Koronavirus: rayon və şəhərlərə giriş-çıxış məhdudlaşdırıldı
Azərbaycanda digər rayon və şəhərlərə də giriş-çıxış məhdudlaşdırılır, Daxili İşlər Nazirliyi (DİN) açıqlayıb.
Bu tədbir koronavirus infeksiyasından vətəndaşların qorunması məqsədilə təsdiq olunub, DİN-in sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya bildirib.
Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov yerli mediaya bildirib ki, artıq infeksiya «regionlara da yayılmağa başlayır ki, buna da nəzarət etmək çətinləşir».
Cənab Zahidovun sözlərinə görə, zəruri nəqliyyat vasitələrinin — ərzaq, yük təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkətinə icazə verilir. Bu qərar aprelin 20-dək qüvvədə olacaq.
Ölkədə artıq 3 nəfər COVID-19 koronavirus infeksiyasına görə ölüb. 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. 15 nəfərin sağaldığı deyilir. Hökumət ölkə daxilində yoluxanların üstünlük təşkil etdiyini açıqlayıb.
Azərbaycanda 24 martdan 20 aprelədək xüsusi karantin rejimi elan edilib. Bu dövrdə zəruri nəqliyyat vasitələri istisna olmaqla Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.
Azərbaycanın Baş naziri Əli Əsədov əhalinin xüsusi karantin rejiminə əməl etmədiklərini açıqlayıb.
Sosial şəbəkələrdə koronavirusa görə işləri dayanmış şəxslər kirayə, kredit, kommunal ödənişlər və dolanışıq üçün maddi problemlərlə üzləşdiklərindən şikayətləniblər. Eyni səbəblərdən günəmuzd işləyən bəzi vətəndaşlar da evdən çıxmaq məcburiyyəti ilə üzləşdiklərini qeyd edirlər.