AVMVİB sədri Füzuli Rzaquliyev xalqımızı Bahar bayramı münasibəti ilə təbrik etdi
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan xalqını, o cümlədən Vətən müharibəsi veteranlarını, şəhid ailələrini, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, ordumuzun şəxsi heyətini tarixi minillərlə ölçülən və milli adət-ənənələrimizdə özünəməxsus yeri olan Bahar bayramının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edib.
Təbrikdə deyilir:
«Bu gün artıq biz Novruz bayramını suveren Azərbaycan torpaqlarının hər bir guşəsində, alın açıqlığı ilə qeyd edirik. Qoy, şəhidlərimizin ruhu şad olsun! Ali Baş Komandan İlham Əliyev cənabları hər zaman dərin inam və əminliklə deyirdi ki, biz işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcəyik və o torpaqlara yenidən qayıdacağıq. Bizim işimiz haqq işidir, biz haqq yolundayıq, biz haqqımız olan torpaqlarımızı geri alacağıq. Bəli, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbə vuraraq torpaqlarımızdan qovdu. Ədaləti bərqərar etdi. Azərbaycan xalqının, dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımızın torpaq həsrəti sona çatdı.
Novruz bayramını indi Qarabağda qeyd edirik, əsgərlərimiz Şuşada Novuz tonqalı ətrafında bu əziz bayramı sevinclə, böyük coşqu və təntənə ilə qeyd edirlər, bayram süfrəsini 30 ildən sonra bu dədə-baba torpaqlarımızda açırıq. Qarabağda daha Xarı bülbülün də nisgili yoxdur, Novruz səmənisi də Qarabağda boy atır».
AVVMİB sədri Novruz bayramının tarixi əhəmiyyətinə toxunaraq vurğulamışdır:
«Azərbaycan xalqının milli-mənəvi dəyərlərində xüsusi yeri ilə seçilən Novruz bayramı digər mənəvi sərvətlərimiz kimi zaman-zaman qadağalarla üzləşmiş, 70 illik sovet əsarəti dövründə imperiyanın repressiya dalğası başqa maddi-mənəvi sərvətlərimiz kimi Novruz bayramından da yan keçməmiş, onun qeyd olunması yasaqlanmışdır. Ümummilli lider Heydər Əliyev Novruz bayramına böyük önəm verirdi. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuş, beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir».
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bayram münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edərək əlavə etmişdir:
«Bu gün hər bir şəhidimizi rəhmətlə anaraq xalqımızı, bütün hərbi xidmətdə olan döyüşçülərimizi, qazilərimizi, Vətən müharibəsi veteranlarımızı, şəhid ailələrini, Azərbaycan xalqını və Azərbaycandan kənarda yaşayan soydaşlarımızı təbrik edirəm!
Bayramınız mübarək!»
AVMVİB Mətbuat xidməti