22.11.2024

Şəhid xanımının bu paylaşımı hamını təsirləndirdi…

Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənovanın inşaat mağazasından aldığı alətlər üçün ödədiyi pulu satıcı geri qaytararaq paketin içinə «yoldaşınız pulu ödəyib, qızım» qeydini qoyub.


Əzizə Həsənovanın bu barədə sosial şəbəkə hesabında paylaşımı hər kəsi təsirləndirib.


Sfera.az saytı şəhid xanımının qeydlərini təqdim edir:

«Farizimin yeri hər yerdə qəlbimi sarsıda-sarsıda görünür. Bu gün evdə bəzi görülməsi lazım olan işlər var idi. Bunun üçün də lazım olan avadanlığı almaq üçün xırdavat mağazasına getməli oldum. Ora da ən çox kişilər gedir axı, qadınlar iki halda gedir ora, ya yoldaşı ilə nə isə seçmək üçün gedir, ya da mənim kimi çarəsiz halda, evin kişisi də, qadını da mənəm deyib, məcbur olur kişi işlərini görmək üçün lazım olan əşyaları gedib alsın. Nəysə, getdim mağazaya, qapını açdım içəri daxil oldum. İçəridə bir yaşlı qadın var idi, yoldaşı ilə işıqlara baxırdılar, seçirdilər, qalanları kişilər idi. Hərə bir ustayla gəlib, siyahı gətirib, nə lazımdı deyirlər satıcıya, o da təşkil edir. Satıcı da 60 yaşlarında ağsaqqal bir dayı idi, yanında da köməkçisi 18-20 yaş aralığında bir oğlan uşağı. Nəysə, növbə mənə çatdı, «buyur, qızım nə lazımdı?» deyə satıcı məndən soruşdu.


«Dayı, mənə evdə iş görmək üçün bəzi alətlər lazımdı» dedim və davam elədim, «çəkic, silikon kley tapançası ilə, kəlbətin, mismar və s…» — lazım olanları dedim. Dayı onları yığdıqca üzümə baxırdı,  diqqətlə nəsə məyus bir formada, Ödənişin nə qədər edəcəyini soruşdum, məbləği dedi, pulu ödəyəndən sonra dayı mənə söylədi ki, «qızım, olar sənə bir sual verim?», dedim «buyur, dayı”.


«Bunları nə üçün alırsan, mismarın ölçüsü olur, silikon kley verdim sənə, amma nə yapışdırmaq üçün lazımdı? Yəqin evdə yoldaşın iş görür, o bilər mismarın ölçüsünü, yəni ona görə deyirəm ki, səhv olmasın, əziyyət çəkib geri qaytarma bir də… zəng vur soruş, mən də bilim sənə nə verirəm».
Dayı məni vadar edirdi ki, zəng vurum bu dünyada olmayan yoldaşıma. Nə edim, necə deyim ona ki, mənim yoldaşım bu dünyada deyil, ağsaqqal, evin kişisi də qadını da özüməm, yoxsa mən nə gəzirdim burda..? 


Qürurum imkan vermədi ki, ona deyim yoldaşım yoxdu, Şəhid olub, bütün öhdəlikləri mənim çiyinlərimə buraxıb, bütün işi özüm görürəm. 


Yalandan telefonu qulağıma tutdum, guya ki, zəng edib soruşuram. Yaxşı ki, mismarın ölçüsünü o anda yadıma sala bildim. Dayı sən demə hiss edibmiş, tanıyıbmış məni, amma biruzə vermirmiş. 


Xülasə, bu dünyada olmayan Farizimlə yalançı danışığımı bitirdim, dedim «dayı, 50-lik mismar lazımdı, kley də oboyun qıraqlarını yapışdırmaq üçün». Dayı başa düşdüyünü işarə edib gedib dediyimə uyğun gətirdi lazım olanları. Çıxanda gördüm dayı nəsə bir telefonuna baxır, bir mənə, ağsaqqalın gözləri dolub, dedi «bala bir dəqiqə gözlə», gözlədim, nəsə özünü pis hiss etdiyini hiss elədim.


«Yaxşısız, dayı?” deyə sual verdim, «yaxşıyam narahat olma, qızım» dedi. Əlini atdı kassaya, ödədiyim pulu geri qaytardı mənə, «bu nə deməkdir, dayı? Niyə qaytardız mənə pulu?» deyə sual verdim. «O pul ödənilib, qızım» deyə cavab verdi, anlamadım mən də, düşündüm ki, yəqin kimsəsiz olduğumu hiss edib, pis olub. Pulu özünə qaytardım ki, «yox, dayı, çox sağolun, özüm ölməmişəm ki, kimsə ödəsin», düzü pisimə gəldi bir az. Dayı pulu götürdü, amma heç nə demədi, üzümə baxmaq istəmirdi nədənsə. Mən də pis oldum, öz-özümə qəhər məni boğdu ki, Allahım, mənim kimsəsizliyim bu qədərmi bəlli olur? Axı mən büruzə verməməyə çalışıram. Birdən dayı başladı söhbətə ki «bala, bir şey deyim sənə, mən səndən mismarın ölçüsünü qəsdən soruşdum ki, görüm necə deyəcəksən? Telefonu yalandan qulağına tutdun, özün-özünlə danışırdın, hiss elədim bunu. Səni mən tanıyıram, qızım, səni görmüşəm çəkilişlərdə. Bayaq telefonumu ona görə götürdüm ki, bir də baxım ki, görüm həmin çəkilişdəki qızsanmı, yoxsa oxşatmışammı? Həmin qız imişsən, Şəhid Farizin yoldaşı. Sən təkliyini hiss etdirmək istəmədin, qızım. Sənə sözüm yoxdu…» deyə gözləri dolmuş halda başını aşağı saldı.


Bu sözlər mənə bir ox kimi dəydi, elə pis oldum ki, ağlamayacam dedim. Nə fayda, onda gördüm ki, göz yaşlarım hicabımı isladıb artıq. Necə pis olmuşamsa, göz yaşlarım məndən qeyri-ixtiyarsız öz bəndini qırıb. Üzümü çevirib gözlərimi sildim, ağladığımı görməsin. Sağollaşıb mağazadan uzaqlaşdım, gəldim evə. Xeyli də evdə ağlamışam, çöldə ürəyimi boşalda bilmədiyimə görə divarlardı mənim sirdaşım. Dərdimi onlara danışıb ağlayıram, bir az özümə gəldim, torbanı açdım ki, işimə başlayım. Və orda gördüklərim məni yenidən yıxdı…


Ödədiyim pul və üzərində «yoldaşınız pulu ödəyib, qızım» yazılmış bir kağız parçası… Dünyam yenidən yıxıldı sanki. Onu görəndən sonrakı halım yəqin ki, hər kəsə məlumdur”.

Qeyd edək ki, çavuş Fariz Həsənov 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Vətən müharibəsindən sonra «Füzulinin azad olunmasına görə”,  «Döyüşdə fərqlənməyə görə”, «Vətən uğrunda” medalları ilə təltif edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: