01.07.2025

AZƏRBAYCANIN 12 GENERALI, 46 POLKOVNİKİ GÜLLƏLƏNƏRƏK ŞƏHİD EDİLDİ

İşğalçı ordunun başında rus işğalçıları ilə birlikdə yerli kommunistlər də var idi

Cümhuriyyətin ömrü qısa çəksə də bir çox ilklərin yaşandığı dövr olaraq tariximizdə önəmli bir yerə sahibdir. Cümhuriyyət dönəmində yaşanan ilklərdən biri də Azərbaycan Cümhuriyyəti ordusunun qurulmasıyla, əsrlər boyu xalqımıza unutdurulmağa çalışılan hərb sənətinin yenidən bərpa olması oldu.

Daxildəki bolşeviklərin də dəstəyi ilə 1920-ci ildə Azərbaycan bolşevik işğalına məruz qaldıqdan sonra cümhuriyyət ordusunun minlərlə əsgəri, 12 generalı, 46 polkovniki, 414 nəfər digər rütbəli hərbi qulluqçusu güllələndi. Azərbaycan ordusundan yalnız 1200 nəfərlik bir hərbi birlik savaşa-savaşa geriyə çəkilərək Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır.

Bunlardan biri də Azərbaycan Cümhuriyyəti ordusunun zabiti, cümhuriyyət mühacirlərindən, Türkiyənin Qurtuluş savaşı iştirakçısı, Türkiyə silahlı Qüvvələrinin polkovniki Baba bəy Behbuddur.

Polkovnik Baba bəy Behbud 1897-ci ildə Şuşada anadan olmuşdur. Azərbaycanın məhşur nəsillərindən olan, adını Qarabağ xanlığının qurucusu Pənahəli xan Sarıcalı Cavanşirin qardaşı, Qarabağ xanlığı ordusunun sərkərdəsi Behbudəli bəy Sarıcalı Cavanşirdən alan, Azərbaycan üçün görkəmli şəxsiyyətlər yetişdirmiş Behbudovlar nəslinin bir nümayəndəsidir. Rəşid Behbudov da bu nəslin nümayəndəsidir.

28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra, Gəncədə yaradılan hərbi məktəbdə təhsil almışdır. Azərbaycan Cümhuriyyəti ordusunda xidmətə Qarabağ süvari alayında zabit olaraq başlamışdır. Bir zabit olaraq 1918-ci ilin sonlarından etibarən Qarabağda erməni seperatçıların zərərsizləşdirilməsi, Şuşada və ətraf bölgələrdə asayişin bərqərar olmasında böyük xidmətlər göstərmişdir. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Baba bəyin xidmət etdiyi süvari alayı göstərdikləri xidmətə görə hərbi nazirin şəxsi təşəkkürünü almışdır.

Ermənistan hökumətinin dəstəyi ilə 1919-cu ilin martın 21-də Novruz bayramı gecəsində silahlanmış erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələriylə bərabər Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfləti hücum edib postlarda olan azsaylı qüvvələri şəhid edərək, Əsgəran yolunu bağlayırlar.

Əsgəran bölgəsində başlanan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsiylə yekunlaşır, Əsgəran qalasıyla bərabər Qarabağın digər bölgələri də düşməndən azad edilir. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir.

Azərbaycanın rus bolşevikləri tərəfindən işğalından sonra Türkiyədə yaşadığı müddətdə azərbaycanlı mühacirlərlə sıx əlaqədə olur. Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşlarından olan polkovnik Baba bəy Behbud Azərbaycan Kültür Dərnəyinin qurulmasında və fəaliyyətində yaxından iştirak edir.

Vətən eşqi ilə ömrünü sona vuran Baba bəy 1970-ci ildə vəfat edir.

Rəhmətə yad edirik.

Qeyd: Fotodakı şəxs Türkiyədə ordu quruculuğunda önəmli rol oynamış Baba bəy Behbuddur.

DİFAİ TƏŞKİLATI (Fb)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: