AVMVİB Şəki şəhər şöbəsi ofisinin açılışı olub
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şəki şəhər şöbəsinin ofisi əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Bir müddət əvvəl Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin qərarı ilə Vüqar Əmirəhmədov AVMVİB Şəki şəhər şöbəsinə yeni sədr təyin olunmuşdur. Bu təyinatdan sonra AVMVİB Şəki şəhər şöbəsinin fəaliyyətində köklü dəyişikliklər baş vermiş, o cümlədən təşkilatın inzibati binası tam yeni görkəm almış, inventarları yenilənmişdir.
Bununla əlaqədar olaraq, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şəki şəhər şöbəsi ofisinin əsaslı təmirdən sonra açılış mərasimi baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov çıxışında Şəki rayon şöbəsinə yaratdığı bu şəraitə görə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova öz təşəkkürünü və minnətdarlığını ifadə edərək vurğulamışdır ki, Elxan müəllim hər zaman cəmiyyətin bu həssas təbəqəsinin probemlərinin həllində birbaşa iştirak edir, onların qayğıları ilə yaxından maraqlanır və problemlərinin müsbət həlli tapması istiqamətində əlindən gələni edir.
Daha sonra çıxış edən (AVMVİB) Şəki şəhər şöbəsinin sədri Vüqar Əmirəhmədov bildirmişdir ki, bərbad vəziyyətdə olan ofisin tam təmir olunmasında və digər ofis avadanlıqlarının əldə olunmasında rayon ictra hakimiyyətinin rəhbərliyinə öz təşəkkürünü ifadə etmişdir.
Tədbirdə AVMVİB Şəki şəhər şöbəsinin sədr müavini Xeyrəddin Abidov, Şəki şəhər Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, Qarabağ əlilləri, şəhid ailələri və Veteranları İctimai Birliyinin Şəki rayon şöbəsinin nümayəndəsi, I qrup müharibə əlili Paşa Məmmədov, Azərbaycan Respublikası Əfqanıstan Müharibəsi Veteranlarıİctimai Birliyinin Şəki rayon şöbəsinin sədri Nazim Yusifov, Azərbaycan Respublikası Gözdən Əlillər İctimai Birliyinin Şəki şəhər şöbəsinin sədri Əyyub Əslanov öz çıxışlarında dövlətin qayğıya ehtiyacı olan vetetran və əlillərə göstərdiyi diqqətdən danışmış, yeni ofisin açılışı ilə bağlı AVMVİB Şəki şəhər şöbəsinin rəhbərliyini və üzvlərini təbrik etmişlər. Tədbirdə həmçinin Şəki rayonu üzrə müharibə əlilləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri də iştirak etmişdir.
AVMVİB Mətbuat xidməti