Prezident İlham Əliyev Qazax və Şəmkirdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub.
Veteran.az xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.
***
Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.
Veteran.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Şəmkirçay su anbarının ehtiyatlarının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilən və ümumi tutumu 164 milyon kubmetr olan anbar əkin sahələrinin suvarılması ilə yanaşı, respublikanın qərb bölgəsində yaşayan əhalinin içməli su təminatına da töhfələr verməkdədir. Burada toplanan suyun içməli su standartlarına uyğun olması, eyni zamanda, təbii durulmadan keçməsi nəzərə alınaraq anbardan həm də içməli su mənbəyi kimi istifadəyə qərar verilib. Anbarın relyef baxımından Gəncə, Şəmkir, Samux şəhərlərindən yüksəklikdə yerləşməsi yaşayış məntəqələrinin özüaxımlı rejimdə dayanıqlı su təchizatına imkan yaradır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı gündə 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa edilib. Bu kompleks məhsuldarlığına görə Azərbaycanın regionlarında tikilmiş ən böyük içməli sutəmizləyici qurğudur.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun aqrar sənaye kompleksində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Sonra Prezident İlham Əliyev Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin açılışında iştirak etdi.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov kompleksin texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.