21.11.2024

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Qanunu

Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda
həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.

Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı
Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda
həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri
hesab edilir:
— ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq
imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar,
qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas
məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri
bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs
yoxdursa babalar və nənələr.
Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası
Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu
verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir.
Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər.
Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec
olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd
verməlidir.
Maddə 3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin
hüquqları
Bu Qanunun 1-ci maddəsində göstərilən əlamətlər üzrə həlak olmuş şəxslərin xatirəsini
əbədiləşdirmək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
— qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması;
— şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə,
məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi.
Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada aşağıdakı təminatlar verilir:
— ailə başçısını itirməyə görə əmək pensiyası təminatı «Əmək pensiyaları
haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir;
— valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18
yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan
Respublikasının Prezidenti] tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət
təyin edilir;
— işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir,
müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin
olunur;
— mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq
danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən
(taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir;
— həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir;
— dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil
alanlar təhsil haqqını ödəməkdən azad olunurlar;
— tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort
müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş
qaydada təmin edilirlər.
Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi
Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq
surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilir.
Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci
növbədə təmin olunurlar.
Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli
ssuda,yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq
sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.
Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat
əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.
Maddə 5. Şəhid və şəhid ailələrinin məsələləri ilə məşğul olan dövlət
orqanları və onların qarşılıqlı əlaqəsi
Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul
olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və
təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi,
habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.
Maddə 6. Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri
Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən,
ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici
təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilir.
Bu Qanunla nəzərdə tutulan pensiya və müavinətlər üçün tələb olunan xərclər Dövlət
Sosial Müdafiə Fondu hesabına ödənilir.
Maddə 7. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli qaydası
Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan
Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV
Bakı şəhəri, 3 sentyabr 1993-cü il
№ 697

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: