AVMVİB kollektivi 20 yanvar şəhidlərini ziyarət edib
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, AVMVİB-in Bakı şəhər üzrə şöbələrinin sədrləri və üzvləri 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmiş, onların məzarları önünə qərənfil dəstələri düzülmüş və ruhlarına dualar oxunmuşdur. AVMVİB kollektivi tərəfindən təşkil olunmuş izdihamlı ziyarət, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə sadiqliyini, şəhidlərimizin müqəddəs xatirəsinə dərin hörmətini bir daha nümayiş etdirdi.
AVMVİB sədri Füzuli Rzaquliyev «Veteran TV»-yə verdiyi müsahibəsində qeyd etmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan tarixində yalnız bir hüzn günü deyil, eyni zamanda xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin şərəfli tarixidir. «Bu tarix təkcə bir xalqın başına gələn faciə deyil, həm də milli ruhun, azadlıq istəyinin, istiqlal yolunda göstərilən cəsarətin təcəssümüdür,» – deyə sədr vurğulamışdır. Onun sözlərinə görə, 20 Yanvar hadisələri uzun illər boyu sovet imperiyasının zülmü altında yaşayan xalqımızın azadlıq səsini bütün dünyaya eşitdirdiyi, müstəqillik uğrunda ilk ciddi addımı atdığı bir dönəmdir.
Füzuli Rzaquliyev həmçinin əlavə etmişdir ki, «20 Yanvar» faciəsi yalnız qanlı bir qətliam deyil, həm də Azərbaycanın Böyük Zəfərə aparan yolunun başlanğıcı olmuşdur. “Biz bu faciəni unutmamalı, onu hər zaman qəlbimizdə yaşatmalı və bu əzəmətli tarixi gənc nəsillərə çatdırmalıyıq. Bu günün dərslərindən nəticə çıxarmaq gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi üçün çox vacibdir,” – deyə AVMVİB sədri fikrini tamamlamışdır.
Tədbirdə iştirak edən AVMVİB üzvləri, şəhid ailələri və digər qonaqlar Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədə verdiyi qurbanların unudulmayacağını, onların əziz xatirəsinin daim uca tutulacağını ifadə etmişlər. 20 Yanvar faciəsi, Azərbaycan xalqının milli kimliyini təsdiq edən bir imtahan, azadlıq yolunda verilən mübarizənin simvolu kimi tariximizdə əbədi qalacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
AVMVİB-in Mətbuat xidməti