Şəhid Əliyev Araz Aydın oğlunun Anım Günü keçirildi
Bu gün Beyləqan rayonunun Qəhrəman Kəbirli kəndində 21 iyun 1984-cü il doğumlu Şəhid Əliyev Araz Aydın oğlunun Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsəd Məmməd, veteranlar, qazilər, şəhid ailələri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən AVMVİB sədri Əlövsəd Məmmədov, AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin ailəsinə başsağlığı verərək, təşkilat olaraq hər zaman şəhid ailələrinin yanında olduqlarını və onlara mənəvi dəstək göstərəcəklərini qeyd edib. O, şəhidlərin göstərdiyi qəhrəmanlığın və fədakarlığın əvəzinin olmayacağını vurğulayıb və onların adlarının tarixdə əbədi yaşayacağını bildirib.
Şəhid Əliyev Araz Aydın oğlu, 21 iyun 1984-cü ildə Beyləqan rayonunun Qəhrəman Kəbirli kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin ailəsi və yaxınları onun göstərdiyi igidlik və mübarizənin Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizəyə verdiyi töhfə olduğunu bir daha təsdiqləyiblər.
Tədbirin sonunda iştirakçılar şəhidin məzarını ziyarət edərək, ruhuna dualar oxuyub, onun əziz xatirəsini yad ediblər. Şəhidin məzarı önünə gül dəstələri qoyulub və ailə üzvlərinə dərin hörmət ifadə edilib.
Qarabağ bölgə müxbiri
Elçin Qədirov




