərazisi 40 min kv. km. əhalisinin sayı isə 1.8 mln. Ordunun sayı 3 000 dən 8 000 ə artırılır. Dövlətin daxilinə Qars, Ərdahan, İğdır, Naxçıvan, Borçalı, Ahıska, Ağbaba, Amasya, Batum vilayətləri daxil idi. Hökümətin 18 bənddən ibarət konstitusyası,12 nazirlər kabineti, 131 millət vəkili, gerbi və üzərində ay ulduz olan yaşıl, qırmızı rəngli bayrağı təsdiq olunmuşdu. Rəsmi dövlət dili Türk dili idi.

Emin Ağa məsləkdaşları Cahangiroğlu İbrahim Bəy və Sami Bəylə bərabər yaratdıqları dövlətin dayaqlarını gücləndirmək və genişləndirmək üçün xalqı erməni və gürcü təhlükələri qarşısında birlik və bərabərliyə çağırır və bu amacla Naxçıvana doğru hərəkət edir, yol boyu dövlətin qəbul etdiyi qərarları oxuyurlar və Araz çayı boyunca yeni şöbələr açırlar. Dövlətin günü-gündən güclənməsi İngilisləri çox narahat edirdi.Onlar bölgədə güclü bir Türk dövlətinin yaranmasını istəmirdilər.Beləcə 1919-cu il 13 aprel İngilis qoşunları Qarsı işğal edərək Cənubi-Qərbi Qafqaz Türk Respublikasının varlığına son qoydular.Dövlət başçıları həbs olunub Maltaya sürgün olundular. Dönəmin Azərbaycan Xalq Cumhuriyyətinin Baş Naziri olan Fətəli Xan Xoyski Emin ağanın ona zamanında etdiyi yaxşılıqları unutmayaraq müttəfiqləri olduğu İngilislərdən onu sürgündən xilas edib, cəzasını vətəni Borçalıya yaxın Tiflis həbsxanasında çəkməsinə nail olur. Beləliklə, Borçalı Paris konfransından sonra Azərbaycanla Gürcüstan arasında mübahisəli torpağa çevilsədə 1920-cu ildə Stalinin təkidi ilə Gürcüstana verilir. Bir müddət Metex qalasında cəza çəkən Emin ağa oradan qaçaraq gecə həbsxana rəisinin evinə gələrək ona deyir: «Görürsənki azadlıqadayam, mən asanlıqla can verən deyiləm.İstəyirsiz məni təkrar həbs edin, istəyirsiz buraxın.» Emin ağanın bu şücayətini görən rəis ona – «səni bir şərtlə buraxaram ki, Tiflisdən çıxasan» — deyir. Bundan sonra Emin ağa Qazağa gəlir və ömrünün sonuna qədər burada yaşayır.O, 1937-ci ildə vəfat edir.Onun qəbri Qazağın Qarapapaqlar kəndindədir.

Ədəbi fəaliyyəti

Emin Ağa sadəcə toplumsal fəaliyyətlərlə kifayətlənməmiş, eyni zamanda Borçalının mədəniyyət və ədəbiyyat ortamında özünü təsdiqləmişdi. Gözəl saz çalıb oxuyurmuş, şeirlər qoşurmuş.

Qeyd: Gürcüstan Dövlət Muzeyində Emin Ağanın təqdim etdiyi «Borçalı Qadınının Geyimi» adlı etnoqrafik eksponat qorunmaqdadır .

Emin Ağa’nın 1912 ilində Tiflisdə Azərbaycan dilində yayımlanmış «ﻥﺎﻳﻭﺍ ،ﯼﺪﺴﺑ» / «Bəsdi, Oyan!» kitabı onun ədəbi yaradıcılığının əyani göstəricisidir.

Kitabın üz səhifəsi:

!ﻥﻳﻭﺍ ،ﯼﺪﺴﺑ / Bəsdi, Oyan! ﻪﻳﺎﮑﺣ ﯽﻠﻣ / milli hekayə ﺮﻌﺷ / şeir

ﯼﺮﻴﺷﺎﻧ ﻭ ﻒﻟﺆﻣ / müəllif və naşiri:
ﻑﻮﻴﻠﻋ ﯽﺟﺎﺣ ﺎﻏﺍ ﻦﻴﻣﺍ / Emin Ağа Hacı Alıyev ﻚﭙﻗ ۱۵ :ﯽﺘﻤﻴﻗ / Qiyməti: 15 qəpik. ﯼﺪﻧﻮﻟﻭﺍ ﭖﺎﭼ ﻩﺪﻨﺳﻪﻌﺒﻄﻣ «ﻕﺮﺷ» ﻩﺪﺴﻴﻠﻔﺗ / Tiflis’də «Şərq» mətbəəsində çаp olundu. ۱۹۱۲ ﯼﺩﻼﻴﻣ ﺔﻨﺳ ٭ ۱۳۳۰ ﯼﺮﺠﻫ ﺔﻨﺳ / Sənə hicri 1330. Sənə milаdi 1912

Kitabın və əsərin yazarca «Bəsdi, Oyan!» adlandırılması və milli hekayə olaraq tanıdılması rastgələ deyildi. 20-ci yüzilin başlarında «Bəsdi», «Oyan», «Millət», «Qeyrət», «Hürriyyət» kimi çağırış ünləmli kəlmələrin ədəbiyyatımızda, öncəliklə də, şeirdə sıx-sıx işlənilməsinə dəstək olaraq, Emin Ağa Hacallı da Borçalıda «Bəsdi, Oyan!» ünləmini (nidasını) kitab, əsər başlığı seçməklə ulusu cəhalətdən qurtulmağa səsləmişdi.

Önsözdə oxuyuruq: «Hər kəsin borcudur, əlindən gəldiği qədər hər növ ilə olmuş olsa, bəşərə, ələlhüsus, öz millətinə kömək eləsin. Nə fayda ki, əcdadlarımız bizi naşı qoymuşlar, məramımızı ifadə etməyə dil və qələmimiz yoxdur. Bununla belə, millətimizin bugünkü halına baxanda insan sakit dura bilmir, odur ki, bəndeyi-hakir də bu balaca kitabçayı yazıb nəşrinə iqdam etdim…»

Mənzum hekayənin olay örgüsündə Borçalı gənci Fərhadın başına gələnlər dilə gətirilir. O, on yaşında elmə yiyələnməyi fəhm qılır, ana-atasından rica edir ki, onu oxutsunlar. Atası Mahmud oğlunun bu sözlərini cin, şeytan sözü qəbul edir, əsəbiləşir, onu evdən qovur. Fərhad meşədə elm qədri bilən, zəngin bir ovcuya rast gəlir. Rəşid adında bu ovcunın övladı yoxuymuş, Fərhadı oğulluğa götürür, mal-mülkünün yarısını ona vasiyyət edir, onu oxumağa həvəsləndirir. Fərhad gimnazya bitirib həkimlik öyrənmək üçün Paris’ə gedir. Paris’də yeddi il oxuyub, fənnə kamil olur. Orada bir milyonçu xəstəyə şəfa verir, pul qazanır. Bu aşamada Rəşid də ağır xəstələnir, Fərhad məmləkətə dönür, Rəşid’in dərdinə əlaç tapır, üç gündən sonra Rəşid ayağa qalxır. Fərhad’ın gəlişinə qurbanlar kəsilir, məclis qurulur. Mahmud da xanımı Fatma ilə məclisə gəlir. On səkkiz illik ata-oğul, ana-oğul həsrəti sona çatır.

Əsərin sonunda «ﻢﻳەﺪﻨﻤﻠﻌﺗ ﯽﻟﺎﭼﺭﻮﺑ» / «Borçalı təlimindəyəm» deyə Borçalının anılmasıyla məzmun Borçalı gerçəkliyinə bağlanır.

Qəhrəman Fərhad dövrünün elmə, təhsilə meyilli gənçliyinin təmsilçisidir:

Ay atacan, çək zəhməti, oxuyum, olum adam,
Nə üçün yaranmışıq, dünyadan bir şey dadam.
Oxusam mən səbəb ollam bağlı qapı açmağa,
Bu qaranlıq heyməmizə ləl, gövhər saçmağa.
vəya:

Eşidin, ay islamlar, elmsiz şəxs adam deyil,
Gözü var, görməz heç şey, özü də xoş qədəm deyil.
Atın bu boş fikirləri siz, yürüyək elmə sarı,
İnsana fərzdir üç şey: elm, ədəb, peşə barı.
Buyurmuş Həzrəti Rəsul: «Mən mat fi taləp-əl elm şəhid» —
Hər kəs elmin uğrunda ölürsə, olacak şəhid…
vəya:

Bilin və eşidin, millət, elm lazımdır bizlərə, — söyləyir.

Əsərdə rəğbət doğuran ikinci xarakter — Rəşid Əmi elmin, elm dalınca gedən gənclərin himayəçisidir. Fərhad elmin açarının Rəşid Əmi kimi əşrəflər əlində olduğunu sayqıyla bildirir, yetişdiyi dərəcəyə görə ən öncə ona təşəkkür edir:

Məni girdabi-gəflətdən götürən gəmiyə sənsən, Bu qədər çıraq işığı yetirən hər kəsə sənsən.

Borçalı balasının elm, təhsil üçün Parisə getməsi Avropa mədəniyyətini təqdirdən irəli gəlmişdi.

«Bəsdi, Oyan!» əsəri aşağıdakı misralarla tamamlanır:

Xudaya, saxla yazanı, oxuyub dinləyəni,
Borçalı təlimindəyəm, yazardım bundan iyi yəni.
Emin, dua et subhi şam, sənin də Fərhad’ın bulsun,
Tək elmdən bir şey çıxmaz, elm ilə ağlı da olsun.

Mənbə:

Şurəddin Məmmədli, Mustafa Tanrıverdi: Kars İslam Şurası’nın İlk Reisi Borçalılı Kepenekçi Emin Ağa / Sosyal Bilimler Enstitüsü Dergisi, Kafkas Üniversitesi, 2: 165–180, Kars 2008 Şurəddin Məmmədli: Prezident Kepenekçi Emin Ağa / Ulu Türk Yurdu Borçalı Sitesi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: