21.11.2024

Məmmədəmin Rəsulzadənin şəkli olan avro-nun təqdimatı keçirildi

Türkiyəli aydınlar, iş adamları Özgür Honça bəy və İbrahim Gölgeli bəy Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımıza böyük bir hədiyyə etmişlər.  Onlar Avropa Mərkəz Bankının  Fransanın “Obhertur” mətbəəsində, üzərində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmmədəmin Rəsulzadənin və Bakı Fatehi, Qafqaz İslam Ordusunun Komandanı general-leytenant Nuri Paşanın rəsimləri olan 0 Euro suvenir xatirə pul nişanı buraxdırmağa nail olmuşlar. Qeyd etdiyimiz kimi, bu  pullar əsil Euronun çap olunduğu mətbəədə çap olunub və eynilə Euro əskinasının çap edildiyi kağızdandır.

Məlumat üçün bildirək ki, bu tip suvenir banknotları Avropa Mərkəzi Bankının nəzarətində olan Euro Banknote  Memory  Şirkəti həyata keçirir. Hansı ki, orada həqiqi Euro çap edilir. Bu banknotları çap etmək üçün Euro Banknote  Memory şirkətindən lisenziya alan şəxslər tələb olunan pul vəsaitini ödəməklə istədikləri suveniri basdıra bilərlər. Təəssüf ki, Azərbaycandan indiyədək belə bir lisensiyaya sahib olanımız yoxdur. Qardaş Türkiyədən isə bu lisenziyaya sahib olan İbrahim Gölgeli bəydir. Suvenirin şifarişçisi olan Özgür Honça bəy İbrahim bəylə əlaqə yaradaraq fikrini bildirmiş, layihəsini təqdim etmişdir. Bundan sonra ürəklərində Türk, Millət  Sevdasıyla yaşayan hər iki gənc ziyalı bütün maddi-maliyyə yükünün altına girərək tələb olunan vəsaiti ödəmiş və bu gün təqdimatı keçirilən həmin xatirə pul nişanının çap edilməsinə nail olmuşlar. 

Tədbirə aid yayınlanmış press realize görə, ermənilər bir-iki ay öncə üzərində “Republic of Artsax” yazılan provokasiya xarakterli  0 Eeuro buraxmağa hazırlaşırdılar. Banknotun üzərində isə “Qarabağ Azərbaycan tərəfindən işğal olunmuşdur” sözü yazılmışdı. Araşdırmalardan öyrəndik ki, bu banknot  Almaniyada lisenziyası olan bir erməni tərəfindən sifariş verilmişdir. Banknot, Almaniya Mərkəzi və Avropa Bankı ilə əlaqəli şirkət tərəfindən buraxılmalı idi. Bu hadisədən xəbər tutan Türkiyəli iş adamı Özgür Honça və lisenziya sahibi İbrahim Gölgeli ermənilərin bu təxribat əməllərinə qarşı bir savaşa başlayırlar. Bu ədalətsizliyin qarşısında sipər olmaq üçün mərkəzə qədər şikayət edir, təxribat xarakterli banknotun çapını və yayınını dayandırmağı tələb edirlər. Yalnız onların mübarizəsi ilə təxribatın qarşısı alınır və banknotların çapı birdəfəlik dayandırılır, çap olunanlar isə zibil qutusuna göndərilir.  

Layihənin müəllifi Özgür Honça gördüyü bu böyük işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söylədi. «Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk ve daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik.


Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək. İnşallah nəsib olursa xatirə pulunun ilk nömrəsini Azərbaycan Prezidenti cənab İlham Əliyevə də hədiyyə etmək istəyirik», — deyə o bildirib.


Araşdırmacı yazar Atilla Oralın sözlərinə görə,  Özgür bəyin böyük zəhmətilə meydana gələn avro xatirə pul nişanının üzərində dalğalanan Türkiyə və Azərbaycanın ay ulduzlu bayraqları fonunda iki böyük tarixi şəxsiyyətin rəsmini görmək olduqca qürurvericidir. «Bu eyni zamanda birliyimizin, sevgimizin, sevdamızın misalıdır. İnanıram ki, hədiyyə Azərbaycan xalqı tərəfindən böyük maraqla, sevgilə qarşılanacaq», — deyə Atilla Oral əlavə edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: