27.07.2024

Füzuli Rzaquliyev: «Xocalı soyqırımı hec vaxt unudulmayacaq»

Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birlyinin (AVMVİB) sədri

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Veteran.az xəbər verir ki, bunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birlyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Xocalı soyqırımı abidəsini ziyarət edərkən deyib.

AVMVİB sədri bildirib ki, Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla — diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. 1991-ci ilin oktyabrında isə şəhərin blokadası tam başa çatdırılmışdı. Artıq Xocalıya gedən bütün avtomobil yolları bağlandığından şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter isə 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatının dayandırılması, sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi. Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular.

44 günlük Vətən  Müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Bu il də Xocalı soyqırımını 31 il sonra torpaqlarımızın işğaldan azad edilməsi fonunda yad edirik. Lakin tarix heç vaxt unudulmur və tarix onu unudanları bağışlamır.

Tezliklə Xocalıda görüşəcəyimizə əminən!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: