BSU əməkdaşı, Veteran.az saytının redaktoru bir sıra xarici ali məktəblərin beynəlxalq sertifikatlarına layiq görülüb
Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının müəllimi Nurlan Məmmədov dünyanın bir sıra nüfuzlu universitetlərinin ixtisasartırma və təkmilləşdirmə proqramlarında uğurla iştirak edib.
Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib. Bildirilib ki, dünyanın ən böyük distant təhsil platformalarından biri olan “edX” üzərindən pedaqoji məzmunlu dərslərdə iştirak edən N.Məmmədov tədris proqramını uğurla başa vuraraq Harvard Universitetinin müvafiq sertifikatını əldə edib.
Digər distant təhsil platforması olan “Coursera”da xüsusi sillabus və akademik saatlara malik tam tədris proqramlarını müvəffəqiyyətlə bitirən N.Məmmədov London Universitetinin “İbtidai təhsildə İKT-nin tətbiqi”, İllinoys Universitetinin (ABŞ) “Pedaqogikada yeni prinsiplər və modellər”, Uesleyan Universitetinin (ABŞ) “Sosial psixologiya”, Miçiqan Universitetinin “Sosial iş praktikası” üzrə kurslarını da tam həcmdə başa vuraraq beynəlxalq sertifikatlar qazanıb. Eyni zamanda, BSU-da doktorantura təhsili alan N.Məmmədov Rusiya Federasiyasının Tomsk Dövlət Universitetinin və Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin dərslərini yüksək göstəricilərlə başa vuraraq fərqlənmə nişanlı beynəlxalq sertifikatlara layiq görülüb. Bundan əlavə o, kibertəhlükəsizlik, sosial media, marketinq və İKT sahələrində dünyanın aparıcı korporasiyalarından olan “IBM”, “Facebook” və “Google” tərəfindən də müvafiq sertifikatlar əldə edib.
Nurlan Məmmədov “Elektron universitet” layihəsi çərçivəsində beynəlxalq təcrübədə və informasiya texnologiyaları sahəsində tətbiqi aktual əhəmiyyət kəsb edən mövzular üzrə təşkil olunan treninqlərə universitetin əməkdaşlarının cəlb ediməsinə dair BSU-nun rektoru, professor Nurlana Əliyevanın təşəbbüsü ilə xüsusi seminar və treninq proqramları üzərində çalışdığını söyləyib. O, daim universitetin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasını, işgüzar keyfiyyətlərinin yüksəldilməsini diqqətdə saxlayan, bu istiqamətdə gənclərə daim dəstək olan, pandemiya şəraitinə baxmayaraq, bu mövzuda bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən BSU-nun rəhbərliyinə təşəkkürünü bildirib.
P.S. AVMVİB Mətbuat Xidmətindən verilən məlumata görə, Nurlan Məmmədli, həm də Veteran.az saytının redaktoru kimi AVMVİB könüllülərinin tərkibində 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuş və arxa cəbhədə fəaliyyət göstərmişdir. AVMVİB Rəhbərliyi adından Nurlan Məmmədlini təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Türkay Xaqan