2020 — ci ilin birinci yarımilində Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olub
İyulun 24-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2020-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətini davam etdirən, Azərbaycanın sürətli inkişaf strategiyasını uğurla həyata keçirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni və digər sahələrdə əldə olunmuş nailiyyətlərdən bəhs edərək, ölkədə aparılan islahatlar və mütərəqqi dəyişikliklər nəticəsində dövlətimizin daha da qüdrətləndiyini diqqətə çatdırıb.
Baş prokuror dövlətimizin güclənərək əldə etdiyi uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolunu qeyd edərək, Azərbaycan ilə beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranması, milli-mənəvi dəyərlərimizin, o cümlədən mədəniyyətimizin bütün dünyada tanıdılmasında misilsiz xidmətlərini xüsusi vurğulayıb.
Həmçinin Baş prokuror mayın 1-də Prezident İlham Əliyevin videoformatda qəbulu zamanı verdiyi tapşırıq və tövsiyələri, bununla əlaqədar qarşıda duran vəzifələrin icrasını, o cümlədən prokurorluq orqanlarında həyata keçirilən səmərəli islahatları qeyd edərək, bu prosesin uğurlu davam etdirildiyini bildirib.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, ötən dövrlərdə olduğu kimi, 2020-ci ilin birinci yarımilində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olub. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.
Qeyd edilib ki, hesabat dövründə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə bir sıra işlər görülüb, nəticədə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37 faiz azalıb. Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli iş aparılmaqla, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülüb.
Çıxışının sonunda Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanları əməkdaşlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdə və həyata keçirilən məhkəmə-hüquq islahatlarında yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını diqqətə çatdırıb.