26.02.2024

Türkiyədə kursları bitirən azərbaycanlı hərbçilərə diplomlar verildi

Türkiyə Milli Müdafiə Universitetinin növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Bu barədə Veteran.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Türkiyə Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin edən hərbi təhsil müəssisəsindən 19 ölkəni təmsil edən 91 hərbi qulluqçu da daxil olmaqla ümumilikdə 249 hərbi qulluqçu məzun adını qazanıb.

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, təhsil proqramı üzrə “Qərargahın idarə edilməsi” və “Qərargah zabitinin hazırlığı” kurslarını müvəffəqiyyətlə bitirən Azərbaycan Silahlı Qüvvələrinin 42 hərbi qulluqçusuna diplomlar təqdim edilib.

Tədbirdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov azərbaycanlı zabitlərlə görüşərək onları Türkiyənin nüfuzlu hərbi təhsil müəssisəndən məzun olmaları münasibətilə təbrik edib. Hərbi attaşe onların ölkə xaricində aldığı biliklərlə yüksək ixtisaslı kadr kimi Azərbaycan Silahlı Qüvvələrinin dayanıqlı inkişafına töhfə verəcəklərinə əminliyini vurğulayaraq zabitlərimizə Azərbaycan Ordusunun müdafiə qüdrətinin inkişafı naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Türkiyə milli müdafiə naziri Yaşar Güler və qoşun növü komandanlarının müşayiəti ilə buraxılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan məzunları təbrik edərək, onlara ən səmimi arzularını çatdırıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: