21.11.2024

701-in uğur qazandığı Meydançay əməliyyatı

1993 — cü ilin qışı (dekabr). 5-ci tabor baş leytenant Gəray Əsədovun komandanlığı altında Murovdağdakı Güzgü aşırımının sağ cinahından-Koroğlu dağı tərəfdən keçərək düşmən arxasına doğru hərəkət edirdi. Tabor gecənin qaranlığında qarla örtülmüş Murov dağının yamacları ilə və dərələrlə hərəkət edərək, düşmənin duyuq düşməsinə imkan vermədən Meydançayın sağ sahilindəki qayalıqda mövqe tutmalı idi. Tağım komandiri İbad Vəliyev kəlbəcərlilərdən ibarət 33 nəfərlik tağımı ilə qabaqda irəliləyirdi. Onun qarşısına çox çətin və həm də şərəfli bir tapşırıq qoyulmuşdu…

İbad əvvəllər çox döyüşlərdə olmuşdu. Lakin indiki qədər təhlükəli və çətin əməliyyata getməmişdi. Qalın qarla örtülmüş dərədən keçəndə arxadan ona yaxınlaşan qardaşı Asifi gördü və təəccübləndi. Axı o, Asifi evdə qoyub gəlmişdi. Evdən çıxanda qardaşı Asif də onunla döyüşə getmək istədiyini bildirmiş, lakin İbadı razı sala bilməmişdi: “Mən gedirəm, sən qal evdəki qocalara muğayat ol”- demişdi. O, qardaşına tapşırmışdı ki, ata-anasına həyan olsun. İbad Asifə tərəf dönərək onu məzəmmətedici baxışlarla süzdü, amma döyüşçülər yanında heç nə demədi. Ürəyində isə “Döyüşün nə olduğunu sənə göstərərəm!”- dedi. Onlar Meydançay dərəsinin sağ tərəfindəki qayalıqlara çatanda İbad tabor komandirinə və bölük komandiri bərdəli Rizvana həmin qayalıqlarda mövqe tutmaq lazım olduğunu bildirdi. Meydançay dərəsi ay və qar işığında aydın görünməsə də, dağların kölgəsi aydın görünürdü. Döyüşçülər hər qayanın, hər daşın və ya təpənin arxasından hər an düşmənin çıxmasından ehtiyat edərək, son dərəcə səssizliyə riayət edirdilər.

Tamamilə səssizlik idi. Meydançaya yaxınlaşanda, İbad burdan o yana, yalnız, öz tağımı ilə gedəcəyini bildirdi, komandir isə etiraz etmədi. Tabor yolun qərbindəki dağda mövqe tutdu. İbad və silahdaşları ehtiyatla üstü buz bağlamış çayın kənarına endi. O, burada dayandı və özüylə dörd nəfəri-Vilayəti, Rəfini, Səfiyarı, və Mübarizi götürəcəyini bildirdi. Tağımın digər əsgərlərinin onları qorumaları üçün burada mövqe tutmalarını tapşırdı. Çaylağa çatdıqda iri daşların arxasında mövqe tutdular və ətrafı dinləməyə başladılar: tam sakitlik idi. İbad onları orada qoyub təkbaşına üç ədəd tank əleyhinə mina götürüb əyilə-əyilə çayı keçib yola yaxınlaşmağa başladı. Döyüş yoldaşlarımdan xeyli aralanmışdı. Mümkün qədər səs salmadan minaları basdırmaq üçün yolu qazmağa başladı. Torpaq donduğundan qazmaq çətin idi. Birtəhər yeri qazıb minaların üçünü də basdırdı. Sonra onların üstünə torpaq və qar tökdü. Ətrafa qulaq asdı; səssizlik idi.

701 in uğur qazandığı Meydançay Əməliyyatı

Geriyə-yoldaşlarının yanına qayıtmağa başladı. Çayı keçib yamacla qalxmaq istəyərkən ayağı nəyəsə ilişdi və özünü saxlaya bilməyərək, üzü üstə qarın içinə yıxıldı və daşların arasına yumalandı. Daşlara dəyən avtomatın və istehkamçı belinin cingiltiləri dərənin səssizliyini pozdu. O qalxıb əvvəlcə ətrafa qulaq asdı. Səsə-küyə düşmənin duyuq düşüb-düşmədiyini yəqinləşdirmək istədi. Lakin, yenidən dərəyə səssizlik çökmüşdü. Dizləri daşlara dəydiyindən bərk ağrıyırdı, yəqin ki, yaralanmışdı…

Əvvəlcə silahını axtarıb tapdı. Sonra isə ayağına ilişən məftili tapdı. Sən demə bu düşmənin rabitə xətti imiş: Yanşaq kəndindən Murovdağdakı düşmən mövqelərinə doğru çəkilmişdi. İbad mümkün qədər səs salmadan xətti bir daşın üstünə qoyub əlinə götürdüyü daşla kəsdi. Qalxıb yavaş-yavaş döyüşçü dostlarının yanına qalxdı. Döyüşçü yoldaşları onu səbirsizliklə gözləyirdilər. Onlar komandirin sağ-salamat qayıtmağına sevindilər.

İbad yuxarı komandanlığa məlumat verdi: -“Koroğlu” “Koroğlu”-mən “İbad”am-qəbul. -“İbad” “İbad” -mən “Koroğlu”-yam, eşidirəm. -“Tapşırıq yerinə yetirildi, əmrinizi gözləyirəm”. -“ İbad” sizi başa düşdüm, orada gözləyin, heç hara tərpənməyin. Həm Murova qalxan yeganə yol minalanmış, həm də düşmənin Yanşaq kəndi ilə Murovdağ mövqeləri arasındakı telefon xətti kəsilmişdi. Yuxarı komandanlıqdan onlara yerlərindən tərpənməməyi tapşırdılar. Əsgərlər konserv açıb yeməyə başladılar. Qayanın yanında qarın üzərində uzanmış tağım komandirini isə çoxdan yuxu tutmuşdu…

Artıq səhər açılmaq üzrə idi. Qəfildən başlayan döyüş dağı-daşı lərzəyə gətirdi. Topların, qumbaraların, avtomat və pulemyotların səsindən qulaq tutulurdu. Səhərə yaxın artilleriya hazırlığından sonra bizimkilər Güzgü və Ömər aşırımlarından ermənilərin mövqelərinə hücuma keçdilər. Amma, orada-Murovdağda nə baş verdiyindən 5-ci tabor döyüşçülərinin xəbəri yox idi. Buradan heç nə görünmədiyindən onlar, ancaq topların dağı-daşı silkələyən səslərinə qulaq asırdılar. Ağ geyimdə qarın içərisində uzanmış tağımın əsgərləri şaxtadan donmaq dərəcəsinə çatmışdılar. Yuxarı komandanlıqdan isə qəti olaraq bildirirdilər ki, orada gözləsinlər, tərpənməsinlər. Bir saatdan çox idi ki, döyüş başlamışdı. Artıq səhər açılmış, günəş şüaları döyüşçüləri az da olsa isitməyə başlayırdı. Meydançay dərəsi buradan aydın görünürdü.

Dərədə kəşfiyyatçıların verdiyi məlumatın əksinə olaraq nə düşmənin ehtiyat qüvvəsi var idi, nə də bir düşmən əsgəri gözə dəyirdi. İbad qardaşı Asifi, Aydınov Rəfini, Elxanı, Səfiyarı, Zabili, İlahimi, Şahini, Nurunu, Səxavəti, Firudini, Əsgəri,Vilayəti, Mübarizi, pulemyotçu Sərxanı, qumbaraatan Şahvələdi götürüb yenidən Meydançay dərəsinə endilər. Yavaş-yavaş “İbrahimin damı” adlanan tək evə yaxınlaşmağa başladılar. Evdə heç kəs yox idi. Murova qalxan yeganə yol “tək ev”in yanından keçirdi. Taborun digər döyüşçüləri isə Meydançayın sağ tərəfindəki yüksəklikdə-mövqe tutduqları yerdən onları izləyirdilər. Həm yorulmuş, həm də ac idilər. Tək evə girən döyüşçülər konserv açıb quru spirtlə isidərək yemək yedilər və özləri ilə gətirdikləri spirtdən bir az da içdilər. Artıq gün xeyli qalxmış, Murovdakı döyüşdən isə bir xəbər yox idi. İbad pəncərədən çölə-üzü aşağı Meydançay dərəsinə baxırdı. Aşağıda Yanşaq kəndinin mal-qara fermaları görünürdü. Elə bu zaman tağım komandiri beş-altı yüz metr aşağıdakı yol döngəsindən bir dəstə erməninin onlara tərəf qalxdığını gördü. Onlar 15 nəfər idilər. Ermənilərin 9 nəfəri yol ilə, 6 nəfəri isə qarlı dərə ilə telefon kabelindən tuta-tuta Meydançay boyunca yuxarı qalxırdılar. Yəqin ki, onlar kabelin harada sıradan çıxdığını bilmək istəyirdilər. Ibad əli ilə döyüşçülərə evdən çıxmamaq və sakit olmaq işarəsi verdi.

701 in uğur qazandığı Meydançay Əməliyyatı

Hamı silahlarını hazır vəziyyətə gətirərək evin döşəməsinə tərəf əyilərək gözləyirdi. Ermənilər əvvəlcə tək evdən bir qədər aşağıda İbadın gecə yola basdırdığı minaları tapıb zərərsizləşdirdilər. Onlar minaların üçünü də çıxarıb yolun üstünə qoydular. Ermənilərin digər dəstəsi isə telefon xəttinin kəsilmiş yerini tapdılar və onu bərpa etməyə başladılar. Düşmən yəqin etmişdi ki, Azərbaycan kəşfiyyatçıları tərəfindən gecə kabel kəsilmiş, yol minalanmış, sonra onlar çəkilib getmişlər. Onlar heç vaxt ağıllarına gətirməzdilər ki, bizimkilər onların bir neçə addımlığndadırlar. Artıq düşmən əsgərləri bizimkilərin gizləndiyi tək evin 30-40 metrliyinə qədər yaxınlaşmışdılar. İbad əvvəlcə erməniləri əsir götürmək istədiyini işarə ilə yoldaşlarına başa saldı. Lakin, qəflətən hövsələsiz döyüşçülərdən biri evdən bayıra tullanaraq düşmənə tərəf qışqırıb təslim olmalarını əmr etdi. Ermənilər çaş-baş qalaraq hərə bir tərəfə qaçdı və eyni vaxtda onu atəşə tutdular.

Artıq vaxt itirmək olmazdı; tağım komandiri düşməni atəşə tutmaq əmri verdi. Bizimkilərin açdığı atəşlə düşmən əsgərləri bir-bir yerə sərilməyə başladılar. Onların sağ qalanları isə çaylaqla üzü aşağı qaçmağa başladılar. Lakin qaçanların da bir neçəsi döyüşçülərimizin atəşi ilə bir-bir qarın üstünə yıxılırdılar. Qayalıqdakı taborun döyüşçüləri də öz atəşləri ilə tağıma dəstək verirdilər. Bir neçə dəqiqə ərzində düşmən əsgərlərinin on nəfəri məhv edildi. Lakin, qaçanlardan sağ qalmış tək bir erməni snayperi xeyli aşağıda-çay dərəsindəki daşların arxasında gizlənərək tağımın döyüşçülərinə atəş açır, onları hərəkət etməyə qoymurdu. Bu vəziyyəti görən Aydınov Rəfi “Mən ermənini görürəm”-deyərək yamacla aşağı enərək qayaların, daşların arası ilə erməniyə tərəf gedirdi. İbadın “geriyə qayıt” qışqırtısına isə əhəmiyyət vermirdi. Rəfi demək olar ki, gizlənmədən, qaça-qaça erməniyə tərəf gedirdi. Bu bizim döyüşçülərin erməni üzərinə qorxmadan getdiyi çoxsaylı hadisələrdən biri idi. Rəfi ilə düşmən arasında məsafə getdikcə qısalırdı. Ibad düşmən snayperini atəş altında saxlamaqda davam edirdi. Düşmənlə Rəfinin arasındakı məsafə 15-20 metr olardı. Rəfi iri bir daşın arxasından qəflətən açdığı atəşlə düşmən snayperini susdurdu. O, gizləndiyi yerdən çıxaraq öldürdüyü düşmənə yaxınlaşmağa başladı. Elə bu vaxt başqa bir daşın arxasında gizlənmiş bir yaralı erməni üç-dörd metrlikdən Rəfiyə atəş açdı. Rəfi qarla örtülmüş daşların arasına yıxıldı. Bizimkilərin atdığı güllələrlə düşmən susdurulsa da artıq gec idi. Döyüş yoldaşları Rəfinin yıxıldığı yerə yaxınlaşanda o, gözlərini əbədi olaraq yummuşdu…

701 in uğur qazandığı Meydançay Əməliyyatı

…Üç saatdan çox idi ki, Murovdağda amansız döyüş gedirdi. Taborun döyüşçüləri qaçan və köməyə gələcək düşməni Meydançayda qarşılamalı idi. Ermənilər bizimkilərin burada olmağını bilmirdilər. Amma, nə Murovdağdan qaçan düşmən gözə dəyirdi, nə də Yanşaqdan köməyə gələcək düşmən. Birdən Murovdağdan mövqelərini tərk edərək dərələrlə üzü aşağı, onlara tərəf qaçan düşmənlər görünməyə başladı. Onlar İbad və onun tağımının 80-100 metrliyində idilər. İbadgil onları bir qədər də yaxına buraxdı. Düşməni atəşə tutmağa tələsən döyüşçü dostlarını tələsməyə qoymadı. Ermənilər bir qədər də yaxınlaşdıqda İbadın gülləsi qabaqdakı ermənini yerə sərdi. Qaçan ermənilərdən dördü elə orada öldürüldü, iki erməni isə silahlarını yerə ataraq əllərini qaldırdılar. Ermənilərdən biri isə qayıdıb Murova doğru qaçdı… Döyüş qurtarmaq üzrə idi. Elə bu zaman Murovdağdan qaçan piyada ermənilərin arxasınca bir döyüş maşını da ağ bayraq qaldıraraq tək evə yaxınlaşmağa başladı. PDM-in üstündə 15-16 nəfər düşmən əsgəri var idi. Bizim döyüşçülər onların təslim olduqlarını zənn edib mövqelərini tərk edərək düşmən maşınına tərəf getməyə başladılar. İbad döyüşçülərə qışqıraraq “yaxınlaşmayın”-dedi.

O, döyüş təcrübəsindən bilirdi ki, ermənilər hər cür fırıldağa əl ata bilərlər. Ona görə də düşmənə yaxnlaşmamağı lazım bildi və ermənilərə tərəf qışqıraraq təslim olmalarını tələb etdi. Elə bu zaman qəflətən düşmən PDM-dən onlara tərəf dalbadal atəş açıldı və PDM böyük sürətlə yerindən götürlüb yolla üzü aşağı hərəkətə başladı. Bir neçə saniyənin içərisində baş verən bu hadisə döyüşçüləri çaş-baş salsa da onlar çaylaqda özlərinə mövqe seçməyə macal tapdılar və düşmən maşınını atəşə tutdular. Düşmən PDM-i onların lap yaxınlığından keçirdi. Tağımın döyüşçüləri düşmən əsgərlərini bir-bir PDM-dən yerə salmağa başladılar. Şahvələdin qumbaraatanla atdığı mərmi PDM-in üstündəki ermənilərin sonuncularını yerə töksə də maşına dəyərək çovudu. Onlardan bir qədər aralanmış PDM qəflətən dayandı və lüləsini geri döndərərək döyüşçülərimizi güclü atəşə tutdu. Gizlənməyə yer tapa bilməyən döyüşçülər özlərini yenidən xırda daşların arxasına yıxdılar. Bu döyüş bir qədər də davam etsəydi, döyüşçülərimiz itkiyə məruz qalacaqdı. Bu zaman Murovdağ silsiləsindən düşməni tamamilə qovaraq döyüşü uğurla başa çatdıran briqadanın tankları və minaatanları düşmən maşınına atəş açdılar. Murovdağdan atılan mərmilər PDM-i məhv edə bilməsə də onun ətrafına düşməyə başladı. Bunu görən düşmən maşını atəş aça-aça Yanşaq kəndinə doğru hərəkət edərək gözdən itdi.


Mənbə : Kalbajar. com #GizliFAYL

701 in uğur qazandığı Meydançay Əməliyyatı
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: