AVMVİB kollektivi Daşaltı şəhidlərinin məzarını ziyarət etmişdir
Bu gün Daşaltı Şəhidlərinin 33-cü ildönümü ilə əlaqədar onların əziz xatirəsini yad etmək üçün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, həmçinin AVMVİB-in Bakı və Bakıətrafı rayon şöbə sədrləri və üzvlərinin iştirakı ilə Şəhidlər Xiyabanı ziyarət olunmuşdur. Ziyarət çərçivəsində Daşaltı əməliyyatında şəhid olmuş qəhrəman Vətən oğullarının məzarları gül-çimək dəstələri düzülmüş, Daşaltı Şəhidlərinin adları həkk olunan abidənin önünə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin kollektivi adından əklil qoyulmuş, bütün şəhidlərimizin ruhuna dualar oxunmuşdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin kollektivi şəhidlərimizin məzarı ilə yanaşı, eyni zamanda, Türk əsgərləinin məzarını da ziyarət etmiş, onların xatirəsini əbədiləşdirən abidənin önündə ruhlarına dualar oxumuşlar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev bu günün tarixi əhəmiyyəti ilə bağlı «Veteran TV» internet televiziyasına açıqlamasında bildirmişdir ki, Daşaltı əməliyyatı Azərbaycan hərb tarixinin şərəfli, lakin eyni zamanda, ağrılı səhifələrindən biridir. Bu gün biz burada yalnız şəhidlərimizin xatirəsini yad etmirik, həm də onların mübarizliyindən, vətənpərvərliyindən ilham alırıq. Bu qəhrəmanlıq dastanını gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq. Eyni zamanda, Türk qardaşlarımızın da ruhunu ehtiramla yad etmək bizim bir millət, iki dövlət prinsiplərinə bağlılığımızın bariz nümunəsidir. Bu abidələr bizə birlik və həmrəylik ruhunun əhəmiyyətini daim xatırladır. Biz hər bir şəhidimizin müqəddəs xatirəsini qorumağa və onların arzularını gerçəkləşdirmək üçün çalışmağa davam edəcəyik. Bu ziyarət, şəhidlərin və onların ailələrinin qəhrəmanlıq və fədakarlıqla dolu mirasını yaşatmağın həm ictimai, həm də mənəvi əhəmiyyətini bir daha təsdiq etdi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəmanlar heç vaxt unudulmayacaq!
Allah rəhmət etsin!
AVMVİB-in Mətbuat xidməti