AVMVİB sədri Füzuli Rzaquliyev: «Hədəfimiz Qarabağ olmalıdır»
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev son günlər 5-ci kolon nümayəndələrinin fəallaşması, ölkə rəhbərliyinə qarşı yersiz ittihamlara ən yaxşı cavabı Prezident İlham Əliyev iyulun 6-da verdiyi müsahibəsində verdi.
Ölkə rəhbəri Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlara və Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin yarıtmazlığı ilə bağlı dedi ki, həmsədrlər Ermənistanın Baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistandır” açıqlamasına reaksiya vermədilər. Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi. «Bu ifadə, əslində, Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Bu həqiqətən belədir və bunu, indiyədək heç bir müxalifət dilə gətirməyib. Bunu deyə bilərəm ki, cənab İlham Əliyev hakimiyyətinin ilk günündən bizim torpaqlarda «ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyini» ölkənin bir qırmızı xəttinə çevirə bildi. Bu deyimlə, Ali Baş Komandan, hətta birinci erməni respublikasının da, məhz Azərbaycan torpaqlarında yaradılmasına işarət var və bunu incə bir diplomatik dillə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Çox təəssüf ki, öz dilini bilməyən Məmmədyarov, belə incəlikləri tutmaqdan çox uzaq birisidir.
AVMVİB sədri Füzuli Rzaquliyev qeyd etdi ki, prezident bir daha xatırlatdı, Azərbaycan separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq. İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın «Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın” açıqlamasına da reaksiya vermədiklərini bildirdi. Düşmən tərəfin oyunbaz liderinin əndazəsiz bəyanatlarını və «formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz etdiyini vurğuladı.
İlham Əliyev, həmçinin həmsədrlərin Nikol Paşinyanın Şuşaya təxribatçı və qanunsuz olaraq, səfər edərək, qondarma andiçmə mərasimindəki iştirakına səssiz qalmalarını da tənqid etdi: «Nə üçün deyilmir ki, bu təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”;
F. Rzaquliyev bildirdi ki, düşmən işğal etdiyi torpaqlarda məskunlaşma aparmağa çalışır. Bu, həm BMT Qətnamələrində, həm ATƏT qətnamələrində, həm də Helsinski konvensiyasının tələblərinə uyğun olaraq, Ermənistan cəzalandırılmalıdır. Əksinə, əldə etdiyimiz məlumatlarda bu anti bəşəri və işğalçı proseslərdə, nəinki üzv dövlətlərin, hətta həmsədr dövlətlərinin bu işlərdə iştirakı barədə yetərincə faktar var. İstər ABŞ, istər Rusiya, istərsə də Fransa həmsədr kimi öz neytrallığını itirmiş durumdadırlar və cənab İlham Əliyev bu aspektə də toxundu. Prezident qeyd etdi ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyriçi qaldıqlarını bildirdi. İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları dedi: «On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!” ;
AVMVİB sədri bildirdi ki, İlham Əliyev, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söyləməkdə haqlıdır. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin il ərzində bir neçə onlayn müzakirəsi olub. Müzakirələrdə koronavirus pandemiyası ilə mübarizənin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə aidiyyatı var idi? Prezident bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir. Belə olan halda Xarici İşlər naziri Elmar Məmmədyarovun nədən hər dəfə erməni həmkarıyla onlayn müzakirələrə qatılması sual doğurur. Prezident bu müzakirələrin Azərbaycan üçün mənasız olduğunu bildirdi, Xarici İşlər naziri isə vasitəçilərin təklif etdikləri bütün mənasız onlayn konfranslara qatılmağa üstünlük verir».
Füzuli Rzaquliyev bildirdi ki, Azərbaycan Prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab etməsini alqışlayırıq: Prezident dedi: «Əslində bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurətini gündəmə gətirdi. Prezidentin müsahibəsindəki son cümlə də bundan xəbər verir: «Heç kim Aprel döyüşləri yadından çıxarmasın”.
AVMVİB sədri Füzuli Rzaquliyev, bu yolda hər bir veteran Ali Baş Komandanın yanında olduğunu bildirdi. Bu gün, istər daxildə, istərsə xaricdə 5-ci kolonun sifarişlərini yerinə yetirənlər, təxribatla məşğul olanlar, Dövlətin imicini hədəfə alaraq, dezinformasiya yayanlara qarşı hər cür mübarizə etməyə və onları susdurmağa hazırıq. Belə təxribatçıların, həm müxalifət, həm iqtidar daxilində olduğunu xalq yaxşı bilir və biz də o xalqın nümayəndələriyik. Aparılan islahatlara qarşı obskurantist, mühafizəkarcasına münasibət bəsləyənlər ölkə rəhbərinin müəyyən etdiyi hədəfləri yayındırmağa çalışdıqları görünəndir. Xüsusən də bu islahatlara start veriləndən dərhal sonra, ölkə Prezidenti və Birinci Vitse Prezidentinin hədəfə götürülməsi təsadüf deyil. Xalq bu nüansı daim diqqətdə saxlamalı və ölkəni xaosa sürükləmək istəyənlərin yanında deyil, qarşısında olmağa çalışmalıdırlar.
Birinci Qarabağ müharibəsi zamanı erməni məxfi xidmət orqanı rəhbərinin vaxtilə dediyi bu sözləri diqqətinizə çatdırıram. O, demişdi ki, ermənilər xaos millətidir. Xaos zamanı daha yaxşı işləyirik, amma azərbaycanlılar özlərini bu xaosda itirir və idarəolunmaz olurlar. Bu gün bəzi və məlum məmurların qeyri-qanuni əməlləri sayəsində ölkədə ən çox problemi olan sosial təbəqə müharibə veteranlarıdır. Lakin mövzu Dövlər və düşmən olunca bu problemlər bizim üçün arxa plana keçir. Hər bir kəsi də Ali Baş Komandan İlham Əliyevin yanında və əmrində olmalıyıq.
Hədəfimiz Qarabağ olmalıdır. Dövlətçiliyimizin qorunması olmalıdır. Hər bir şəxs, tutduğu mövqedə buna özünü hazırlamalıdır. Ermənilər unutmasınlar ki, o qan töküb aldıqları torpaqları qanları tökülərək də geri alınacaqdır. O Sorosun bambılı uşaqları bunu o boş başlarına vursunlar və bu işi tezliklə həyata keçirməyi arzulayırıq. Əlbəttə ki, öncə daxili təmizləmə aparılmalı və cəmiyyəti Vətənin azad olması üçün səfərbər etməliyik!
Elnur Səlim