«TANAP Türkiyə və Azərbaycan, eləcə də digər qonşu xalqlara fayda verəcək» — İlham Əliyev
Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində TANAP-ın II hissəsinin açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə TANAP — Transanadolu qaz boru xətti layihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Veteran.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edib:
«Bu gün 4 il öncə təməlini qoyduğumuz TANAP Avropa sərhəddinə çatıb. Bu münasibətlə hamımızı təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq. TANAP Türkiyə və Azərbaycan xalqlarına, eləcə də digər qonşu xalqlara fayda verəcək. Ancaq bizi TANAP-a gətirən yol 2012-ci ildə başlanıb. Tarixi İstanbul razılaşması nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı və bu iki ölkənin siyasi iradəsi nəticəsində mümkün oldu. Buna qədər çox böyük müzakirələr aparılsa da nəticəsiz qalmışdır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla qərara gəldik ki, bu nəhəng layihəni həyata keçirək. Bugün bu layihəyə qoşulan əsas tərəfdaşımız BP şirkətidir. Lakin əsas maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür.
Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layihənin ölkələr arasındakı köklü dostluğun simvolu olduğunu deyib.
“TANAP-la ildə 16 mlrd. kubmetr Azərbaycan təbii qazının Türkiyə və Avropanın istifadəsinə təqdim edilməsi xəyaldan çıxıb reallığa çevrilib. Ölkələrimiz və bölgəmiz üçün tarixi bir andır. Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq səyləri nəticəsində 7 il yarımlıq uzun bir müddətin uğurla başa çatmasının qürurunu yaşayırıq. TANAP Azərbaycan, Gürcüstan və Türkiyədən Avropaya TAP xəttinə bağlanır, oradan da Bolqarıstan, Yunanıstan, Makedoniya, Serbiya, Bosniya və Herseqovina kimi ölkələr bundan istifadə edir. Bu mənada TANAP-ın regional sülh layihəsi olduğunu qeyd etməliyəm. TANAP köklü dostluğun simvoludur».