11.03.2025

AVMVİB kollektivi Xocalı soyqırımı abidəsini ziyarət etmişdir

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, həmçinin AVMVİB-in Bakı və Bakıətrafı rayon şöbə sədrləri və üzvləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət etmiş, Xocalı soyqırımı abidəsinin önünə gül-çiçək dəstələri düzmüş və faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev saytımıza açıqlamasında vurğulamışdır ki, müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. 1991-ci ilin oktyabrında isə şəhərin blokadası tam başa çatdırılmışdı. Artıq Xocalıya gedən bütün avtomobil yolları bağlandığından şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter isə 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatının dayandırılması, sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi. Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla — diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdür.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı soyqırımı onun qan yaddaşıdır. Xalqımız bu qan yaddaşını, Xocalı soyqırımını heç vaxt unutmayacaq! Bu soyqırımı törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları mənfur düşmənin hiyləgər məqsədini puç etdi. Xalqımız və Ordumuz 44 günlük Vətən Müharibəsi dövründə öz dövlətinin suverenliyi və ərazi bütövlüyünü bərpa etdi, şəhidlərin qanını yerdə qoymadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.

Allah rəhmət etsin!

AVMVİB-in Mətbuat xidməti

5330072797252285573

5330072797252285574

5330072797252285577

5330098219163708466-1

5330072797252285564

5330072797252285566

5330072797252285567

5330072797252285568

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: