09.07.2025

AVMVİB sədrindən Türkiyə xalqına başsağlığı

Türkiyə Respublikasının şimal İraq ərazisində həyata keçirdiyi “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində 2022-ci ilin 28 may tarixində terrorçular tərəfindən açılan atəş nəticəsində şəhid olmuş bir türk zabitinin nəşinin axtarışı zamanı faciəvi hadisə baş verib. Belə ki, cari ilin 6 iyul tarixində aparılan əməliyyat-axtarış tədbirləri zamanı mağarada metan qazının sızması nəticəsində 19 türk hərbi qulluqçusu zəhərlənmiş, onlardan 5 nəfəri şəhid olmuş, 10 nəfər isə müalicə üçün xəstəxanaya yerləşdirilmişdir.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və təşkilat adından şəhid olan qardaş Türkiyə əsgərlərinin ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verilmişdir.

AVMVİB sədri Füzuli Rzaquliyev başsağlığı müraciətində bildirmişdir:

“Türkiyə Silahlı Qüvvələrinin qəhrəman övladlarının şəhidliyi bizi dərindən kədərləndirdi. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Biz bu ağrılı günlərdə qardaş Türk xalqının yanındayıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa, ailələrinə səbir diləyirik. Allah Türkiyəmizi və ordusunu qorusun.”

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi şəhid olan türk əsgərlərinin müqəddəs ruhunu ehtiramla yad edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: