14.12.2024

Pensiyaçı veteranlara sosial güzəştlər əvəzinə təyin olunan müavinət niyə kəsilir?

Ölkəmizdə «müharibə veteranı» statusu olan şəxslərə 2006-ci ildən etibarən kommunal, nəqliyyat xərcləri üzrə güzəştlərin əvəzinə aylıq müavinət kimi təyin edilib.

Bu müavinətin verilməsi müharibə veteranlarının sosial müdafiəsinə yönəldilib və dövlətin həmin kateqoriyadan olan vətəndaşlara qayğısını əks etdirir. Qeyd edim ki, veteran müavinətinin verilməsində «Fədai» qəzetinin apardığı ardıcıl mübarizə və nəhayət millət vəkili, H. Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın məsələyə diqqətlə yanaşması sayəsində veteranlara kompensasiya verilməsi məsələsi öz həllini tapdı və bunu hər bir veteran yaxşı xatırlayır. Bu vəsait xüsusi müavinət növüdür. Belə ki, işləyib-işləməməsindən asılı olmayaraq, onun bütün müharibə veteranlarına verilməsi təyinatı üzrə müəyyən olunub və prezidentin fərmanına uyğun oaraq həyata keçirilib.

Son illər müharibə veteranı müavinətinin məbləği dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq bir neçə dəfə artırılıb. Hazırda bu məbləğ 55 manat təşkil edir.

2012-ci ildən etibarən müharibə veteranlarının bir qrupu veteran müavinətini ala bilmir. Söhbət əmək pensiyası alan müharibə veteranlarından gedir. Problemin mahiyyətini araşdırdıqda ziddiyyətli məqamlar ortaya çıxır. Aydın olmayan əsas məsələ odur ki, əmək pensiyası alan və almayan müharibə veteranlarına müavinətin ödənilməsində fərq qoyulur. Bu vəsaitdən 11 manat saxlanmaqla verilməsi də bir ziddiyətdir.

Dövlət Sosial Müdafiə Fondu əmək pensiyası alan müharibə veteranlarına veteran müavinətinin verilməsindən «imtina edir». Belə çıxır ki pensiyaya çıxan veteran öz veteranlığından könülü imtina edir. DSMF bu addımının «Sosial müavinətlər haqqında» 07.02.2006-cı il tarixli Qanunun tələblərindən irəli gəldiyini bildirir. Belə ki, həmin qanunun 7.0.6-cı və 11.1.5-ci maddələri əmək pensiyası almaq hüququ olan şəxslərin kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlə təmin olunmasını istisna edir. Ancaq maraqlıdır ki, DSMF «Sosial müavinətlər haqqında» Qanunun tələblərini öncədən deyil, yalnız 2012-ci ildən etibarən tətbiq etməyə başlayıb. Həmin vaxtadək isə pensiyaçı veteranlara müavinətin verilməsi davam etdirilib. Özü də işləyən müharibə veteranlarından fərqli olaraq, pensiyaçı müharibə veteranlarına verilən müavinətin məbləği az olub. Halbuki, veteran müavinətinin məbləği mütəmadi olaraq artırıldığı halda, pensiyaçı müharibə veteranları bu artımlarla təmin edilməyib.

Müharibə veteranı əmək pensiyası almaq hüququ əldə etdikdə veteran statusunu itirə bilərmi?

Bu sualla AVMVİB sədrinin hüquq və sosial məsələlər üzrə müavini Abbas Hüseynliyə müraciət etdik. O, dedi: «Xeyr, bu mümkün deyil. Bu cəmiyyətdə sosial statusdur və bu müavinət də sosial statusa görə müəyyən edilir. Belə olan təqdirdə müharibə veteranı onun üçün nəzərdə tutulan müavinətdən niyə məhrum edilir? Əmək pensiyası müvafiq iş stajına görə təyin olunur və vətəndaşın əmək fəaliyyətinə bağlı məsələdir. Müharibə veteranı müavinəti isə bu kateqoriyadan olan vətəndaşlara verilən bir imtiyazdır. Bu imtiyazla əmək pensiyası məsələsinin qarşı-qarşıya qoyulması pensiyaçı müharibə veteranları üçün bir müşkülə çevrilib. Məhz buna görədir ki, onlardan bir qismi məsələnin çözüm yolunu məhkəmədə görür. Diqqətçəkən faktdır ki, son dövrdə məhkəmələr bu məsələ ilə bağlı müharibə veteranlarının xeyrinə qərarlar çıxarıb. O qərarlarda göstərilir ki, 2006-cı ildə «Sosial müavinətlər haqqında» Qanun qəbul olunduqdan sonra Prezidentin müavinətlərlə əlaqədar 613 nömrəli, 26.12.2001-ci il tarixli və 257 nömrəli, 11.07.2005-ci il tarixli fərmanları öz qüvvəsini itirməyib. Həmin qərarlarda müharibə veteranı müavinətinin ödənilməsinin davam etdirilməsi vəzifəsi DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə olunub. Beləliklə, AVMVİB üzvü olan veteranlarımız məhkəmə qərarlarından sonra DSMF müvafiq müavinətin verilməsini bərpa ediblər. Məhkəmələrə müraciət etməyən pensiyaçı müharibə veteranları isə müavinət probleminin həll olunacağını gözləyir. Nəzərə almaq lazımdır ki, əksər müharibə veteranlarının uzun-uzadı məhkəmə proseslərindən keçməyə imkanı yoxdur. Onların bir çoxunun səhhəti buna imkan vermir. Həmçinin, məhkəmələrdə vəkil dəstəyi lazımdır. Vəkilin xidmətləri isə pulludur. Buna da veteranların maddi imkanı yetmir.

Pensiyaçı veteranlara sosial güzəştlər əvəzinə təyin olunan müavinət niyə kəsilir?

Elə məsələlər olur ki, dövlət orqanı onu öz səlahiyyətləri çərçivəsində həll edə bilmədikdə yuxarı icra qurumlarına müraciət edilməsi labüddür. Pensiyaçı müharibə veteranlarının müavinət məsələsinə də DSMF adekvat reaksiya verməlidir. Bu fondun və daha sonra nazir olmuş Səlim Müslümovun qanuna zidd əməllərindəndir və digər sahələrdə törətdiyi dağıntıları veteranların kompensasiyası ilə kompensasiya etməyə çalışmasının göstəricisidir. Bir dəfə parlamentdə hesabat verərkən sabiq nazir S. Müslümov təqaüddən qənaət etdiyini bildirmişdi. Amma heç bir millət vəkili soruşmadı ki, bu mümkünsüz oan işi necə etmisiniz?

Bunun bir dövlət əhəmiyyətli məsələ olduğu və kifayət qədər ictimai maraq doğurduğu nəzərə alınaraq problemin həlli yolunda addımlar atılmalıdır. Belə yanaşma, istər DSMF, istərsə də digər aidiyyəti dövlət qurumlarına etimadın qorunub saxlanması üçün vacibdir. DSMF bu məsələdə öz arqumentlərini bəyan etməklə kifayətlənməməlidir. Pensiyaçı veteranlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də bu problemin həllinə yönəlik addımlar atmasını zəruri hesab edir. Çünki bütün növ sosial müavinətlərin təyin olunması və verilməsi mexanizmləri ilə əlaqədar səlahiyyətlər bu nazirliyin funksiyasına aiddir. Həmçinin, «Sosial müavinətlər haqqında» Qanun hazırlanarkən ƏƏSMN-nin də rəyi nəzərə alınıb. Həmin qanunun tətbiqindən sonra əmək pensiyaçısı olan müharibə veteranlarının veteran müavinəti ala bilmədiyi nazirliyə yaxşı məlumdur».

Müharibə veteranları ölkəmizin suverenliyi və ərazi bütövlüyünün müdafiə olunmasında iştirak etmiş və fədakarlıq göstərmiş insanlardır. Onlar cəmiyyətimizin imtiyazlı üzvləridir. Müharibə veteranlarının sosial problemlərinin həlli cəmiyyətdə vətənpərvərlik tərbiyəsi baxımından da əhəmiyyət kəsb edir.
Bütün bu amilləri əsas götürərək, pensiyaçı müharibə veteranlarına veteran müavinətinin verilməsini müvafiq qanundakı boşluqların, yoxsa bürokratik əngəllərin mümkünsüz etdiyi araşdırılmalıdır. Ümumiyyətlə, ayrı-ayrı dövlət qurumlarının veteran müavinəti ilə bağlı məsələləri tənzimləyən normativ-hüquqi aktları fərqli formada şərh etməsinə aydınlıq gətirilməlidir.

Çünki əslində belə kompensasiyalar daha çox yaşlı adamlara lazımdır. Mövzunu gündəmdə saxlayacağıq. Materialın hazırlanmasında yerli KİV-lərdə gedən materiallardan istifadə olunmuşdur…

Müəllif: Elnur SƏLİM

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: