29.03.2024

Stalinin Rəsulzadəni həbsdən qurtarmasının SƏBƏBLƏRİ — Məhəmməd Əminin “xahiş”ləri RƏDD ETMƏSİ

1920-ci ilin noyabrında Məhəmməd Əmin Rəsulzadəni həbsdən xilas edərək, özü ilə Moskvaya aparan İosif Stalinin həqiqi məqsədinin nədən ibarət olması barədə bu gün yalnız ehtimallar irəli sürmək olar. Lakin düşünürük ki, Məhəmməd Əmini xilas edərkən Stalin üçün həlledici amil heç də onların arasında vaxtı ilə mövcud olmuş dostluq münasibətləri və ya “xalqlar atası”nın dara düşmüş köhnə dostuna “borcunu qaytarmaq” istəyi deyildi. Hərçənd, hətta Stalin kimi qəddar şəxsiyyətlər belə bu cür sentimental insani hisslərdən məhrum deyillər. Stalini bu addımı atmağa sövq edən başlıca amil çox güman ki, M.Ə. Rəsulzadənin Azərbaycan cəmiyyətindəki böyük nüfuzundan sovet hakimiyyətinin regiondakı mövqelərinin möhkəmləndirilməsi üçün istifadə etmək niyyəti idi. Stalin onu bu və ya başqa şəkildə bolşeviklərlə əməkdaşlığa cəlb etmək ümidində idi.

Bu gün belə bir niyyət nə qədər inanılmaz görünsə də, həmin dövrün siyasi reallıqları baxımından gerçəkləməsi tamamilə mümkün olan bir istək idi. 20-ci illərin əvvəlində antaqonist əqidə sahibləri arasında ən ağlasığmaz siyasi ittifaqların yaranması tamamilə real idi. Məsələn, Osmanlı imperiyasının liderlərindən biri Ənvər paşa 20-ci illərin başlanğıcında bolşeviklərlə sıx əməkdaşlıq edirdi. Moskvada sığınacaq tapmış Ənvər paşa bolşeviklərin dəstəyilə “İslam inqilab cəmiyyəti” adlı bir təşkilat yaratmışdı.

M.Ə. Rəsulzadə ilə Moskvada görüşən Ənvər paşa “Müsavat” liderinə bolşeviklərlə mübarizədən əl çəkməyi və bu cəmiyyətə qoşulmağı təklif etmişdi. Lakin Rəsulzadə Ənvər paşanın bu təklifini qətiyyətlə rədd edərək bildirmişdi ki, “sosialist internasionalının göbəyi olan Moskva” eyni vaxtda həm də Şərq xalqlarının milli-azadlıq hərəkatının mərkəzi ola bilməz.

Ənvər paşa özü də çox tezliklə yanıldığını anladı və bolşeviklərlə hər cür əməkdaşlıqdan imtina edərək Mərkəzi Asiyaya getdi. Orada bolşeviklər əleyhinə basmaçılar hərəkatının liderlərindən birinə çevrilən Ənvər paşa 1922-ci ilin avqustunda qırmızı ordu hissələrilə döyüşlərdən birində qəhrəmancasına həlak oldu.

Hər halda, M.Ə. Rəsulzadənin sosial-demokrat keçmişini nəzərə alan Stalin, onun “haqq yolu”na qayıdacağına müəyyən ümidlər bəsləyə bilərdi.

Digər tərəfdən, Stalinin Azərbaycanın o zamankı nominal rəhbəri olan Nəriman Nərimanovla münasibətlərinin, yumşaq desək, gərgin olması faktını da nəzərə almaq lazımdır. Stalinlə M.Ə. Rəsulzadə arasında “Xüsusi şöbə”nin zindanında baş tutmuş qısa söhbətdən belə “xalqlar ata”sının N. Nərimanova qarşı kinli münasibətini sezməmək mümkün deyil. Buna görə də, tamamilə mümkündür ki, M.Ə. Rəsulzadəyə əməkdaşlıq təklif edən Stalin, müəyyən şərtlər daxilində N. Nərimanovu öz gənclik dostu ilə əvəzləməyi planlaşdırırdı. Hər halda tanınmış tatar bolşeviki M. Sultan-Qaliyevin məlumatına görə, belə bir variant həmin dönəmdə Kreml kabinetlərində ciddi müzakirə predmeti idi.

Eyni zamanda, nəzərə almaq gərəkdir ki, Azərbaycanın Quzeyinin ardınca Güney hissəsinin də sovetləşməsi planları həmin dövrdə Kreml rəhbərliyi səviyyəsində ciddi müzakirə olunurdu. Bunu gerçəkləşdirmək üçün tələb olunan hərbi qüvvə — bolşevik hissələri o zaman artıq İran ərazisində, Ənzəli limanı rayonunda yerləşdirilmişdi. Azərbaycanın Güney və Quzeyinin birləşməsi perspektivi fonunda M.Ə. Rəsulzadənin Stalin üçün önəmi daha da artırdı. M.Ə. Rəsulzadənin Cənubi Azərbaycan və bütövlükdə İran inqilabçıları arasında böyük nüfuz sahibi olduğunu nəzərə alsaq, o, bu planın reallaşmasında həqiqətən də mühüm rol oynaya bilərdi.
Bu nüfuzun sübutu olaraq belə bir faktı da xatırlamaq yerinə düşər ki, 1920-ci ilin yayında Bakıda olan tanınmış İran inqilabçısı Heydər xan Əmioğlu M.Ə. Rəsulzadənin həbsdən azad olunması xahişi ilə şəxsən N. Nərimanova müraciət etmişdi. M.Ə. Rəsulzadə ilə hələ İrandakı Məşrutə inqilabı dövründən dostluq münasibətləri olan Heydər xan N. Nərimanov başda olmaqla Sovet Azərbaycanının bütün nüfuzlu şəxslərilə görüşərək, onlara “Məhəmməd Əminin başından bir tük belə əskik olmamalıdır!” mesajını vermişdi.

Digər tərəfdən, M.Ə. Rəsulzadənin Moskvaya Stalinin şəxsi vaqonunda getməsi də çox mətləblərdən xəbər verir.

Görünən budur ki, Stalin öz siyasi məqsədləri üçün M.Ə. Rəsulzadədən istifadə etmək niyyətində idi. Təsadüfi deyil ki, M.Ə. Rəsulzadənin Moskvada olduğu il yarım ərzində Stalin dəfələrlə müxtəlif şirnikləndirici təkliflərlə ona müraciət etmişdi. Bundan məqsəd isə nəyin bahasına olursa-olsun M.Ə. Rəsulzadəni sovet rejimilə əməkdaşlığa cəlb etmək idi.

Bir fakta da diqqət yetirmək lazımdır ki, Finlyandiyada yaşayan həmyerlimiz Tahirə Cəfərovanın aşkar etdiyi arxiv sənədlərindən məlum olur ki, 1920-1922-ci illərdə M.Ə. Rəsulzadə Moskvada Preçistenski bulvarındakı (indiki Qoqol bulvarı) 29 №-li binada yaşayırmış. Ən maraqlısı isə odur ki, Stalinin rəhbərlik etdiyi Milli İşlər Xalq Komissarlığı da həmin binada yerləşirdi. Özü də Məhəmməd Əmin bəyin yaşadığı mənzil (14 saylı) həmin komissarlığın rəhbəri olan Stalinin kabinetilə (12 saylı mənzil) yanaşı idi. Çox güman ki, bu qonşuluq təsadüfi deyildi və M.Ə. Rəsulzadənin hər addımına nəzarət etmək məqsədı güdürdü.

Stalin şəxsən M.Ə. Rəsulzadədən xahiş etmişdi ki, Rusiyanın Milli İşlər Komissarlığı nəzdində yaradılması planlaşdırılan Şərq ölkələrinin tədqiqi ilə məşğul olacaq elmi cəmiyyətin sədrliyiini öz üzərinə götürsün. Daha sonra ona Moskvada yeni təsis olunan “Şərq millətləri kommunist universitet”inin professoru vəzifəsi təklif edilmişdi. Lakin siyasi əqidəsinə zidd olduğu üçün M.Ə. Rəsulzadə bütün bu təklifləri rədd edir və Stalinin onu “yola gətirmək” üçün etdiyi davamlı təşəbbüslər uğursuzluqla nəticələnir.

Bütün bu cəhdləri edərkən Stalin bir məqamı nəzərdən qaçırırdı ki, onunla üz-üzə duran artıq əsrin əvvəlindəki gənc, təcrübəsiz və bir qədər də romantik Məhəmməd Əmin deyildi. M.Ə. Rəsulzadə artıq tam formalaşmış siyasətçi, əqidəsinin düzgünlüyünə dərindən inanan və məqsədlərinin gerçəkləşməsi yolunda hər cür fədakarlığa hazır olan şəxsiyyət idi. Və onu hətta Stalin belə tutduğu yoldan döndərmək iqtidarında deyildi.

Amma Məhəmməd Əmin də gözəl anlayırdı ki, uzun müddət belə davam edə bilməz və o, sonsuzluğa qədər Stalinin “xahiş”lərini rədd etmək durumunda deildir. Bu səbəbdən də, Rəsulzadə Rusiyanı birdəfəlik tərk etmək qərarına gəlir və 1922-ci ilin yayında Fin körfəzi üzərindən Finlyandiyaya keçir.

Aydın Balayev,
tarixçi alim

/modern.az /

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: