Bir qəhrəmanın anım günü

Bu gün Azərbaycan Vətən oğlunun — Neftçala rayonunun igid qəhrəmanı, Şəhid Səmədov Sabuhi İbrahim oğlunun müqəddəs Anım Günüdür. Səmədov Sabuhi İbrahim oğlu 23 iyun 1985-ci ildə Neftçala şəhərinin Xıllı qəsəbəsində doğulmuşdu. O, uşaqlıqdan mərdliyi, vətənpərvərliyi və nizam-intizamı ilə seçilirdi. Vətən dar günə düşəndə, torpaqlar qana boyananda, o düşünmədən, tərəddüdsüz Milli Ordunun sıralarına — 177 saylı hərbi hissəyə könüllü yazıldı. Çünki hər igidin içində bir “Vətən çağırışı” var. O çağırışa biganə qalmaq — imansızlıq, dönmək isə — namərdlik olardı. Və 2020-ci ilin 9 oktyabrında, Füzuli istiqamətində gedən ağır döyüşlərdə, Qarabağın azadlığı uğrunda qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucaldı. Bu gün o torpaqlar azaddır, çünki Sabuhi kimi oğullar öz qanı ilə o torpaqlarda azadlıq ağacını suladılar. Onların canı ilə dirilən bu torpaq artıq sadəcə torpaq deyil — Vətəndir. Şəhid Sabuhi həm də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədr müavini, “AKKA” ləqəbli Məməd qardaşımızın bacısı oğlu idi. Atalar deyib: “İgid oğul dayısına oxşayar.” — Bu nəsildə igidlik yalnız qanla deyil, ruhla miras olub. Məməd qardaşımız həm Əfqanıstan, həm də Qarabağ müharibəsinin qazisidir — yəni bu ailə Vətənə sədaqətin, döyüş ruhunun və şərəfli irsin canlı simvoludur. AVMVİB-dən Başsağlığı Bu gün AVMVİB-nin Neftçala rayon şöbəsinin idarə heyəti və üzvləri Şəhidin anım mərasimində iştirak etdilər.
Tədbirdə AVMVİB-nin sədr müavini, psixoloq Rahim Manafov, başda AVMVİB sədri Füzuli Rzaquliyev olmaqla, 93 min müharibə veteranı adından Şəhid ailəsinə dərin hüznlə başsağlığı verərək dedi: — “AVMVİB hər zaman Şəhid ailələrinin və veteranların yanındadır, çünki bu yol – Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərlik etdiyi siyasi xəttin davamıdır. Biz bu xəttin əsgəriyik və bu yoldan dönməyəcəyik.” Daha sonra şəhidin məzarı ziyarət edildi, dua oxundu, və xatirə şəkilləri çəkildi. Rahim Manafov qeyd etdi: — “AVMVİB üçün Şəhidlər sadəcə keçmiş deyil — bu xalqın gələcəyini işıqlandıran nurlardır. Biz onları heç zaman unutmayacağıq.” Şəhidlik — insanın varlığının ən ali mənasıdır. O, həyatla ölüm arasındakı qapıda dayanıb, “mən Haqq üçün varam” deyən bir ruhdur. Şəhidlik, “özünü başqaları üçün fəda etmək”dir — bu, insanın varlıqdan yoxluğa deyil, yoxluqdan Haqqa qovuşması deməkdir. Həzrət Əli (ə) buyurub: — “Şəhidin qanı, peyğəmbərlərin mürəkkəbindən daha üstündür, çünki biri haqqı yazır, digəri haqq üçün can verir.” Hər bir şəhid torpağın sinəsində uyuyan nur mənbəyidir. O nurla Vətən işıqlanır, o nurla millət dirilir. Bu torpaq, bu hava, bu səma — hər biri Sabuhi kimi igidlərin əmanətidir. Əgər bu gün biz azad nəfəs alırıqsa, o nəfəsin hər damlasında bir şəhidin nəfəsi var. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.” Bəli… Sabuhi də torpağı Vətənə çevirən o ilahi ruhlardan biridir. O, Allah yolunda can verərək, torpağı Haqqa qovuşdurdu. Hər şəhidin adı – millətin vicdanında əbədi yazıdır. Hər şəhidin ruhu – Vətən səmasının nurudur. Və hər şəhidin anım günü – bir millətin diriliş günüdür. Bu gün Sabuhi İbrahim oğlu Səmədovun ruhu şaddır, çünki o, öz missiyasını yerinə yetirib — Vətəni azad, xalqı başıuca edib. “Başın sağ olsun, Vətən! Sənin baş tacın – Şəhidindir. Sənin sabahın – Şəhidin nurundandır.” Ruhu şad, məkanı Cənnət olsun. Adı unudulmaz, izi silinməz. Qəhrəman Sabuhi Səmədov – Vətən oğlu, əbədiyyət yolçusu.
Mübariz Eldar oğlu “Veteran.az” qəzetinin Şirvan–Salyan regional yazarı