Türkiyəli psixoloqlar qazilərin dəhşətli müharibə xatirələri haqqında: “Çox ağır hekayələr dinləyirik” — REPORTAJ
Türkiyə Azərbaycanın ən ağır günündə yanında oldu, qoymadı ki, özümüzü kimsəsiz hiss edək. Qardaş ölkə bizi tək qoymadığı üçün xalqımız həm şanslı, həm də xoşbəxtdir. Bu qardaşlığı hər iki ölkə illərlə dişi və dırnağı ilə qazanıb. 44 günlük Vətən müharibəsində istər türk kanalları, istər rəsmi şəxslər, istərsə də tanınmış sənət adamları ordumuzun və xalqımızın apardığı mübarizəni durmadan dəstəklədi və hələ də dəstək olmağa davam edir. Sadaladıqlarımın sırasına indi də Türkiyənin tanınmış klinik-psixoloq və psixoterapevtləri qoşulub. Qazi və şəhid ailələrinin dəhşətli müharibə xatirələrini dinləyən mütəxəssislər hər bir hekayənin onlarda izlər buraxdığını bildirib. Qeyd edək ki, əsgərlərimizin sağlamlığı üçün türkiyəli mütəxəssislər Bakıda yerli psixoloqlarla birlikdə çalışır.
Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gələn peşəkar klinik-psixoloq və psixoterapevtlərin Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji poblemlər yaşayan vətəndaşlara göstərdiyi dəstək və reabilitasiya seansları ilə yaxından tanış olmaq qərarına gəldik.
Publika.az-a danışan yerli və türkiyəli ekspertlər müharibədə psixoloji travma alan əsgər ailələrinə vacib mesajlar verib.
Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva bildirib ki, ekspertlər dəvət olunarkən onların bu mövzuda təcrübələrinin olması xüsusilə nəzərə alınıb:
“Müharibənin mənfi fəsadlarının aradan qaldırılması istiqamətində ölkəmizdə hər sahədə böyük işlər aparılır. O cümlədən psixoloji baxımdan əziyyət çəkən insanların reabilitasiyası istiqamətində hər kəs öz cəbhəsində çalışır. Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə müharibə iştirakçılarına, şəhid ailələrinə, terrordan zərər çəkən insanlara və qazilərimizə psixoloji reabilitasiyanı təmin etmək məqsədilə qardaş Türkiyədən 20 klinik-psixoloq və psixoterapevt gəlib. Onlar ölkəmizdə aparılan bu genişmiqyaslı psixoloji reabilitasiya prosesində mütəxəssislərimizə yardım etmək və təcrübələrini bölüşmək baxımdan dəvət olunublar. Mütəxəssislər təsadüfi seçilməyib. Bildiyimiz kimi Türkiyə illərdir terrorla mübarizə aparır, bu yolda qardaş ölkə də şəhid verir, partlayışlar, kontuziya problemləri onlarda da var. Bu problemlərin müalicə olunması istiqamətində kifayət qədər təcrübələri var.
Mütəxəssislər bu işə çox həvəslə qoşulurlar. Artıq 112 xəttinə zəng edib qeydiyyatdan keçmiş 100-ə yaxın insan bu mütəxəssislərə müraciət edib. Onlara həm yerli, həm də türkiyəli mütəxəssislərin birgə psixoloji yardımı göstərilir. Hər həftəsonları türkiyəli mütəxəssislər yerli psixoloq və psixoterapevtlərlə fikir və təcrübə mübadiləsi aparır.
Müharibədə yaşanılmış əziyyət və xatirələr əsgərlərimizə hələ də rahatlıq vermir. Daha çox yuxu pozuntuları, qarabasmalar, yuxuya getməkdə çətinlik, depressiv vəziyyət, həssaslığın yüksəlməsi, hər xırda hadisəyə qıcıq və aqressiv davranışın göstərilməsi, bir qədər zərərli vərdişlərə meyilliliyin yaranması, bəzi insanlarda suisidal fikirlərin olması, cəmiyyətdən, öz yaxınlarından belə uzaqlaşması kimi problemlərlə müraciət edənlər olur. Onlar üçün həyatda bir çox şey öz mənasını itirir, özlərindən asılı deyil, həssaslıq yüksək olur, ağır dövrdən keçiblər. Müraciətlər təkcə Bakıdan deyil, Sumqayıt, Quba, Qusar, Bərdə, Gəncə, Tərtər, Ağdam və Azərbaycanın istənilən yerindən gələn xəstələr olur. Müharibə ilə bu və ya digər dərəcədə əlaqəsi olan istənilən insan bu xidmətdən yararlana bilər. Xidmət tam ödənişsiz şəkildə göstərilir”.
Vətəndaşlara müraciət edən Xanım Sofiyeva qeyd edib ki, zaman hər dərdin dərmanı olsa da, bu müharibədə psixoloji travma alan əsgər və zəbitlərimizin mütəxəssis yardımına ehtiyacı var:
“Bu hallarda dərin problemləri mütəxəssislərə həvalə etmək daha doğru olar. Yetər ki, yardım üçün müraciət etsinlər, qardaş Türkiyədən gələn ekspertlərimiz hər bir insanı canla-başla dinləməyə hazırdır. Keçirdikləri hisslərdə, göstərdikləri davranışlarda qeyri-normal hallar axtarmaq lazım deyil, bilməlidirlər ki, onların müharibədə gördüyü və qarşılaşdığı səhnələr dəhşətli faciələr idi”.
Azərbaycanlı mütəxəssis döyüşçülərimizin ailələrinə də vacib mesajlar verib:
“Müharibədə iştirak etmək hər bir əsgər və zabitimizin həyatında baş verən fövqəladə haldır. Onlar qayıtdıqdan sonra sakit və dinc həyata alışmağa çətinlik çəkirlər. İki həyatın arasında qalırlar. Odur ki, keçici olsa da, bu dönəmi aşmaq onlar üçün ağırdır. Müharibə iştirakçıları yaxınlarından anlayış, diqqət və qayğı gözləyir. Sadəcə ailədə deyil, ictimai və sosial dəstəyə böyük ehtiyacları var. Döyüşlərdə yaralanan, ayaqlarını və əllərini itirən, travma alan insanlarda zərərçəkmiş sindromu yaranmamalıdır. “Mənə olan münasibət dəyişmədi” kimi fikirlərə qapılmamalı və boşluğa düşməməlidir”.
Türkiyəli psixoloq Mediha Özkabakçıoğlu bildirib ki, dost psixoloqlar qrupu müharibədə yaralanan, acı çəkən əsgər və şəhid ailələrini böyük məmnuniyyətlə dinləyir və psixoloji yardım göstərir:
“Müharibənin əsgər və şəhid ailələrində açdığı yaralara məlhəm ola bilmək üçün burdayıq. Savaşda həyatını itirən qəhrəman şəhidlərimizi rəhmətlə anmağa gəldik. Zəfərin gətirdiyi rahatlıq və sevinci azərbaycanlı qardaşlarımızla birlikdə yaşadıq. Onu da bilirik ki, bir çox qazi və əsgərlərimizin psixoterapiyaya ehtiyacı var. Onları yenidən həyata qaytarmaq, sıxıntılarını azaltmaq da biz psixoloqların borcudur. Müraciətlər arasında daha çox obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), panik atak, yuxu və anksiyete problemləri yer tutur. Terapiya seansları xəstənin ruhsal durumundan asılı olaraq dəyişir. Çalışırıq ki, xəstələrimizin üzündə təbəssüm yaradaq, onları gülərkən görmək bizi də xoşbəxt edir. Bunun üçün nə lazımdırsa, etməyə hazırıq”.
Hər bir xəstəsinə ana nəvazişi ilə yanaşan Mediha Özkabakçıoğlunun sözlərinə görə, əsgərlərimizin aldığı travmalar olduqca ağır və dərindir:
“Şükürlər olsun ki, həll olunmayan problemlər deyil, hər birinin çarəsi var. Əsgərlərimiz özləri də çox istəyir ki, müharibənin onlarda buraxdığı dərin izlərdən tezliklə xilas olsunlar, tamamilə sağalsınlar, əvvəlki həyatlarına qayıtsınlar. Seanslarımız uğurla davam edir, artıq müsbət nəticələr əldə etməyə başlamışıq”.
Uzman, psixoloq Fəridə Canbek qazi və şəhid ailələrinə mətanət və səbir diləyib. O bildirib ki, müharibənin ağır və görmədiyimiz tərəfləri var:
“Azərbaycan bu müharibədən parlaq qələbə ilə çıxdı. Lakin müharibənin ağır nəticələri xüsusilə əsgərlərə təsir edib. Müharibədə alınan travmaları yuxusuzluq, iştahsızlıq, depressiya, panik atak kimi problemlərə yol açıb. Bəzi xəstələr qeyri-müəyyən səslər eşitdiyini və ya görüntülər gördüyünü deyir. Bütün bu narahatlıqları aradan qaldırmaq üçün onların hər biri ilə fərdi məşğul oluruq”.
Ekspert müxtəlif müalicə üsulları və terapiyalardan istifadə olunduğunu vurğulayıb:
“Desensitizasiya, hipnoz və ya anksiyete üçün olan texnikalardan istifadə edirik. Ümumilikdə müalicə seansı insanın ehtiyaclarına görə müəyyənləşir. Xəstələrin nə zaman sağalacağını demək çətindir, çünki bu, şəxsin müalicəyə verdiyi reaksiyadan və hadisələrdən nə qədər təsirlənməsindən asılıdır. Bəzən 3 seansdan sonra yaxşı nəticələr əldə edirik, bəzi xəstələrdə isə 8-9 seansdan sonra da ciddi irəliləyişlər əldə etmək mümkün olmur. Heç bir xəstəyə demirik ki, 3 seansdan sonra sağalacaqsan. Belə yanaşma psixoterapiyanın müalicə prinsiplərinə ziddir”.
Psixoloqun qənaətincə, travma almış insanlara vaxtında göstərilən psixoloji dəstək gələcəkdə yarana biləcək problemlərin qarşısını ala bilər:
“Özlərini müharibəyə və zəfərə köklədikləri üçün hərbçilərin psixoloji dayanıqlılığı daha güclüdür. Savaş bölgələrində insanlar bir-birinə o qədər sıx bağlanır ki, bu, onların psixoloji dayanıqlılığına təsir edir. Gələn xəstələr sadəcə acı xatirələrini deyil, pozitiv məqamları da bizimlə bölüşür. Mərd dostlar qazandıqlarını deyirlər, bir-biri ilə hələ də xəbərləşirlər. Bakıya gələrkən həyəcanlı idim, indi əminəm ki, gözəl duyğularla tərk edəcəm. Azərbaycanın qəhrəman oğullarına yardım etmək fürsəti qazandığım üçün özümü xoşbəxt hesab edirəm. Üzülərək gələn insanlar gülərək ayrılır. Bu, bizi çox sevindirir. Türkiyədən bunun üçün gəldik, istəyirik ki, onlarla birlikdə ayağa qalxaq”.
Mütəxəssis onu da qeyd edib ki, dinlədiyi hekayələrdən təsirlənməməsi mümkün deyil:
“Həmkarlarımızla birlikdə özümüz də ayrı bir terapiyadan keçirik. Bir-birimizə dəstək olduğumuz üçün bu durumu asanlıqla aşırıq. Əlbəttə ki, ağır hekayələri dinləyərkən sarsılmamaq mümkün deyil, xüsusilə şəhid ailələrini… Psixoloji problemləri bir qədər dərin olan qazilərin aldığı travmalar onlara gecə-gündüz rahatlıq vermir. Amma psixoloqlar bu hekayələri başqalarına danışmağa meyilli deyil, bu məsələ həmişə anonimliyini gözləyir. Əldə edilən müsbət nəticələr sarsıntılarımızı aradan qaldırır, bu zaman hər kəsin motivasiyası artır.
Azərbaycan xalqı 30 il əvvəl ağır sınaq və böyük zülmlərdən keçdi. İndi əminliklə demək olar ki, Böyük Vətən müharibəsində əldə edilən zəfər xalqın aldığı o yaraları da sağaldacaq. Çünki bu zəfər xalqın qazancıdır, hazırda Azərbaycanda motivasiya yüksəkdir. Bu savaşı sizinlə birlikdə izləyir və bu zəfərlərdən biz də güc alırdıq. Sizinlə eyni duyğu dalğasında idik. Odur ki, əsgərlərə istənilən qədər dəstək olmağa hazırıq. Hər zaman sizinləyik”.
Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji poblemlər yaşayan Musayev Ayaz Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloqun müalicə kursunda olduğunu və artıq müsbət nəticələr əldə etdiyini bildirib. O, müharibədən qayıtdıqdan sonra niqtində qüsurlar yarandığını deyib:
“Türkiyəli ekspertlərin gəlişi bizi çox sevindirdi, hər birimizlə xüsusi maraqlanırlar, diqqət göstərirlər. İlk dəfədir ki, psixoloqa gəlirəm, lakin dəyişikliyi artıq hiss edirəm. Bizi müharibə ab-havasından uzaqlaşdırırlar. Düzdür, nə qədər uzaqlaşsaq da, gördüyümüz səhnələr yaddaşlarda həmişə qalacaq, şəhid və ağır yaralıları o halda görmək bizi çox üzürdü. Amma sakitləşdirici texnikalar həqiqətən yaxşı təsir edir”.(Publika.az)
Aytən Məftun
Foto: Pərviz Həşimi
P.S. Problem nəzarətə götürülməlidir…