** ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ **
Yunis Əsgər oğlu Əliyev (9 oktyabr 1958, Qızılhacılı, Qasım İsmayılov rayonu – 5 may 1992, Talış, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Həyatı — Əliyev Yunis Əsgər oğlu 1958-ci il oktyabrın 9-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdu. 1973-cü ildə həmin kənddə səkkizinci sinfi bitirmiş, sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 nömrəli texniki-peşə məktəbində davam etdirmişdi. Yunis 1976-cı ildə ordu siralarına çağırılmış və hərbi xidmətini Tacikistanda başa çatdırmışdı. Ailəsi — Ailəli idi. İki övladı var. Döyüşlərdə iştirakı — 1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyona üzv yazılmışdı. Erməni ordusuna qarşı ilk döyüşü Ağdərə bölgəsində olmuşdu. O, 1992-ci il mayın 4-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən bölük Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün «Yaltaxıl» adlı əməliyyat planı hazırlamışdı. Həmin əməliyyat uğurla başa çatmışdı. Bir gün sonra ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərindən çəkilməli olmuşdular. Elə həmin döyüşdə Yunis erməni gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Onun meyiti 43 gündən sonra Talış kəndi azad edildiyi zaman tapılmışdı. Milli Qəhrəman — Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb. Yunis Əliyev 1992-ci il iyunun 16-da Qızılhacılı kəndində dəfn olunub. Qızılhacılı kənd 3 nömrəli uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulub. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.
Mübariz Eldar oğlu — AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri