19.10.2025

Rusiyanin 5-ci kalonu: 3 əsrlik xəyanət və bu günün haqsızlıqları

Tarix boyu xalqımızın başına gələn ən böyük fəlakətlərin səbəbi xarici düşmənlərdən çox, içimizdəki satqınlar olub. Atalar demişkən: “Ağacı qurt içindən yeyər.”


1723-cü ilin xəyanəti – 2025-ci ilin təkrarı


302 il əvvəl – 12 sentyabr 1723-cü ildə – Səfəvi dövlətinin şahı II Təhmasibdən xəbərsiz, onun elçisi İsmayıl bəy Peterburqda Rus çarı ilə danışıqlara oturdu. O, Dərbənddən Gilana qədər uzanan torpaqlarımızı özbaşına Rusiyaya verdi. Bu, sadəcə bir kağız parçası deyildi – bu, millətin gələcəyini satmaq, dövlətin ruhunu zəhərləmək idi.


Bu gün isə həmin “İsmayıl bəy”lər başqa ad altında qarşımıza çıxır. Dünən “Xəzər TV” – əsl V kalon kimi – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə qarşı qarayaxma kampaniyası apardı.
93 minlik bir veteran ordusunun adına ləkə vurmaq – xalqın vətənpərvərlik ruhuna atılan zəhərli oxdur. Bu, işğalçının silahı ilə deyil, satqının dili ilə xalqın ruhunu öldürməkdir.


Xəzər TV-nin susduğu həqiqətlər


Amma sual olunur: Xəzər TV nədən danışmır?
• Niyə veteranın aldığı 80 manatlıq müavinətin utanc gətirən qədər az olmasından söz açmır?
• Niyə “Müharibə sindromu” yaşayan qazilərimizin müalicəsiz qalmasından danışmır?
• Niyə minlərlə qazimizin hələ də veteran vəsiqəsi ala bilməməsindən bəhs etmir?
• Niyə öz kanalındakı əxlaqsız, milli-mənəviyyata yad verilişlərdən susur?
Əslində, Xəzər TV xalqın həqiqi problemlərini işıqlandırmalı olduğu halda, xalqın qəhrəman övladlarını gözdən salmaqla məşğuldur. Bu isə V kalonun əsl mahiyyətidir – düşmən zurnasına oynamaq.


Ali Baş Komandanın sözləri – V kalona cavab


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib: — “Veteranlara daim yüksək diqqət və qayğı göstərilməlidir.”
Dövlət başçısının bu sözləri dövlətin mövqeyidir. Əgər Xəzər TV bu çağırışı qulaq ardına vurub, əksinə, veteranların heysiyyətinə toxunursa, deməli, o, millətə yox, yad güclərə xidmət edir.
“Haqqa xidmət edən dil milləti dirildir, batilə xidmət edən dil milləti öldürür.”
Xəzər TV öz dilini batilə xidmət üçün işlədir. Bu, sadəcə bir televiziyanın səhvi deyil – bu, üç əsrdir davam edən xəyanət zəncirinin bu günkü halqasıdır. Tarix boyu satqınların aqibəti bəllidir. İsmayıl bəy kimi xəyanətkarlar nə tarixdə, nə də xalqın yaddaşında yaşamadılar. Onların adı xəyanət simvoluna çevrildi. Xəzər TV də bu yolla gedirsə, xalqın gözündə “V kalonun kanalı” kimi qalacaq.
Veteranın heysiyyətinə toxunmaq – xalqın ruhuna toxunmaqdır.
Veteranın haqqını tapdalamaq – Vətənin şərəfini tapdalamaqdır.
Xəzər TV unutmamalıdır ki, bu xalqın qanı ilə yazılmış tarixi heç bir qarayaxma ilə silinə bilməz.
Tarixin hökmü qətidir: Xəyanət bağışlanmaz.


Mübariz Eldar oğlu
“Veteran.az” qəzetinin Şirvan-Salyan regional yazarı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: