1 avqust — Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Ana dilimizi müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətinə çevirən Ümummilli lider Heydər Əliyevin ən güclü silahlarından biri söz idi. Azərbaycan dilinin dövlət dili kimi inkişafı onun adı ilə bağlıdır.
Bəli, həqiqətən onun natiqlik məharəti incəliklərinə qədər cilalanmışdı. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” — Ulu Öndər Heydər Əliyev.
Heydər Əliyev Azərbaycan publisistikasının əsas vəzifələrindən bəhs edərkən gənclərdə vətənpərvərlik ruhunun tərbiyəsini, milli adət və ənənələrə riayət etməyi, vətənə sədaqətlə xidmət göstərməyi, ana dilinin saflığını qoruyub saxlamağı və mükəmməl bilməyi də ön plana çəkirdi. Ümummilli liderin «Dil böyük bir aləmdir» kəlamı da bu dahi insanın sözə, onun qüdrətinə verdiyi qiymətin daha bir nümunəsi, təsdiqidir.
Mübaliğəsiz, tam qətiyyətlə deyə bilərik ki, Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb.
Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xəttini inamla, layiqincə davam etdirən Prezident İlham Əliyev də doğma dilimizin inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə davamlı şəkildə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Qətiyyətlə deyə bilərik ki, bu gün ana dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci vitse-prezident Mehriban Əliyevadır.
Azərbaycan dili dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç nəyi ola bilməz. Ana dilimizi sevək, öyrənək və gələcək nəsillərə ləyaqətlə çatdıraq.
Heydər Əliyevin dediyi kimi, «Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi etmisdir. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini — dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir». Tarixi keçmişimizi özündə yaşadan qədim və zəngin mədəniyyətə sahib ana dilimizi qoruyaq, yaşadaq və inkişaf etdirək! Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun.