19.10.2025

Azərbaycanda “Adlar və soyadlar haqqında” qanun qəbul olunacaq

“Nazirlər Kabinetinin adlar və soyadlarla əlaqədar qərarı verildikdən sonra Azərbaycanda “Adlar və soyadlar haqqında” qanun qəbul olunacaq”. Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. O bildirib ki, adlar və soyadlarla əlaqədar aydınlaşdırılası məqamlar çoxdur: “Elmi baxımdan AMEA-nın komissiyası öz tövsiyələri hazırladı və Nazirlər Kabinetinə təkliflər verildi. Nazirlər Kabinetində bu məsələnin hüquqi tərəfləri öyrənilir. Amma hətta Nazirlər Kabinetinin qərarı olmuş olsa belə, yenə də qanuna ehtiyac olacaq. Çünki yalnız Nazirlər Kabinetinin qərarı ilə ad, soyad məsələlərini tam əhatə etmək mümkün deyil. Bu məsələnin mütləq hüquqi təfsiri olmalıdır”.

N. Cəfərov qeyd edib ki, yeni doğulan uşaqlara milli soyadların verilməsi daha asan Prosesdir: “Onlar soyadları yazılarkən asanlıqla “ov”, “yev”dən imtina etmək mümkün olur. Əvvəlki illərdə doğulan nəsillərin isə soyadlarını dəyişməsi üçün xeyli sənədlər tələb olunur. Çünki yaşlı adamın müxtəlif qurumlar qarşısında çoxlu öhdəlikləri var. Ona görə də adı və ya soyadı dəyişməkdə həmişə problem olur. Biz təklif edirik ki, ad və ya soyadı dəyişmək prosedurları sadələşdirilsin. Hazırda bu proses çox mürəkkəb olduğundan çox adam əlavə vaxt itirmək istəmir. Qarışıq ailələrdə də soyadla bağlı mübahisələr ortaya çıxa bilər. Bu halda da məhkəmələr vasitəsilə problemi həll eləmək mümkündür”.

Komitə sədrinin sözlərinə görə, hazırlanacaq qanunun əsas məqsədi yalnız Azərbaycanda ad-soyad məsələlərini tənzimləmək olmayacaq: “Nazirlər Kabinetinin qərarı təbii ki, yalnız ölkəni əhatə edəcək. Amma qanunda ümummilli xüsusiyyətləri, azərbaycançılıq anlayışlarını əhatə edə bilərik. Qanun dünyada yaşayan bütün azərbaycanlılar üçün də tövsiyə oluna bilər. Bunun üçün qanuna daha çox ehtiyac olacaq”. / APA

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: