28.03.2024

QHT təmsilçiləri Şuşaya səfər ediblər

Sentyabrın 12-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə QHT təmsilçiləri iştirak edirlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinın (AVMVİB) sədri Füzuli Rzaquliyev də bu ziyarətçilər arasında Şuşaya gedib.

Sonra tarixi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid — Yuxarı Gövhərağa məscidi ziyarət edilib. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminə məruz qalıb . Məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Nümayəndə heyəti Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrinə, inzibati və yaşayış binalarına baxıblar.

Daha sonra Şuşa şəhərinin tarixi mərkəzində yerləşən Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrindən biri olan Mehmandarovların malikanə kompleksinə, habelə Qazançı kilsəsində aparılan təmir-bərpa işlərinə baxış keçirilib.

Şuşa şəhərində aparılan abadlıq, quruculuq işləri nümayəndə heyətinin üzvlərində xoş təəssüratlar oyadıb.

QHT təmsilçilərini müşayiət edən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev səfərin əhəmiyyəti barədə məlumat verib. Qeyd edilib ki, iki gün ərzində ümumilikdə 300-ə yaxın QHT nümayəndəsinin Şuşaya səfəri planlaşdırılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: