21.11.2024

Öz siyasi maraqlarına görə həqiqətlərə göz yuman beynəlxalq qüvvələr

Doğrudan da, beynəlxalq münasibətlər sistemində “ikili standartlar” siyasətinin hökmranlığı təəssüf doğurur. İkili standartlar siyasətin beynəlxalq riyakarlığın təcəssümüdür. Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti Co Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür.


Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir. Sözügedən məsələ üzrə beynəlxalq arbitr rolunu öz üzərinə götürən ABŞ obyektiv olmalıdır. Bu cür bəyanatların məqsədi əgər tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və araşdırma bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Rəsmi Ankara məhz bu mövqedən çıxış edərək öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb. Tarixi hadisələrin qiymətləndirilməsində mütləq obyektiv mövqedən çıxış edilməlidir. 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir. Sifarişli siyasi məqsədlərə xidmət edən bəyanatlar beynəlxalq münasibətlər sisteminin dayanıqlı inkişafı üçün təhdid yarada bilər. Bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdləri qəbuledilməzdir. ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatı tarixi həqiqətlərin təhrifidir. Telefon danışığı zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Bu cür bəyanatlar qərəzli xarakter daşıyır və konkret ölkələrin siyasi maraqlarına xidmət edir. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar dayanıqlı sülhə təhdid törədir. Dünya tarixi daha bir beynəlxalq riyakarlıq nümunəsi ilə “zənginləşdi”.

Qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir. ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur. Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir.

Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.


Saxtakarlıq və fitnəkarlıq üzərində qurulmuş Ermənistanın məkrli siyasəti hər yerdə öz çirkinliyi ilə ciddi şəkildə biruzə verir. Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Rəsmi İrəvanın məkrli siyasəti hələ də dünyada yayılmaqdadır. Bu cür addımların arxasında Ermənistana təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin onlara verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir. Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilib. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin təzahürü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür.


Əlbəttə ki, iki qardaş ölkənin vahid mövqeyi bizə düşmən olan dövlətlər tərəfindən qısqanclıqla qarşılanır. İki qardaş dövlətin başçıları bütün məsələlərdə olduğu kimi, bu dəfə də ABŞ Prezidentinin məlum bəyanatına qarşı eyni mövqedən çıxış ediblər. Aprelin 24-də Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatını qınayıblar. Azərbaycanın mövqeyi konkret və birmənalıdır. Türkiyə Prezidenti ilə telefon danışığı zamanı bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Azərbaycan-Türkiyə qardaşlığı bütün sınaqlardan inamla və üzüağ çıxıb. Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Əlbəttə ki, həmişə Türkiyə Prezidenti dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da öz növbəsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Qardaş Türkiyəyə dəstək naminə Azərbaycanda növbəti dəfə siyasi həmrəylik nümunəsi yaşandı.

Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində məsələ ilə bağlı birgə bəyanat imzalayaraq, hər zaman qardaş Türkiyənin yanında olduqlarını və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini bəyan etmişlər. Siyasi partiyaların sözügedən bəyanatı Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq müstəvidə qurulduğunun növbəti sübutu və “İki dövlət bir millət” prinsipinin təcəssümüdür!..

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan-Türkiyə qardaşlığına!. Allah cəmi şəhidlərimizə rəhmət etsin!

Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Allah, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevi qorusun!!!…

Mübariz Mirzə oğlu Mirzaliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Xəzər rayon şöbəsinin sədr müavini BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: