Brandenburq qapısı üzərinə Sovet bayrağını taxan soydaşımızın ad günüdür
Azərbaycan və Sovet hərbi xadimi, 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmış polkovnik Rəşid Əsəd oğlu Məcidovun AD GÜNÜDÜR.
1908-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sənaye və İqtisadiyyat Texnikimunda təhsil almışdır. 8 nömrəli yetimxanada tərbiyəçi və qabaqcıl pioner idi.
Zaqafqaziya SFSR illərində Komsomol regional komitəsinin katibi seçildi.
1933-cü ilin noyabrından — Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin birinci katibi olub. Daha sonra Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirib.Sonra Qaradağ Rayon Partiyası Komitəsinin birinci katibi, Oktyabr rayon təşkilat komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olub.
Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi. Diviziyanın tərkibində Mozdokdan Berlinə qədər yol keçib. 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Berlinin Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmışdır.
Müharibədən sonra Gürcüstan SSR-də Vazianidə artilleriya alayı heyətinin başçısı təyin olunub.O, daha sonra Azərbaycan Milli Diviziyasının siyasi şöbəsinin rəhbəri idi. Bakının Oktyabr rayon komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inzibati qurumları şöbəsinin müdiri vəzifəsində çalışmışdır.Azərbaycan SSR Ali Sovetinin III çağırışında deputat seçilib.
Leykemiyadan əziyyət çəkən Rəşid Məcidov, 1970-ci ildə vəfat etmişdir. 1970-ci ildə Bakıda yerləşən Fəxri Xiyabanda dəfn edilib. Rəşid Məcidov Mariya İvanova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.
Bu izdivacdan 3 oğlu olub. Onlardan ikisi Qarabağ müharibəsində iştirak edib.
Böyük oğlu Vladislav xüsusi təyinatlılar qərargahının rəisi, Mikayıl isə Ağdamdakı hərbi sahə xəstəxanasında neyrocərrah kimi xidmət edib.
Leyla Həsənova