18.10.2024

Bu günün qısa xronikası

5 oktyabr 2020 — Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə almışdır. Ermənistan tərəfi Azərbaycan Ordusu tərəfindən Xankəndi şəhərinə 16 raket zərbəsinin endirildiyini açıqlamışdır.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuşdur.

Saat 11:40 radələrində Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalmışdır.

Təxminən 1 saat sonra Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri raket zərbələri ilə atəşə tutulmuşdur.

Hikmət Hacıyev özünün «Twitter» səhifəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Bərdə və Beyləqan şəhərlərinin sıx məskunlaşmış ərazilərini raket və mərmi atəşinə tutduğunu açıqlamışdır.

Ermənistan tərəfi gecə ərzində şiddətli döyüşlərin getdiyini bildirmiş[230] və Azərbaycan Ordusunun cənub istiqamətində hücuma keçdiyini açıqlamışdır.

Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, Gəncə şəhərinə atılmış raketlərin Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, «Yevlax avtovağzalı» kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, mülki infrastruktura külli miqdarda ziyan dəymişdir. Eyni zamanda, Beyləqan şəhərinə atılmış 2 ədəd raket mərmisindən 1 ədədi uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşmüşdür.

Saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini atəşə tutmuş, mülki şəxslər arasında yaralıların olması haqqında məlumat verilmişdir. Həmçinin düşmən ordusu Beyləqan şəhərini atəşə tutmuşdur.

Saat 5 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 ədəd tankının məhv edilməsi barədə məlumat yayımlamışdır.[239][240] Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 «Qrad» yaylım atəşli reaktiv sistemi məhv edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Ağcabədi rayonuna 3 raket atılmış, atılmış raketlərdən birinin evə düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəymişdir.

Saat 20:00 radələrində Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutmuşdur. Erməni silahlı qüvvələrinin Ağdam rayonunun müxtəlif istiqamətlərində intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Rəhimov Eyvaz Musa oğlu həlak olmuş, rayonun Üçoğlan kənd sakini 1971-ci il təvəllüdlü Səfərov Mehman Ağalar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Bundan başqa, düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakinləri 1955-ci il təvəllüdlü Abbasova Raziyə Bayraməli qızı həlak olmuş, eyni zamanda top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Həsənov Məşdi İbrahim oğlu, sonuncunun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Ələkbərov Rasim Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.

Prezident İlham Əliyev özünün «Twitter» səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcallı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi işğaldan tam azad etdiyini açıqlamışdır.

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 «Qrad»ı sıradan çıxarılıb. Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də Azərbaycan Ordusunun sərrast atəşi ilə məhv edilmişdir.

Mübariz Eldaroğlu,
AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: