20.09.2024

AVMVİB sədri: «Azərbaycanın Suverenliyi Günü tariximizin şanlı səhifəsidir»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından doğan qürur hissini Veteran.az saytı ilə bölüşmüşdür.

AVMVİB sədri saytımıza açıqlamasında bildirmişdir ki, 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və suverenliyinə nail olmuşdur.

Füzuli Rzaquliyev onu da əlavə etmişdir ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir.

«19 sentyabr tarixinin Azərbaycan Respublikasının Suverenliyi Günü kimi tarixə keçməsi xalqımızın qəhrəmanlıq salnaməsinin şərəfli bir parçası, şanlı bir səhifəsidir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə, veteranlarımıza və müharibə əlillərimizə cansağlığı nəsib etsin! Ali Baş Komandan İlham Əliyev cənablarına isə bu şanlı tarixi yazmaq yolunda Allah yar və yardımçısı olsun» — deyə Füzuli Rzaquliyev fikrini yekunaşdırmışdır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: