17.10.2025

AVMVİB-in Baş ofisində Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olundu

“Fedai.az”, “Veteran.az” və “Veteran TV” kollektivinin üzvləri və redaktor Fəxri Fərmanla təltif edildi


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev təşkilatın mərkəzi ofisində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə «Fedai.az», «Veteran.az» və «Veteran TV» internet televziyasının kollektivini qəbul etmişdir. Tədbirdə AVMVİB İdarə Heyətinin üzvləri, mətbuat xidməti əməkdaşları və redaktor Nurlan Məmmədli iştirak etmişdir.

Görüş zamanı çıxış edən sədr Füzuli Rzaquliyev vurğulamışdır ki, müasir dövrdə milli maraqların müdafiəsi, informasiya təhlükəsizliyinin qorunması, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığının cəmiyyətə çatdırılması kimi mühüm missiyanı öz üzərinə götürən mətbuat orqanları ilə sıx əməkdaşlıq vacibdir. O qeyd etmişdir ki, AVMVİB-in informasiya resursları – «Fedai.az», «Veteran.az» və «Veteran TV» – təkcə xəbərin deyil, həm də dövlətçilik mövqeyinin daşıyıcısı kimi daim öndə olmuş, Vətən müharibəsi dövründə və ondan sonra düşmən təbliğatına qarşı ardıcıl və prinsipial mövqe sərgiləmişdir.

Görüş zamanı AVMVİB sədrinin Birinci müavini Vahid Abdurəhmanov çıxış edərək bildirmişdir ki, AVMVİB-in Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın ilk döyüşçü-jurnalisti, tanınmış türkoloq mərhum Xaqani Ədəboğlunun mətbuat tariximizdəki yeri əvəzsizdir. O, yalnız cəbhə bölgəsində deyil, həm də informasiya cəbhəsində sözün əsl mənasında qəhrəmancasına mübarizə aparmışdı. Vahid Abdurəhmanov əlavə etmişdir ki, Xaqani Ədəboğlunun uzaqgörənliyinin bariz nümunəsi onun qurub yaratdığı mətbuat məktəbinin bu gün də davam etməsi, onun yetirmələrinin bu gün eyni vətənpərvərliklə fəaliyyət göstərməsi qürurvericidir.

AVMVİB-in Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Niyazi Quliyev isə çıxışında diqqətə çatdırmışdır ki, informasiya cəbhəsi bu gün də ən strateji sahələrdən biridir və burada çalışan hər bir jurnalistin, redaktorun fəaliyyəti dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etməlidir. O, AVMVİB-in mətbuat strukturlarının sadəcə informasiya daşıyıcısı deyil, həm də ictimai rəyə təsir edən, dövlətin və xalqın maraqlarını qoruyan ciddi platforma olduğunu vurğulamışdır.

Tədbirin sonunda AVMVİB sədri Füzuli Rzaquliyev təşkilatın rəhbər şəxsləri – sədrin I müavini Vahid Abdurəhmanov, NTK sədri Niyazi Quliyev və ictimai əlaqələr üzrə sədr müavini İslam Səfərovun iştirakı ilə saytların baş redaktoru Nurlan Məmmədlini “Azərbaycan milli mətbuatının 150 illik yubileyi” münasibətilə Fəxri Fərmanla təltif etmişdir.

Sonda görüş iştirakçıları birlikdə xatirə şəkli çəkdirmişlər.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-07-22-at-21-31-57
Whats-App-Image-2025-07-22-at-21-31-59
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: