Şəhidin son təsirli sözləri: “Oğlumu bağrıma basa bilmədim”
“Suqovuşan istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib, qayıdarkən snayper gülləsinə tuş gəlib”
“Fəqət noyabr ayının 30-da, elə öz ad günündə Naxçıvan MR Babək rayonuna gətirilərək, izdihamla dəfn olundu”
“Bir sözlə onun kimi oğul, ata, həyat yoldaşı dünyaya gəlməyib, gəlməyəcək də”
Vətən müharibəsinin şəhidlərindən yazmağa, onları sizə daha yaxından tanıtmağa davam edirik. İkinci Qarabağ savaşında döyüşüb, şəhadətə ucalan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin leytenantı İbrahim Vəlizadədir. Qəhrəmanımız 02.04. 1997-ci il tarixində Naxçıvan MR Babək rayonunun Yarımca kəndində dünyaya göz açıb. 2003-cü ildə Yaqub Seyidov adına tam orta məktəbə başlayan İbrahim, 2011-ci ildə Heydər Əliyev adına hərbi liseyə qəbul olunub. 2014-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. Məzun olduqdan sonra təyinatla Tərtər rayon “ N” saylı hərbi hissənin xüsusi təyinatlılar qrupuna göndərilib.
“Sherg.az”a şəhidimiz haqqında danışan, onun ömür-gün yoldaşı Billur xanım deyir ki, toylarında şadlıq evinə vağzalı sədaları ilə deyil, himnimizlə gəliblər:
“Həm də bayrağımız asılmışdı. Bir il öncə oğlumuz dünyaya gəldi. Ona şəhid Fərid Əhmədovun adını verdi. İndi Fəridin 1 yaşı var. Amma atası onu sadəcə 10 gün görə bildi. Baxmayaraq ki, 2 il evli olmuşuq, lakin 1 ay birlikdə yaşamışıq. Vətən müharibəsi başlayandan müxtəlif istiqamətlərdə vuruşub, Murov dağının alınmasında müstəsna rolu olub.
Ora ilk bayraq sancanlardan biridir. Oktyabr ayının 1-də mədəsində qanaxma olduğu üçün hospitala gətirilir. Həkimlər deyiblər ki, vəziyyətin ağırdır. İbrahim isə qulaq asmayıb, gizirinin şəhid olduğunu, yoldaşları döyüşərkən hospitalda qala bilməyəcəyini söyləyib. Sonra savaşa qayıdıb. Həkimi deyir, onun dərmanlarını aparıb, avtobusda verib.
Yenidən döyüşə dönəndə ayağından yaralanır, yenə də xəstəxanaya gəlmək istəmir. Deyib ki, torpaqlarımnız azad olmayınca mənə dincəlmək, yatmaq haramdır. Oktyabr ayının 6-da Suqovuşan istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib, qayıdarkən pusquya düşüb, snayper gülləsinə tuş gəlib.
Öncə qarın nahiyəsindən, sonra başından vurularaq qəhrəmancasına şəhid olur. Son dəfə bu sözləri təkrarlayır:
“Oğlumu qucaqlayıb, öpüb, bağrıma basa bilmədim”. Biz sağ olduğu xəbərinin gələcəyini ümid edirdik. Fəqət noyabr ayının 30-da, elə öz ad günündə Naxçıvan MR Babək rayonuna gətirilərək, izdihamla dəfn olundu”.
Şəhidin xanımı danışır ki, hospitalda olanda ona yazıb, oğlu Fəridə yaxşı baxmasını söyləyib:
“O, həm də uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Ailəcanlı insan idi, valideynlərinə, mənə qarşı daim diqqətcil yanaşırdı. Kiminsə xətrinə dəyməzdi, yaxşılıqlar edərdi. Bir sözlə onun kimi oğul, ata, həyat yoldaşı dünyaya gəlməyib, gəlməyəcək də. İbrahim əvəzolunmaz adam idi, onun yeri doldurulmazdı. Kimdənsə danışmazdı, hər kəsi özü kimi yaxşı bilərdi”.
Qeyd edək ki, İbrahim Vəlizadə ölümündən sonra “ Vətən uğrunda” və “ Suqovuşanın azad olunmasına görə” medalları, “3-cü dərəcəli Rəşadət” ordeni ilə təltif olunub.(Sherq.az)