Poeziya çələngi: Suların durulan vaxtı gələcək
Elbariz Məmmədli
Şair
BU ŞƏHİD QANIYLA ÇOX OYNAMAYIN
Bir az düzən verin özünüzə siz,
Dəyməyin ruhuna, müqəddəslərin.
Onlar can qoydu ki, rahat yaşasın,
Oğul-uşaqları, siz nakəslərin.
Şəhid anasının qara yaylığı,
Sizin arvadların başına düşməz.
Sizinki bu ömrün yazıdı, ancaq,
Yolunuz taleyin qışına düşməz.
Qolunu-qıçını savaşda qoyub,
Dəyməyin, qazinin can yarasına.
Bu soyuq ürəklə, bu cansız canla,
Necə çıxırsınız, el arasına?
Elə sanmayın ki, görmürük sizi,
Hələ baş qarışıb, öndə yağı var.
Bir gün bu millətin səbri tükənib,
Sizə də, sizə də əl qatmağı var.
Gözləri qapıya dikili qalıb,
Ata həsrətlidir, şəhid balası,
Nədən çoxunuzun vecinə deyil,
Niyə xiffətlidir, şəhid balası.
Əl atıb bir yetim sevindirməyib,
Bu xalqın qanını sorub, dadanlar,
İndi hansı haqla qaziyə hürür,
Şəhid anasına dil uzadanlar?
Millət neçə yerə bölünməlidi?
Təmasdakı düşmən, içdəki düşmən,
Savaşda bilirsən, öndəki kimdi,
Daha qorxuludu, içdəki düşmən.
Hələ bu davalar təzə başlayıb,
Hələ keçiləsi nə qədər yol var.
Qurbanı olmağa bu, can Vətənin ,
Sabaha uzanan gör, neçə qol var.
Yeriniz istidi, canınız isti,
Az için qanını, lüt-üryanların,
Öpün ayağının altından, öpün,
Sizi canı ilə qoruyanların.
Açın qapısını kabinetlərin,
Qoyun hamı görsün düzə, — kürsünü,
Bu şəhid qanıyla cox oynamayın,
Bu millət veribdi , sizə kürsünü.
Bu qış
Havası könlümcə deyil,
Ürəyimə yağır, bu qış.
Kimsə , hardasa üşüyür,
Kürəyimə yağır, bu qış.
Səngərlərdə göy uçulur,
Qarında lalə açılır.
Taleyimə don biçilir,
Gör, nəyimə yağır, bu qış.
Sərhədlər içə çəkilir,
Bir üzü köçə çəkilir,
Yolları haça çəkilir,
Əməyimə yağır , bu qış.
Ruhum yadlaşır özümə,
Bu qəm nə,”gülür” üzümə?
Çoxdandı halal duzuma-
Çörəyimə yağır, bu qış.
Gələcək
Belə yürüyəməz bu gidi dünya,
Suların durulan vaxtı gələcək.
Üzü zülmətlərə gedən yolların,
İşığa burulan vaxtı gələcək.
Öpüb qucaqlasın yüz yol şər şəri,
Lap qonsun çiyninə mələklər, şərin,
Yolu açılacaq bir gün, məhşərin,
Divanın qurulan vaxtı gələcək.
Çox da duyğumuzda yaz, xəyal kimi,
Ölüm çoxlarına gəlir, bal kimi,
Susdurub hamını zülm, lal kimi,
Zəncirin qırılan vaxtı gələcək.
Adama dərd gəlir, adamdan bəri,
Bu dama daş yağır, odamdan bəri,
Tamah ki, başlayıb, Adəmdən bəri,
Gələcək, yorulan vaxtı, gələcək…
UNUTDUM, MƏHƏBBƏT ŞEİRLƏRİMİ
Çoxdan duyğularım savaşa köklü,
Qəm üstə yazıram yazıları da.
Könlümün hər simi bir qayğı yüklü,
Unudub sevdiyim mövzuları da.
Gözümüz illərdi, qalmışdı yolda,
Bir payız yaşadıq- zəfər payızı.
Ümidə köklənib bu, qeylü-qalda,
Belə gözləyirdik biz, hər payızı.
Gör, ruhu nə qədər basılmazdı ki,
Millət yüz illərin qəminə dözüb.
Sınsa son savaşda var olmazdı ki,
Bu qədər düşmənin cəminə dözüb.
Təkcə qara deyil rəngi dünyanın,
Ömür deyilənin min çaları var.
Sovuşan payızın, ötən zamanın,
Öz yaşantısı var, duyğuları var.
Amma ki, sevincə köklənmək olmur,
Nə olsun ortada, zəfərin tamı.
Qaçıb ağrısından təklənmək olmur,
Şəhid evlərinə düşən axşamın.
Bir yeri yoxdu ki,-haqqı tanıyan,
Görəsən, bu dünya niyə, belədi?
Kimin ruzisidi, bu tökülən qan?
Dərdi çiyinlərdə şələ- şələdi.
Könüldən keçir ki, xoş söz deyəsən,
Amma neynəyirsən alınmır, vallah,
Nolsun, Tanrı verən sözə yiyəsən,
Hər söz sevinc üstə çalınmır, vallah.
Hər gün ömrümüzü əridir anlar,
Yaşayıb keçirik, xeyir-şərini.
Məni bağışlasın, sevən cavanlar,
Unutdum, məhəbbət şeirlərimi.
YENƏ BU GECƏ YARISI
Yenə yadıma düşübsən,
Yenə bu gecə yarısı,
Yata da bilmirəm «çatım»
Sənə bu gecə yarısı.
Oyağam gecəquşu tək,
Dərd içimdən daşır su tək,
Mənəm qərib yuxusu tək,
Yanan bu gecə yarısı.
Külək çöldə at oynadır,
Göydə gör nələr oynayır.
Həsrətdən içim sökülür,
Bağrımda qəhər oynayır.
Dilim də gəlmir deyinəm,
Xoş gün də yox salam yada,
Bu eşq məni öldürməkçün
Yaşayır yəqin dünyada.
Birdən səsim çatmaz sənə,
Birdən ölərəm, bilərsən.
Eşqimə can yandırmadın,
Ruhuma sevgi dilərsən.
Səndən uzaqda
Fikrimi bir yerə cəmləyəmmirəm,
Həyat nə ağırmış , səndən uzaqda.
Dünyanın nə qədər qar –yağışı var,
Canıma yağırmış, səndən uzaqda.
Yollar həsrətinə pərçimlənibmiş,
Buludlar qəmindən əlçimlənibmiş,
Dörd bir tərəfimə dərd çilənibmiş,
Ruhumu sağırmış, səndən uzaqda.
Elə inanmışdım, xoş olan günə,
Duyğusu göylərə baş alan günə,
Çatmır boş əllərim, boşalan günə,
Hamısı nağılmış, səndən uzaqda.
Bilmirəm, sonuna nə qalıb ömrün,
İşınə yaramır bu halım, ömrün,
Qapını kəsdirən qocalıq ömrüm,
Yetimmiş, fağırmış, səndən uzaqda.