Şəhid Xəyyam Əlixan oğlu Əliyevin xatirə tədbiri keçirildi
22 noyabr 2025-ci il tarixində H. Abbasov adına Mədəniyyət Mərkəzində şəhid Xəyyam Əlixan oğlu Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri yüksək səviyyədə baş tutdu. Zalda yerlər tam dolu idi. Tədbirdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, veteranlar, məktəb direktorları, müəllimlər, şagirdlər, ictimaiyyət nümayəndələri və şəhidin xidmət dostları iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu və şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbirin təşkilatçısı, TELANGROUP MMC-nin təsisçisi və direktoru Gülnarə Cəbiyeva qonaqları salamlayaraq tədbirin məqsədi və hazırlıq prosesi barədə məlumat verdi. Tədbirin aparıcısı Aytən Əliyeva şəhidin həyat yolunu əks etdirən təqdimatla çıxış edərək mərasimin emosional ab-havasını formalaşdırdı.
Şəhid övladı Məzahir Fikrətoğlu Xəyyam Əliyevə həsr etdiyi mahnı ilə tədbirə duyğulu anlar yaşatdı. Tədbir zamanı şəhid Xəyyam Əliyevin həyat və döyüş yolunu əks etdirən sənədli filmdən bir hissə nümayiş etdirildi və zalda duyğulu anlar yaşandı. Qazi Malik Cəbiyev (Naxçıvan Qazilər Birliyinin Veteranlar Şöbəsinin sədri, müharibə iştirakçısı) qürurla çıxış edərək şəhidin qəhrəmanlığından danışdı. 255 nömrəli məktəbin direktoru Mətanət xanım, 128 nömrəli məktəbin direktoru Sədaqət Əliyeva, həmçinin 322 nömrəli məktəbin müəllimləri adından Həmkarlar İttifaqı sədri çıxış edərək şəhidin igidliyini xüsusi vurğuladılar.

