Putin koronavirusa yoluxsa, “RF TŞ SM” hakimiyyəti götürə biləcəkmi..?

Moderator.az ABŞ-ın “The National Interest”nəşrinin yazarı Çarli Qaonun yazısını təqdim edib.
Yazıda dünya liderlərinin koronavirusun qurbanına çevrildiyini qeyd edən müəllif, Rusiyada hakimiyyətin varislik məsələlərini nəzərdən keçirir. Onun sözlərinə görə, Covid-2019 pandemiyası zamanı ölkədə görülən tədbirlər, bu istiqamətdə vəziyyət haqqında müəyyən təsəvvür yarada bilir. “Dünya liderləri Covid 2019 koronavirusunun qurbanı olmağa davam etdikcə, hakimiyyətin varisliyi ilə bağlı suallar yaranmağa başlayıb. Bir çox ölkələrdə liderin öz vəzifələrini yerinə yetirə bilməməsi halında məsuliyyəti kimin üzərinə götürməsi ilə bağlı aydın «varis göstərişi» mövcud olsa da, belə bir aydınlığı olmayan bir çox ölkələr var. Rusiya başda olmaqla bir sıra postsovet ölkələri də bu sıradandır.
Rusiyada bu varisliyin qaydası aydın deyil — orada yalnız ilk addım başa düşüləndir, buna görə Baş nazir prezident vəzifələrini icra edir. Lakin Covid-2019 koronavirus infeksiyasının yayılmasına cavab olaraq son vaxtlar görülən tədbirlər bu məsələdə vəziyyətin necə olması və Rusiyada hakimiyyətin varisliliyinin necə təmin edəcəyini planlaşdırdığı barədə bəzi təsəvvürlər yarada bilər.
Rusiyadakı liderlərin əksəriyyəti hələ ki, sağlam vəziyyətdədirlər, koronavirus epidemiyası ilə əlaqədar bəyanatlar verirlər və konfranslar keçirirlər. Söhbət prezident Vladimir Putindən və baş nazir Mixail Mişustindən, keçmiş prezident və baş nazir, indi Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən gedir. Amma, gizli bir kompleks kimi görünən, “ RF TŞ SM”( СЦ СБ РФ) adı altında Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi, FTX-nin keçmiş direktoru Nikolay Patruşevin fotoşəkili var. «RF TŞ SM» — «Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Situasiya Mərkəzi» deməkdir. Bu situasiya mərkəzi, ehtimal ki, Patruşevə Rusiya daxilində digər mərkəzləri idarə etməyə imkan verən situasiya mərkəzləri sisteminin nüvəsidir.
Hüquqi baxımdan, səlahiyyətlərin müvəqqəti varisliyi qaydasının əsası Rusiya Konstitusiyasına nisbətən daha aşağı hüquqi qüvvəyə malik olan, lakin adi federal qanunla müqayisədə daha yüksək hüquqi qüvvəyə malik olan Rusiya federal konstitusiya qanununda qoyulmuşdur.
Başqa bir əsas, 11 yanvar 1995-ci il tarixli 32 nömrəli prezident fərmanı ilə dövlət vəzifələrinin sıralamasını müəyyənləşdirən «Rusiya Federasiyasının dövlət vəzifələrinin icmal siyahısı» ola bilər. Siyahıda Federasiya şurasının sədri, sonra Dövlət Duması Federal Məclisinin sədri, həmçinin Rusiya Federasiyasının Konstitusiya və Ali Məhkəmələrinin sədrləri kimi dövlət vəzifələri sıralanır. Ancaq bu da dövlət orqanlarının idarəedilməsi üçün çox mübahisəli hüquqi əsas yaradır. Təhlükəsizlik Şurası burada heç bir yerdə qeyd olunmur ki, bu da güc strukturları üzərində qanunda nəzərdə tutulmuş vətəndaş nəzarətini göstərir. Amma praktikada Təhlükəsizlik Şurasının üzvləri asayişi qorumaq üçün hakimiyyəti ələ keçirməyə cəhd edə bilərlər.
Təhlükəsizlik Şurasının üzvləri, yüksək hazırlığı və Moskvadakı qapalı obyektlərə çıxışları sayəsində hakimiyyətin varisliyini təmin etmək üçün daha çox imkanlara sahibdirlər. Bu obyektlər haqqında məlumatların çoxu Patruşevin keçirdiyi videokonfrans kimi ciddi şəkildə məxfi olub, az məlumat verilsə də, Təhlükəsizlik Şurasının Covid-19 koronavirusunun yayılması təhlükəsinə ciddi yanaşdığını və mövcud imkanlardan yararlandığını sübut edir.
Redaksiyadan: Qeyd edək ki, koronavirus təhlükəsi bütün dünyada tüğyan etməyə başlayandan sonra istər Rusiya mətbuatında, istərsə də beynəlxalq KİV-də tez-tez Rusiya prezidenti Vladimir Putinin öz ətrafı tərəfindən hakimiyyətdən uzaqlaşdırılacağı barədə informasiyalar, rəylər, proqnozlar artmaqda davam edir. V. Putinin yaxın ətrafı içərisində Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin adı daha çox çəkilir.
Tərcümə etdi: İlham İsmayıl
