20.01.2026

AVMVİB kollektivi 20 yanvar şəhidlərini ziyarət edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Bakı şəhəri və Bakı ətrafı rayon şöbə sədrləri və birlik üzvləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad olunmuş, məzarları üzərinə qərənfillər düzülmüş, ruhlarına dualar oxunmuşdur. AVMVİB tərəfindən təşkil edilən bu anım mərasimi xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını və şəhidlərimizin müqəddəs xatirəsinə olan sonsuz hörmətini bir daha nümayiş etdirmişdir.

AVMVİB sədri Füzuli Rzaquliyev “Veteran TV”yə verdiyi açıqlamada bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan tarixində təkcə faciəvi bir gün kimi deyil, eyni zamanda xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin şərəfli mərhələsi kimi qiymətləndirilməlidir. O vurğulamışdır ki, bu hadisə milli iradənin, azadlıq ruhunun və istiqlal yolunda göstərilən cəsarətin parlaq təzahürüdür. Sədrin sözlərinə görə, həmin dövr xalqımızın uzun illər üzləşdiyi ədalətsizliyə qarşı etiraz səsinin dünyaya çatdırıldığı və müstəqillik yolunda qətiyyətli mövqe nümayiş etdirdiyi bir mərhələ olmuşdur.

Füzuli Rzaquliyev çıxışında onu da qeyd etmişdir ki, 20 Yanvar faciəsi yalnız qanlı hadisə kimi deyil, həm də Azərbaycanın gələcək tarixi uğurlarına aparan yolun başlanğıcı kimi dəyərləndirilməlidir. “Bu tarixi yaddaşımızdan silməməli, hər zaman yaşatmalı və onun dərslərini gənc nəsillərə ötürməliyik. Keçmişdən nəticə çıxarmaq, gələcəyin vətənpərvər, şüurlu gənclərinin formalaşması baxımından son dərəcə önəmlidir,” -deyə o, fikrini tamamlamışdır.

Anım tədbirində iştirak edən AVMVİB üzvləri, şəhid ailələrinin nümayəndələri və digər qonaqlar Azərbaycan xalqının müstəqillik uğrunda verdiyi qurbanların heç vaxt unudulmayacağını, şəhidlərin xatirəsinin daim uca tutulacağını bildirmişlər. 20 Yanvar hadisələri xalqımızın milli kimliyinin formalaşmasında mühüm rol oynayan, azadlıq mübarizəsinin rəmzi kimi tariximizdə əbədi yer tutacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

AVMVİB-in Mətbuat Xidməti

Whats-App-Image-2026-01-20-at-19-48-23

Whats-App-Image-2026-01-20-at-19-48-23-(1)

Whats-App-Image-2026-01-20-at-19-48-23-(2)

Whats-App-Image-2026-01-20-at-19-48-23-(3)

Whats-App-Image-2026-01-20-at-19-48-23-(4)

Whats-App-Image-2026-01-20-at-19-48-24

Whats-App-Image-2026-01-20-at-19-48-24-(1)

Whats-App-Image-2026-01-20-at-19-48-24-(2)

Whats-App-Image-2026-01-20-at-19-48-24-(3)

Whats-App-Image-2026-01-20-at-19-48-25

Whats-App-Image-2026-01-20-at-19-48-26

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: