Daha bir gənc fəal deputatlığa öz namizədliyini verib
Parlamentə düşmək istəyən gənclərin sayı durmadan artır. Daha bir gənc fəal lazımi imzaları toplamaq üçün imza vərəqləri götürüb.
Bu barədə Məhsəti Hüseynova öz facebook səhifəsində yazıb: «Əziz və dəyərli dostlar, namizədliyimin müdafiəsi üçün imza vərəqələrini seçki dairəsindən aldıq!
İnşallah bu gündən lazım olan 450 imzanı toplamağa başlayırıq.
Dost-tanışlarımızı, yaxınlarımızı, qohumlarımızı, toplasaq əminəm ki, 2 günə bundan da artıq səs toplaya bilərik.
Amma, istəyimiz budur ki, seçicilərlə tanış olaq, həm onların istəklərini, problemlərini dinləyək, həm nələr etmək istədiyimizi açıqlayaq, həm də məni dəstəkləyirlərsə imzalarını alaq.
Dəyərli Dostlar, Nərimanov rayonunda, 20-saylı 2-ci seçki dairəsi ərazisində rəsmi qeydiyyatda olanlar və imza vermək istəyənlər varsa, müraciət etsinlər, vaxt təyin edib gəlib həm özləri ilə, həm qonşuları ilə görüşüb tanış olaq.
Bu işdə kömək olmaq istəyən hamıya əvvəlcədən təşəkkür edirəm.
Hər şey Azərbaycanın Sağlamlığı və Xoşbəxtliyi üçün!!!”
Xatırladaq ki, Məhsəti Hüseynova uzun illər ərzində düzgün qidalanma və sağlam həyat tərzinin əhəmiyyətini uşaq və yeniyetmələrə, gənclərə, valideynlərə çatdırmaq üçün uşaq bağçalarında, məktəblərdə, ali təhsil ocaqlarında maarifləndirici tədbirlər keçirir, insanları sağlamlıqlarının qayğısına qalmağa səsləyir.
Bir insanın şəxsiyyət kimi formalaşmasında milli mənəvi dəyərlərə sahib çıxması və gələcək nəsillərə çatdırılması, uşaq və yeniyetmələrin vətənpərvər ruhda yetişməsi, dövləti və millətini sevməsi üçün çoxsaylı vətənpərvər layihələrə imza atıb.
“Sağlam qidalanma”, “Geni dəyişdirilmiş orqanizmlər”, “Qida təhlükəsizliyi”, “Düzgün həyat tərzi”, “Gəncləri zərərli vərdişlərdən uzaqlaşdırma”, “Narkomaniya və alkoqolizmə yox deyək”, “Gender zorakılığı”, “Erkən nigahın fəsadları” və s. kimi mövzularda keçirilmiş tədbirlərdə ekspert-təlimçi kimi öz töhfəsini verib.
Qida Təhlükəsizliyi Hərəkatının və www.saglamqida.az saytının həmtəsisçisidir. Həmçinin Azərbaycan, Türkiyə, Gürcüstan üzrə “Tarixə səyahət” layihəsinin rəhbəri olub.
Bunlarla yanaşı Portland Istanbul NLP Academi International Group və Yeditepe Üniversitesində “Yaşam Koçluğu” üzrə təhsil aldıqdan sonra Yaşam Koçu kimi də fəaliyyət göstərir.
“Xalqın seçimi – İlhamla irəli”, “Cümhuriyyət üçün rəqs et!”, «9 noyabr — DÖVLƏT BAYRAQ GÜNÜ” flaşmob aksiyasında quruluşçu rəssam olaraq çıxış edib.
Azərbaycan dilində ilk dəfə “Qida təhlükəsizliyi və Geni dəyişdirilmiş orqanizmlər” mövzusunda nəşr olunan “Qida təhlükəsizliyi və İnsanı məhvə aparan genetik silah –GDO” adlı 2 hissəli kitabın (2017) və “Sağlam gələcək sağlam qidadan başlayır” (2019) kitablarının həmmüəllifidir.
Gənc namizəd Məhsəti Hüseynovaya uğurlar diləyirik!
Ə.N. Zərdabi/Veteran.az/