Azərbaycanda koronavirus analizi üçün hara müraciət etməli? 5 suala cavabda
İranda koronavirusa yoluxma halları baş verdikdən bir neçə gün sonra Azərbaycan sərhədləri bağlasa da, ölkədə 3 koronavirus hadisəsi qeydə alınıb.
Azərbaycan hökuməti bütün təhsil müəssisələrində tədrisi dayandırıb, bəzi kütləvi tədbirlər təxirə salınıb.
BBC News Azərbaycanca koronavirusa yoluxub-yoluxulmadığını, bununla bağlı analizi harada verməli, onun hansı əlamətləri hiss edildiyi zaman həkimə müraciət etməli olduğunu 5 suala cavabda izah etməyə çalışıb.
Koronavirusa görə analiz harda aparılır?
Azərbaycanda koronavirusla bağlı laborator müayinəni yalnız müəyyənləşdirilmiş xüsusi dövlət tibb müəssisələri apara bilər.
Nazirləri Kabineti xəbərdarlıq edib ki, analizi hər yerdə aparmaq olmaz. Ancaq müəyyənləşdirilmiş xüsusi dövlət tibb müəssisələri bu testi edə bilər.
Bundan başqa digər yerlərdə koronavirusun müəyyənləşdirilməsi analizinin aparılması qadağandır.
«Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir,» — qurum bildirib.
Koronavirusa görə yoxlanmaq istəyənlərə «ən yaxın klinika» yox, təcili yardım xidmət göstərir.
Ona görə də özündə respirator xəstəlik əlamətləri hiss edən şəxslər təcili yardıma müraciət etməlidirlər.
Bunun üçün 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng etmək lazımdır.
Kimlər koronavirusa görə analiz verməlidirlər?
Hazırda xəstəliyin geniş yayıldığı bölgələrdən gələnlər və ya onlarla təmasda olanlar, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olanlar analiz verməlidir.
Bu analiz və tibbi müayinə dövlət büdcəsi hesabına aparılır.
Qızdırmam var, koronavirusdan şübhələnməliyəmmi?
Hazırki vəziyyətdə həkimlər hesab edirlər ki, qızdırması qalxan adam mütləq həkim müayinəsindən keçməlidir. Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, qızdırma varsa, bu, şübhə altına alınmalıdır. Əlamətlərin birinin olması belə ehtiyatlılıq tələb edir, yəni, həkimlər buna «adi qrip» kimi baxmamağı tövsiyə edir.
Başqa əlamətlər koronavirusdan şübhələnməyə əsas verir?
Professor Adil Qeybulla deyir ki, qızdırma, halsızlıq, ishal halları koronavirusun əsas əlamətləri ola bilər. Öskürək və burun axması əlamətləri sonradan özünü göstərir. Ümumi halsızlıq, nəfəs darlığı, boğazda qıcıqlanma, ürəkbulanma bu virus üçün xarakterikdir. Bu hallar ikinci gün davam etdiyi təqdirdə təcili həkimə müraciət olunmalıdır./BBC/