Mübariz Eldar oğlu yazır

Mübariz Eldar oğlu – “Veteran.az” qəzetinin Şirvan-Salyan regional yazarı
“Pişiyin ağzı ətə çatmayanda deyir ki, iylənib” – bu atalar sözü Rusiya xarici işlər naziri Sergey Lavrovun son bəyanatına ən tutarlı cavabdır.
Lavrov iddia edir ki, guya “Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşmasına şübhələr var.” Halbuki şübhə içində olan məhz özü və təmsil etdiyi Rusiyadır. Çünki artıq Qafqaz masasında pay bölgüsü aparılarkən Moskva kənarda qalıb.
Tarixi yada salaq:
Bu gün – 14 sentyabr 1991-ci ildə, yəni düz 34 il əvvəl Bakıda Azərbaycan Kommunist Partiyasının fövqəladə 33-cü qurultayı keçirildi və qəbul edilən qərarla Azərbaycan KP özünü buraxdı. Beləcə, 71 il xalqımızın taleyinə kölgə salan imperiya dayaqlarından biri tarixə qovuşdu. O vaxt Kreml əlindəki ən mühüm sütunlardan birini itirdisə, bu gün Lavrovun dili də Zəngəzurdan puç çıxan ümidlərinin ağrısını ifadə edir.
Sergey Lavrov yaxşı bilir ki, Zəngəzur dəhlizi artıq Rusiyanın deyil, Türk dünyasının geosiyasi damarıdır. Türkiyənin Qafqaza gəlməsi, Azərbaycanın müstəqil siyasəti və Qərbin bölgədə artan təsiri Moskvanın əsrlik hegemonluğunu sarsıdır.
Ona görə də Lavrovun sözləri “əlindən payı alınmış” bir adamın göynəyə-göynəyə danışığını xatırladır. Əslində bu, Rusiyanın Cənubi Qafqazdan kənarlaşdırıldığının dolayısı ilə etirafıdır.
Unutmasınlar ki, necə ki Azərbaycan Kommunist Partiyası dağılıb tarixin zibilliyinə atıldı, bir gün Rusiya da imperial xülyaları ilə birlikdə eyni aqibəti yaşayacaq. Çünki tarix həmişə zülmə və ədalətsizliyə qarşı hökmünü verir.
Bir daha xatırladırıq:
Azərbaycanın suveren qərarlarını heç kim şübhə altına ala bilməz. Necə ki, Kommunist Partiyası zamanında tarixin qaranlıqlarına gömüldüsə, bu gün də imperial iddialarına sarılan “derjava” eyni taledən qaça bilməyəcək.
Çünki tarix həmişə zülm və ədalətsizliyə qarşı hökmünü verir.