Azərbaycanda bu gündən xüsusi rejim tətbiq olunur
Azərbaycanda 24 mart 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.
Bu, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə edilir.
Ölkədə hazırda aktiv koronavirus xəstələrinin sayı 61-dir, onlardan üçünün vəziyyəti orta-ağırdır. Rəsmi qurumlara əsasən, Azərbaycanda koronavirusdan 11 nəfər sağalıb, bir nəfər ölüb. Bu da indiyədək yoluxanların ümumi sayını 72-ə çatdırır.
Bu müddətdə nə etmək olar və olmaz?
- 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.
- Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırısın.
- Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın.
- Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin.
- Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.
- İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.
- İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin.
- İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin;
- Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və «Mall»arın fəaliyyəti dayandırılsın;
- Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin.
Xüsusi karantin rejimin tələblərinin icrasına Daxil İşlər Nazirliyi nəzarət edəcək.
Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyə çağırıb.
Qurum koronavirus simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi tövsiyə edib./BBC/