21.11.2024

Azərbaycanda pensiyaçıların sayı azalacaq

Azərbaycanda üçüncü ildir ki, pensiyaçıların sayında azalma müşahidə edilir. İlkin məlumatlara əsasən 2020-ci ildə pensiyaçıların sayı 1,25 milyon nəfər olub ki, bu da 2019-cu illə müqayisədə 20 min nəfər azdır.


Pensiyaçıların sayı 2017-ci ilin sonunda 1,318 milyon nəfərə yüksəlib. 2018-ci ilin yekununda pensiyaçıların sayı 1,29 milyon nəfərə, 2019-cu ilin sonunda 1,27 milyona, 2020-ci ilin sonunda 1,25 milyon nəfərə qədər azalıb.
Azərbaycanda ən çox pensiyaçı 2005-ci ilin sonunda olub. Həmin tarixdə 1,399 milyon pensiyaçı var idi.


Bəs, pensiyaçıların sayının azalmasına səbəb nədir və bu dinamika hansı dövrə qədər davam edə bilər?


Sfera.az saytına açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, pensiyaçıların sayının azalması pensiyaçıxma yaşının artırılması ilə bağlıdır. Ekspert xatırlatdı ki, hər il pensiya yaşı 6 ay uzadılır. Belə ki, qanunvericiliyə əsasən 2021-ci ilin iyunun 30-na kimi kişilərdə, 2026-cı ilin ikinci yarısına kimi isə qadınlarda hər il pensiya yaşı 6 ay artırılır.

R.Ağayevin fikrincə bu dəyişiklik pensiya çıxanların sayına təsir edir və gözləyə bilərik ki, 2027-ci ilə qədər pensiyaçıların sayı azalsın.


Amma pensiyaçıların sayına doğum və gözlənilən ömür uzunluğu göstəricilərinin də təsir etdiyini deyən R.Ağayev pensiya çıxanların sayındakı dəyişikliyi proqnozlaşdırmaq üçün bu amillərin nəzərə alınmasının vacib olduğunu vurğulayıb:

«Hazırda qadınlar 62 yaşında pensiyaya çıxır. Bu yaşda olanlar 1959-cu ildə anadan olan şəxslərdir. 2027-ci ildə 1962-ci ildə doğulan qadınlar pensiya çıxacaq. Ola bilər ki, 1959-cu ildə doğulanların sayı azdır, amma 1962-ci ildə doğulanların sayı çoxdur.


Doğulanların sayındakı artım hesabına pensiyaçıların sayında azalma olmaya bilər. Ona görə də 2027-ci ilə qədər pensiyaçıların sayının azalacağına tam əmin olmaq çətindir”.


Ekspert bildirib ki, Azərbaycanda pensiyaçıların ümumi əhaliyə nisbəti baxımından vəziyyət çox yaxşıdır:

«İnkişaf etmiş ölkələrdə pensiyaçıların sayının əhali sayına nisbəti 20-35 faiz intervalında dəyişir. Həmin ölkələrdə uzunömürlülüyün olması və doğumun aşağı olması pensiyaçıların sayını artırır. Azərbaycanda bu göstərici yaxşıdır. Ölkəmizdə əhalinin 12,5 faizi pensiyaçıdır”.


R.Ağayev hesab edir ki, Azərbaycanda pensiyaçıya düşən işləyənlərin sayı baxımından vəziyyət ağırdır:

«Bizdə rəsmi statistikaya əsasən 1,7 milyona yaxın muzdlu işçi var. Hər pensiyaçıya 1,36 işləyən düşür. Bu, çox pis göstəricidir. İnkişaf etmiş ölkələrdə hər pensiyaçıya 3-4 işləyən düşür. Çünki həmin ölkələrdə leqal məşğulluğun səviyyəsi çox yüksəkdir. Azərbaycanda leqal məşğulluqla bağlı vəziyyət kritikdir, hələ də gizli işləyənlərin sayı çoxdur”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: