Şəhid Teymur Allahverdiyev – əbədiyyətin səssiz sərkərdəsi
14 iyul 1967-ci ildə Neftçala rayonunun qədim və mərd ocaqlarından olan Qaçaqkənddə bir igid doğuldu – Teymur Qüdrət oğlu Allahverdiyev. Onun həyat yolu sıradan bir ömür deyildi – bu, torpağa sədaqətin, vətənə əhdin və şəhidliyə aparan müqəddəs yolun adıdır. Əfqanıstan döyüşlərində sərt qayalarla üz-üzə gələn, dağ döyüşlərinin taktikasını əzbər bilən Teymur, Vətənin müdafiəsinə qalxanda artıq ölümə yox, əbədiyyətə gedəcəyini bilirdi. Qurani-Kərim buyurur: — “Allah yolunda öldürülənləri ölü zənn etməyin. Onlar diridirlər, Rəbbinin dərgahında ruzi alırlar.” Bu ilahi müjdə Teymur kimi şəhidlərin taleyini səsləndirir. 1992-ci ilin 8 mayında – Şuşanın müdafiəsi zamanı itkin düşdü. Amma “itkin” sözü yalnız bəşər dilindədir, çünki şəhidin ruhu heç vaxt itmir, o, Vətənin damarlarında axan qandır. 33 il sonra – 31 oktyabr 2025-ci ildə, doğulduğu torpaq yenidən onu qucaqladı. Qaçaqkəndin mübarək torpağı Teymur balasını qoynuna aldı – torpaq şəhidini, şəhid torpağını tapdı. Şəhidin ölümü yox, diriliyidir. Çünki maddi bədən torpağa qarışır, lakin ruh ilahi nura qovuşur. Teymur kimi şəhidlər Allahın “Əl-Həyy” – Əbədi Dirilik sifətində yaşayarlar. “Məni candan usandırdı, cəfadan yar usanmazmı?” Bu vətən sevdasında da, şəhidlər “can”dan usanmadılar – çünki sevgi onların imanına çevrilmişdi. Qardaşları – Sehranın və Seymurun xatirələrində Teymurun bir cizgisi var: qorxusuzluq.
Bu qorxusuzluq fitrətdən gəlirdi, çünki o, ölümü bir son deyil, şərəfli başlanğıc bilirdi. “Öləndə qoynunda qoy ölüm ki, mən, Çürüyüm, bir ovuc torpağın artsın.” O torpaq indi artdı, çünki Teymurun adı ilə, ruhu ilə, şəhid qanı ilə pütöv oldu. Bu gün Neftçala camaatı, AVMVİB-nin Neftçala rayon şöbəsi, “Qocalar Döyüşə Gedir” qrupu şəhidin önündə baş əydi. Əbədiyyət mərasiminə rəhbərlik edən AVMVİB sədri Füzuli Rzaquliyev, 93 min müharibə veteranı və bütün şəhid ailələri adından dedi: “Başın sağ olsun, Vətən! Biz var olduqca, şəhidlər unudulmayacaq!”
Tədbirdə AVMVİB-nin Neftçala rayon şöbəsinin sədr müavini Rəhim Məmmədov, Bankə özək sədri Arif Abbasov, üzvlər Murad, Şahin və digər igid veteranlar iştirak etdilər. Onlar bir daha göstərdilər ki, şəhidlər biz veteranlara əmanətdir. Və biz o əmanəti son nəfəsimizə qədər qoruyacağıq. Vətən torpağı şəhid qanı ilə müqəddəs olur. O torpağa səcdə edən alnın nurunu Allah artırır. Teymurun torpağa qovuşduğu an, sanki səma da dua edirdi: “Qayıtdın, igid! Ruhunla Vətən tamam oldu.” “Ey iman gətirənlər! Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər və addımlarınızı möhkəmləndirər.” Teymur Allahverdiyev – şəhid adı ilə əbədiyyətə yazılmış bir duadır. Onunla birgə torpaq artdı, Vətən bütövləşdi, iman qüvvətləndi. Ruhun şad olsun, Şəhid Teymur! Sənin torpağa qovuşduğun gün, biz bir daha anlayırıq ki: Vətən səni doğurdu, Vətən səni yaşadır, Vətən səni unutmayacaq.
Mübariz Eldar oğlu “Veteran.az” qəzetinin Şirvan–Salyan regional yazarı