22.11.2024

Şəhid Etibar Əliyevin Anım günüdür

Redaksiyadan: Bu gün qəhrəman şəhidimiz Etibar Əliyevin anım günüdür. Rəhmətlə anırıq…

Yenə hansı duanı oxudun, ana. Vurulduğum yerdə günəş doğdu. Yenə ağladınmı, ana. Cənnətimə yağış yağdı…

Şəhid Etibar Əliyevin doğum günüdür. Doğum günün mübarəkdir, şəhidim! Sən elə bir mərtəbədəsən ki, sənə tərif demək, səni öymək bizim haqqımız deyil. Səni Tanrı öyüb və öz qatına götürüb. Mehmet Akif Ersoyun dediyi kimi: «Vətən üçün ölməksə qədərim, mən belə qədərin əllərindən öpərim» — söyləyib gedənlərsiniz. Sizlər şəhidlər, bizlər isə şahidlərik…

Bu savaş çox şeylərimizi aldı bizlərdən. Öncə bizləri şəhidlərimizin hüzurunda dili gödək və günahkar duruma saldı. Sənin haqqında təhsili yarımçıq qoyub silaha sarılmağın, arxa cəbhədən oğurlanaraq ön cəbhəyə getməyin barədə də yazmayacağam. Burada Yer həyatın barədə bir cümlə ilə yazmaq olar: «Atam olsa belə, qarşımda duran, öncə də Vətəndir, sonra da Vətən»-deyib evin tək oğulu kimi heç atanı düşünmədin. Öncədən öncül olmağa can atdın. Vətənin çörəyini yediyin kimi ona atılan gülləni də yeməyi bacardığını ortaya qoydun. Sən düşmənin Dörd Yola çıxaraq Azərbaycanı Kürlə bölmək kimi mənfur «İNOBİS» rus planını poza bilmiş adsız qəhrəmanların sıra nəfəri olmusan. Bunu bizlər yaxşı bilirik…

Bu gün şəhid Etibar Əliyevin ad günüdür. 45 yaşı tamam olur. Bu illərin 19 ilini uğrunda öldüyün bu torpaqlarda yaşadın. Bəlkə də çoxları səni tanımaz, amma tək şəhid ünvanlı adın bir dünyaya bədəldir. Bəlkə də çoxları gənc yaşında atdığın o addımları dərk etməz, amma çox gənclərimizin nakam dodaqları bu Vətən torpağını son dəfə öpərək can verdilər. Bu Vətən yaşasın deyə. Bu Vətənin gülünü deyil, gülləsini dərənlər var olsun!..

Ermənilər Kəlbəcərin Çərəkdar kəndində, çətinliklə də olsa ...

45 yaş günün mübarək, Etibar bəy! Bütün şəhidlərə «balam» deyən Allahverdi Dərdin iki qoşa şəhidi var. Birinə «bala Vətənim — Çərəkdar», deyir, birinə də «şəhid balam — Etibar». Bu dərdin illərdir çiləsini çəkir. Bu iki böyük dərdin hərəsini bir çiyninə alıb, üzü yoxuşlara, dağlara sarı daşımaqdadır. Bu yük Sizifin daşından da ağırdır. O qədər ağırdır ki, onun ağrısını, çiyinlər deyil, ürək çəkir…

Mən veteran qardaşlarımızın ad günlərini təbrik yazanda sevinirəm ki, biz hələ sağıq. Sizin yanınıza əliboş gəlməmək ümidiylə, başladığınız o müqəddəs savaşı bitirəcəyimizə inanaraq paylaşarıq.Amma Sizlərdən yazanda utanıram, şəhidim, utanıram, yeməkdən, içməkdən, sənin anan, atan ağlarkən gülməkdən utanıram! Sanma ki, sizləri unutduq. Unudanlarla bir ölkədə yaşamaqdan utanıram. Sənin Vətən üçün, bizim üçün şəhid olduğunu görməzdən gələnlərdən utanıram. Mən düşmən qarşısında qollarımıza vurulmuş qandallara görə utanıram…

45 yaşın mübarək, şəhidim. Gün o gün olsun ki, 46 yaşını Baba yurdunda qeyd edək. Düşmən min bir oyunlarla əl qoyduğu o əraziləri düşmənə məzar etməsək, hər iki dünya bizə haram olacağını bilirik. Bizlər qan tökmək tərəfdarı deyilik, amma ortada Ana Vətən söz olunca, Dünyanın şah damarını kəsərik. Bu dünyanı öz qanında boğarıq. Hələ erməni kimi hiyləgər düşməni isə bir qaşıq suda boğmaq belə çox olar. Başımızın altına yastıq qoyanlar bilsinlər:

Mən Antəpliyim, Şahinəm, ağam,
Mauzer omzuma bir yük…
Mən yumruqlarımla döyüşəcəyəm,
Yumruklarım məmləkət qədər böyük
deyən kəslərin övladları bir qarışını belə kimsəyə yurd etməyəcək. Nə qədər geci varsa, bir o qədər də tezi var.

Məkanın cənnət olsun, şəhidim! O yolu Allah hər birimizə qismət eləsin. Əlimizdə silah, bənövşə qoxulu səngərlər və barıt qoxuyan dan üzündən doğulacaq böyük bir Azərbaycan istəyirik! Sizlər getdiniz, amma bizim qismətimizdə görəcəklər varmış. Səninlə dərdləşdik. Düşündüm ki, belə daha yaxşıdır. Bizlər diri şəhidlər kimi yaşamaqdayıq:

Qulağa yetməz çağrımız,
Dinməz sızımız, ağrımız,
Dörd mövsüm yanar bağrımız
Qışımız yox ki, qorxalım.

(Əbdulrrahim Qaraqoç)

Tanrıya əmanət olun, Etibar bəy!

X. Ədəboğlu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: