03.12.2024

AVMVİB müharibə veteranlarının Ramazan bayramını təbrik etdi

AVMVİB Rəhbərliyi veteranlar üçün iftar süfrəsi açdı. Mübarək günlə bağlı dualar oxundu, şəhidlərimiz yad edildi və torpaqlarımızın azad edilməsi arzuları dilə gətirildi.

Mərasimdə çıxış edən AVMVİB sədri Füzuli Rzaquliyev Azərbaycan xalqını, o cümlədən şəhid ailələrini və müharibə veteranlarını bu müqəddəs gün münasibətiylə təbrik edərək dedi: «Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Xalqımız mübarək Ramazan ayını, hər il olduğu kimi, bu il də könül xoşluğu ilə qarşılayır. Veteranlarımız da bayram sevinclərini bölüşür, dövlətimizin rifahı və tərəqqisi üçün dualar edirlər, şəhidlərimizin ölməz ruhuna dualar oxuyurlar. İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bizə şah damarımızdan da yaxın olan Allah Qarabağ toirpaqlarının azad edilməsini görməyi bu müqəddəs günlərin xatirinə hər birimizə qismət eləsin. Qarabağ nisgiliylə dünyadan köçən döyüşçü qardaşlarımıza və şəhid qardaşlarımıza bir daha rəhmətlər diləyir və oruc tutan veteranlarımızı ürəkdən təbrik edirəm.

Allah orucunuzu qəbul etsin!»

Mərasimdə AVMVİB sədrinin müavinləri-Kamil Şirinov, Vahid Abdurəhmanov, Abbas Hüseynov, NTK sədri Niyazi Quliyev, Mətbuat Xidmətinin rəhbəri X. Ədəboğlu və rayon şöbəsinin sədrləri, müharibə vetyeranları iştirak edirdilər.

Azər Bayram

AVMVİB MÜHARİBƏ VETERANLARININ RAMAZAN BAYRAMINI TƏBRİK ETDİ
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: